“Molotov kokteyli”nin duzu

Dünya şöhrətli kimyaçı alim, akademik Yusif Məmmədəliyevin həyat və yaradıcılığı ilə tanış olduqca heyrətlənməyə bilmirsən. 56 yaşa sığdırılan möhtəşəm karyera, dünya əhəmiyyətli elmi kəşflər onun dahiliyindən xəbər verir. Ikinci dünya müharibəsi və ondan sonrakı dövrdə yanacaq sahəsində etdiyi kəşflər hərbi sənayedə inqilaba gətirib çıxardı. Qırıcı təyyarələr üçün yanacaq alan akademikin  Nobel mükafatına namizədliyindən isə… son anda “vaz keçilmişdir”. Başda marşal Baqramyan (o zaman erməni marşal, müdafiə nazirliyinin baş inspektoru idi – X.Ə.) olmaqla, Stalinin ətrafındakı ermənilər açıq şəkildə bunu əngəllədilər. O, Y.Məmmədəliyevin namizədliyi üçün çağırılmış komitə iclasına açıq məktub göndərdi. Iclasdakı iki erməni generalı da buna qarşı çıxdı və beləliklə, akademikin namizədliyi təxirə salındı. Lakin bütün bunlara baxmayaraq Yusif Məmmədəliyev dünyanın ən parlaq zəka sahiblərindən biri kimi tarixdə yaşayacaq. 

Yazını bura qədər oxuyan və başlığa yenidən nəzər salan bəzi oxucular öz-özünə sual verə bilərlər ki, bunun Yusif Məmmədləyevə nə dəxli var? Hanı Siyavuş Novruzov?.. Haqlı sualdır, amma sizi əmin edirəm ki, yazını sonadək oxusanız, özünüz görəcəksiniz ki, bu iki, daha dəqiq desək üç “məsələ” əslində bir-birinə birbaşa bağlı anlayışlardır. Tələsməyin… 

Azərbaycan müstəqillik qazandıqdan sonra hər kəs ümid edirdi ki, Azərbaycan dünyaya yeni yusif məmmədəliyevlər, bəşəri kəşflər bəxş edəcək. Zarafat deyildi, dünyaya sərbəst çıxma imkanımız yaranmışdı, nə Moskvanın, nə də bədnam qonşularıımızın bizi əngəlləmək şansları, demək olar, sıfıra enmişdi. Atalar yaxşı deyiblər, sən saydığını say, gör fələk nə sayır. 

Fələk rolunu isə, Əliyevlər rejimi oynadı. Təhsil və elmimizin SSRI dövründə təməli qoyulan rüşvət sistemi müstəqillik dövründə elə bir hala gətirildi ki, elm və təhsil haqqında bu gün keçmiş zamanda danışmağa başlamışıq. Sovet dövründə yalnız qəbul imtahanlarında yığılan rüşvətə, müstəqillik dövründə “semestr”, “zaçot-imtahan” da əlavə olundu. Tələm-tələsik orta məktəbdə müəllimlik hüququ verən “pedməktəb”lər, kolleclər, obrazlı desək, “diplom dükanları” açdılar.

Beləliklə, elm və təhsil iri məmurların inhisarına keçdi. Kassasından başqa heç nəyi ilə yadda qalmayan özəl universitetlər yağışdan sonra bitən göbələk kimi çoxalmağa başladı. Elmi dərəcələri isə məmurlar arasında bölüşdürülməyə başladılar. Cəmi bir neçə il ərzində elmlər doktoru olmaq məmur və deputatların sevimli hobbisinə çevrildi. Sadəcə bir misal çəkim. Bir keçmiş rektor, hazırda isə elmə “cavabdeh” deputatın həyat yoldaşının elmlər namizədi adı ilə elmlər dokturu adı arasındakı məsafə hətta… Yusif Məmmədəliyevinkindən də qısadır. Professorun  mütləq professorla bir yastığa baş qoyması, razılaşın ki, nə elmin inkişafına, nə də cinsi əlaqənin keyfiyyətinə müsbət təsir göstərir. Bunun adı sadəcə görməmişlik və acgözlükdür… 

Milli Məclisin digər bir komissiya sədri Siyavuş Novruzovun “Molotov kokteyli”nə “Molotov kotleti” deməsi, bir deputatın dil sürüşməsi kimi qəbul edilə bilər. Lakin məsələyə deputatın hüquq elmləri namizədi və aktiv siyasətlə məşğul olması prizmasından yanaşanda ortaya maraqlı suallar çıxır. “Molotov kokteyli” termini hüquq və siyasətdə ən aktiv işlənən terminlərdən biridir. Hüquqşünas və siyasətçinin baytarlığa aid olan “süni mayalanma” terminində səhvini haradasa qəbul etmək olar. Şəxsən mən deputatdan üzrxahlıq gözləyirdim. Dünya dağılmazdı ki… Lakin o bu səhvindən də istifadə edərək müxalifətə saldırdı. Ən azı bu dəfə səbr etmək olardı.

“Molotov kokteyli” məsələsində Siyavuş Novruzova iradlarım bununla bitmir. Bir azərbaycanlı, nəhayət naxçıvanlı elmlər doktoru kimi o, “Molotov kokteyli” haqda geniş bilgiyə sahib olmalı idi. Məsələ burasındadır ki, bu maddənin ən mükəmməl variantı elə yuxarıda bəhs etdiyim dahi həmyerlimiz Yusif Məmmədəliyevin adı ilə bağlıdır. Onun “müdaxilə”sindən sonra əvvəlki “Molotov kokteyli” ilə bugünkünün arasında, loru dildə desək, atla eşşək arasındakı qədər fərq var. Tərkibində daha keyfiyyətli liqroin yağı, nazik ampulada kislota, nəhayət, bertolet duzu olan “Molotov kokteyli” analoqlarının içində ən vahiməlisidir.  

Obrazlı şəkildə desək, Yusif Məmmədəliyevə qədər “Molotov kokteyli” duzsuz idi…

…Illər keçəndən sonra dahi alimin başqa bir həmyerlisi, özü də elmlər doktoru bu kokteylə bir az da “duz” əlavə etdi. 

Gerisini ermənilər düşünsün!