Kim kimdir?

Bu yaxınlarda, dostumuz və qardaşımız Zamin Hacının sözü olmasın, telekanalizasiyaların birində xalqımızın bəzi mütəfəkkir nümayəndələrindən Markesin kim olduğunu soruşublar, aktrisa Amaliya Pənahovadan tut, meyxanaçı Kərimədək Nobel ödüllü yazıçını heç biri tanımayıb, indi hərə bir tərəfdən kağız-qələmə sarılıb bu möhtərəmləri topa tutmaqdadır. Guya, Amaliya Pənahovanın borcudur ki, Markesi tanısın, yaxud hansısa meyxanaçı onun əsərlərini-filan oxusun.

Əvvəla, “Qara Qarayev kimdir?” sualına “metrodur” cavabı verilən bir ölkədə kimdənsə “Markes kimdir?” sualına cavab istəmək komediyadır.

Ikincisi, sanki Markes Amaliya xanımı tanıyırdımı? Yaxud rəhmətlik bircə yol meyxana deyə bilərdimi? Roman yazmağa nə var e, oğul odur ki, qafiyə açsın. “Patriarxın payızı”nı Yunus Oğuz, Rəşad Məcid zad-da yazar, oğulsan “Dolya Vorovskaya” oxu, deyim hə.

Ümumiyyətlə, biz gərək belə məsələlərdə vətənpərvər olaq, özümüzünküləri hansısa kolumbiyalının ayağına verməyək. Qoy zəhmət çəkib bir az da xaricilər bizimkiləri tanısınlar. Bilirsiniz ki, keçənlərdə bizim bəzi yolunu azmış cavanlarımız gedib bulvarda “Harlem Shake” oynamışdılar, indi buna görə onları haqlı olaraq türməyə doldurublar. Axı bu cavanlardan soruşmaq lazımdır, nə gəlib özümüzün “Cütçü”müzə, “Heyvagülü”müzə… Hanı sizin milli təəssübkeşliyiniz? Harda qaldı sizin vətən sevginiz, torpaq məhəbbətiniz?

Üçüncüsü, indi siz hansısa aktrisanı, meyxanaçını Markesi tanımadığına görə topun ağzına qoyub atırsınız, amma Prezident Administrasiyasının şöbə müdirinin, üstəlik, tarixçi olduğu halda, Çe Gevaranı tanımadığını niyə unudursunuz? Bir neçə il əvvəl bir dəstə gənc Bakının hansısa kafesində yığışıb Çe Gevaranın 80 illiyini qeyd etmək istəmişdi, amma partiya və hökumətimiz çox ayıq tərpənib bu xəyanətkar tədbirin qarşısını almış, həmin vaxt şöbə müdiri Əli Həsənov demişdi: “Mən tarixçiyəm. Amma Çe Gevaranın adını birinci dəfə bu olayda eşitmişəm”.

Siz də başlamısınız, Markes oradan gəldi, meyxanaçı Kərim burdan getdi. Ümumiyyətlə, ölkəmizdə hansısa məşhurun ad və ya ölüm günündə “filankəs kimdir?” tipli sorğular keçirmək son illər dəbə düşüb, lap rayonların işğal tarixləri ilə bağlı sorğu keçirmək kimi. Bir də görürsən küçədə hansısa telekanalizasiya müxbiri mikrafonu az qala, gözünə soxub soruşur: “Şuşanın işğal günü nə vaxtdır?”

Guya, Şuşanın işğal gününü bilmək vətənpərvərliyin pik nöqtəsidir, əksi isə vətənə xəyanətdir. Işğaldakı torpaqların nə vaxt azad ediləcəyini soruşmağa cəsarətləri çatmayanlar işğal günlərinin əzbərlənməyin böyük mərifət olduğunu zənn edirlər. Hələ hansısa rayonun işğal günündə konsert-filan olmasına görə vətənpərvərlik damarı fontan vuranlara nə deməli? Guya, bu rayonlar ancaq həmin günlərdəmi işğalda olur? Bəs ilin qalan günləri?

Belə çıxır, ilboyu hər cür şitlik, şənlik eləmək olar, amma işğal günlərində qaşqabaq sallamaq, kədərli görünmək kifayətdir ki, vətənpərvərliyini sübut edəsən. Yox, yox, demirəm, elə ilin 365 günü zarıldayaq. Sadəcə, vətənpərvərliyin belə xırda, cılız ölçüləri adamı iyrəndirir.

“Markes kimdir?” tipli sorğular da elə bunu kimi. Guya bu sualın cavabını bilmək nəyin göstəricisidir. Intellektuallığın, ya nəyin? Əlbəttə, bir insan haqqında fikir yürütmək üçün belə adi epizodlar önəmlidir, amma həlledici deyil. Qoy Azərbaycanda əvvəlcə hərə özü üçün aydınlaşdırsın, dəqiqləşdirsin ki, bu ölkənin özündə kim kimdir, kim hansı yuvanın quşudur. Markesin-filanın davasını sonra döyərik.

Yoxsa sizə o qədər adam göstərim, Markesi tanıyır, hətta dərinə getsən, hekayələrindən girib romanlarından çıxır, amma dilləndirsən “Taleh Heydərov kimi qəlbi vətən üçün döyünən beşcə nazir oğlu da olsa…” sözləri ilə elə cümlələr quracaq, qalacaqsan belə:

Mat və məəttəl…