
Bakıda beynəlxalq hotellər qəribə şəkildə bəzi QHT-lərə xidmətdən imtina edir
Rebekka Vinsent “Azadlıq” radiosu
Aprelin 15-də Bakıdakı “CW Marriott Absheron” mehmanxanası bir QHT-nin işini pozub. Qadınların Rasional Inkişafı Assosiasiyasının rəhbəri Şəhla Ismayılın sözlərinə görə, hotel rəhbərliyi həmin mehmanxanada keçirilməsi planlaşdırılan tədbirə yer verməkdən imtina edib və tədbirin başlamasına 1 gün qalmış əvvəlki razılaşmanın ləğvi haqda onlara xəbərdarlıq göndərib. Mehmanxana öz qərarının səbəbini izah etmir, halbuki tədbir barədə razılaşma bundan 15 gün əvvəl əldə edilmişdi, hərçənd hotel son günədək heç bir rəsmi müqavilə imzalamamışdı.
Adı gedən tədbir “Qadınlar sülh yaradıcılığında” mövzusuna həsr olunmalı idi. Toplantıda Dağlıq Qarabağ münaqişəsinə dair 1 ildir davam edən layihənin gedişinin müzakirəsi nəzərdə tutulurdu.
“Bu, (hotelin qərarı) çox gözlənilməz oldu. Çünki biz bundan əvvəl ”Marriott”da problemsiz olaraq 3 tədbir keçirmişdik. Ən pisi bu idi iki, onlar tədbiri iş gününün qurtarmasına bir saat qalmış ləğv etdilər və biz təzə yer tapa bilməzdik. Belə görünür ki, onlar işimizi pozmaq üçün bunu bilərəkdən etmişdilər. Mən bilirəm ki, Bakının hotellərində son 2 həftədə ən azı 4 belə hadisə baş verib. Bu, çirkin oyunun bir hissəsidir”- Şəhla Ismayıl bildirir.
“Marriott” hotelinin bu tədbiri ləğv etməsi Bakının başqa beynəlxalq hotellərində baş verən buna bənzər hadisələrin yalnız biridir. Beynəlxalq hotellərin, xüsusən də insan haqları və demokratiya sahəsində fəaliyyət göstərən QHT-lərin tədbirlərini ləğv etmələri, bu tədbirlərin işinə müdaxilə etmələri barədə məlumatlar vardır. Nəticədə bu QHT-lər öz fəaliyyətlərini həyata keçirmək üçün yer tapa bilmirlər.
Oxşar hadisələr
Buna bənzər hadisənin “Radisson” və “Park Inn” hotelində baş verdiyi barədə bir neçə məlumat var. Yanvar ayında, Azərbaycanda insan haqları və demokratiyanı incəsənət vasitəsilə təbliğ edən “Demokratiya Naminə Incəsənət” kampaniyasının bu hoteldə planlaşdırdığı tədbir gözlənilmədən pozulub.
Tədbirdə sənət ifadəsinin azadlığına dair sənədli film nümayiş olunmalı idi. Lakin son anda hoteldə işıqlar kəsilib, özü də elektrikin kəsilməsi yalnız filmin göstəriləcəyi mərtəbədə baş verib. Hotel işçiləri bildiriblər ki, buna səbəb texniki nasazlıq olub, lakin sonradan kampaniyanı aparanlara qeyri-rəsmi olaraq bildiriblər ki, hotelin menecmentinə təzyiq göstərilib.
Fevral ayında Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutu (RATI) media haqları təşkilatı xəbər verib ki, “Park Inn” hotelinin menecmenti təşkilatın konfransını tədbirə 4 gün qalmış ləğv edib, halbuki 10 gün əvvəldən müqavilə imzalanmış, RATI konfrans üçün yerpulu ödəmişdi. Tədbirin ləğv edilməsinə heç bir səbəb göstərilməyib. Hadisə barədə RATI-nin sədri Emin Huseynov “Park Inn” mehmanxanasının da daxil olduğu Rezidor Hotellər Qrupunun prezidenti və icraçı direktoru Wolfgang M. Neumann-a məktubÿ yazsa da cavab almayıb.
RATI xatırladır ki, “Park Inn” bundan əvvəl də – 2013-cü ildə təşkilatın daha bir tədbirini bu tədbirə bir saat qalanda ləğv edib. RATI həmçinin bildirir ki, “Park Inn”dən başqa “Hilton” və “Four Season” hotelləri də təşkilatın tədbir keçirməsinə icazə verməyib.
Başqa bir müstəqil QHT – Seçkilərin Monitorinqi və Demokratiya Araşdırmaları Mərkəzi də məlumat verir ki, “Park Inn”, habelə “Hyatt Regency” hotelləri də təşkilatın tədbir keçirmək müraciətlərini dəfələrlə rədd edib.ÿ
“Azərbaycanda müstəqil QHT-lər, demək olar, hər gün təhdid və təqiblərlə üzləşir. Beynəlxalq hotellərin bizə qarşı ayrı-seçkiliyi və təxribat xarakterli davranışı vəziyyəti daha da ağırlaşdırır. Peşəkarlığın standartlarına və korporativ sosial məsuliyyətlərinə sadiq qalmaq əvəzinə bu hotellər Azərbaycan hakimiyyətinin təzyiqlərinə boyun əyirlər” – deyir RATI sədri Emin Hüseynov.ÿ

Şirkətin sosial məsuliyyəti
Əlbəttə, sözü gedən hotellər məxsusi olaraq insan haqlarının da daxil olduğu korporativ sosial məsuliyyət prinsipinə sadiq olduqlarını ifadə ediblər. “Marriott” hotelinin internet saytında deyilir: “Marriott, şirkətin nüfuz dairəsində olan insan haqlarını dəstəkləyir və bu haqlara hörmət edir”.
Aprelin 15-də “CW Marriott Hotel Absheron” mehmanxanasında baş vermiş hadisə barədə suala cavab olaraq hotelin rəhbəri deyib ki, “Marriott qlobal qonaqpərvərlik şirkəti olaraq insan haqlarını dəstəkləyir və ona hörmət edir. Şirkət bu sahədə daxili və xarici proqramlar həyata keçirir, icmalarla əlaqələrə və insan haqları təşkilatları ilə əməkdaşlığa diqqət yetirir. Lakin sifarişçi tərəf tədbirin vaxtı və başqa müqavilə öhdəliklərinə əməl etmədikdə biz biznesdən imtina etmək hüququna malikik”.
“Rezidor” Hotellər Qrupunun internet saytında qeyd olunur ki, təşkilat Birləşmiş Millətlərin Global Compact Konvensiyasına imza atıb və onun on prinsipinə əməl edir. Bu prinsiplərdən birində deyilir ki, “bizneslər beynəlxalq aləmdə qəbul edilmiş insan haqlarını dəstəkləməli və onlara ehtiram göstərməlidirlər və özləri insan haqları pozuntularına bulaşmamalıdırlar”. Biz “Park Inn Baku” mehmanxanasında baş verən hadisələr barədə “Rezidor”a müraciət edəndə qrup bildirdi ki, vəziyyət araşdırılır.
Azərbaycan və insan haqları
Bu hadisələr Azərbaycanda müstəqil QHT-lərə təzyiqlərin yalnız bir növüdür. 4 insan haqları fəalı hazırda siyasi motivli ittihamlarla tutulub saxlanıb və ya həbsxanadadır.
Parlament QHT-lərin ianələr almasınıÿməhdudlaşdıran, onların fəaliyyətini əngəlləyən qanunlar qəbul edir. Bu qanunlar hakimiyyətə onun xoşuna gəlməyən qrupları asanlıqla bağlamaq imkanı yaradır.
QHT-lərin qeydə alınması son dərəcə siyasiləşdirilib, demokratiya və insan haqları ilə məşğul olan QHT-lərin qeydiyyata alınmasında əsassız çətinliklər yaradılır. Seçkilərin Monitorinqi və Demokratiya Araşdırmaları Mərkəzi barədə qaldırılmış cinayət işinin davam etməsi qeydiyyatsız QHT-lərə hakimiyyətin daha sərt tədbirlərə əl atmaq əzmində olduğunu nümayiş etdirir.
ÿNəticədə bu gün Azərbaycanda insan haqları pozuntuları, korrupsiyanın ifşası və hökumətin hesabatlılığının tələb edilməsi kimi riskli işlərlə məşğul olan çox az sayda QHT qalıb. Beynəlxalq təşkilatlar elan etdikləri dəyərlərə görə bu cür kövrək qrupların üzərindəki təzyiqə təzyiq əlavə etməməlidirlər. Bu təşkilatlar öz dəyərlərinə sadiq qalmalı, və Azərbaycanda hər bir kəs üçün olduğu kimi müstəqil QHT-lərin də onların yer və xidmətlərindən istifadəsinə şərait yaratmalıdırlar.


