Müsavat Partiyasının qurultayının növbəti dəfə təxirə salınacağı ilə bağlı məsələ yenidən gündəmə gəlib. Təşkilat artıq Bakı Şəhər İcra Hakimiyyətini qurultaya yer ayırmadığı üçün məhkəməyə verib. Bu arada qurultayın təxirə salınmasının başqa səbəbləri ilə bağlı mətbuatda müxtəlif fikirlər səslənməkdədir. Müsavat başqanının müşaviri Səxavət Əlisoy «Yeni Müsavat» qəzetinə açıqlamasında deyib ki, təşkilatın qurultay keçirməməsinin bir məsuliyyəti də təşkilat rəhbərliyinin üzərinə düşür.
Səxavət Əlisoy: «Elə insanlar var ki, onlar İsa bəyin başqanlığdan getməsini istəmədiklərindən qurultayın keçirilməsinə qarşıdırlar»
S.Əlisoy «Azadlıq» qəzetinə açıqlamasında bildirdi ki, partiyada elə insanlar var ki, onlar İ.Qəmbərin başqanlığdan getməsini istəmədiklərindən qurultayın keçirilməsinə qarşıdırlar: «Onlar üçün qurultayın keçirilməsi önəmli deyil. Çünki onlar belə düşünrlər ki, qurultay keçirilərsə, Müsavat Partiyasında dağılma baş verəcəkdir. Yeni bir başqan seçilərsə, narazı qüvvələr ortaya çıxacaqdır. Belə söhbətlər uzun zamandır gedir. Hələ belə təkliflər də var ki, nizamnaməyə dəyişiklik edilərək İsa bəyin növbəti dəfə başqa seçilməsini istəyirlər. Amma bütün bunlara baxmayaraq, İsa Qəmbəri tanıyan bir adam kimi və İsa bəyin mətbuata verdiyi açıqlamalardan belə məlum olur ki, o, başqanlıqdan gedəcək».
S.Əlisoy qurultayın keçirilməsinə yaradılan məkan probleminə də toxundu: «Bəyan olunur ki, Müsavat Partiyasının qurultay üçün 800 nümayəndəsi var. İki yüz də qonağın gəlməsi planlaşdırılır. Amma biz qurultay keçirmək istəyiriksə, bizə 500 nəfərlik zal təklif olunursa orada da keçirə bilərik. Əgər ümumiyyətlə partiyaya qurultayın keçirilməsi üçün məkan verilmirsə, bu Ədliyyə Nazirliyində qeydiyyatdan keçən bir partiyanın normal fəaliyyət göstərməsi üçün hakimiyyətin üzərinə götürdüyü öhdəliklərin pozulması olacaq. Amma biz gözdəməməliyik ki, bizə 800 nəfərlik yer veriləcək ondan sonra qurultay keçirəcəyik. Bu iqtidarın mahiyyəti hər kəsə bəllidir. İstənilən təşkil olunmuş zalda qurultay keçirə bilərik. Ən pis halda qurultay Müsavat Partiyasının qərargahında və ya çadır qurularaq keçirilə bilər. Yəni əsas istək olsun. Atalar sözü var. Çobanın könlü olsa təkədən pendir tutar».
Qabil Hüseynli: «Müsavatda birmənalı kiminsə mövqeyi üstünlük qazanılandan sonra qurultay keçirə bilərlər»
Müsavat Partiyası başqanının sabiq müavini, politoloq Qabil Hüseynli isə hesab edir ki, Müsavat Partiyasının daxilində partiyanın qurultayının keçirilməsinə mane olurlar. Q.Hüseynli Trend-ə açıqlamasında bildirib ki, niyyəti olan qurultayı keçirə bilər: “Yəni əgər bu, nizamnamə tələbidirsə, bunu bir yolla keçirtmək lazımdır. Kiçik yer verilən qurultayı kiçik yerdə də keçirtmək olar. Bu qurultay məsələsini artıq az qala Azərbaycanın bir nömrəli gündəm məsələsinə çevirmək istəyirlər. Zənnimcə belə yanaşma düzgün deyil. Bunu cəmiyyətdə gündəm məsələsinə çevirmək olmaz”.
Politoloqun fikrincə, bu, siyasi proseslərə təsir edən, siyasi prosesləri irəli aparan bir məsələ deyil: “Bu cür vəziyyətin mövcud olmasının, bu vəziyyətin də siyasi mübarizə elementinə çevrilməsinin marağındadırlar və yaxud da partiya daxilində qrup mübarizəsi gedir və bu qrup mübarizəsi lazımi hədəfə çatmayıb. Yəni qruplardan biri digərinin üzərində üstünlüyü əldə edə bilməyib, ona görə də qurultayı keçirə bilmirlər. Yəni orada birmənalı kiminsə mövqeyi üstünlük qazanmalıdır və o üstünlük qazanılandan sonra da qurultayı keçirə bilərlər”.
Xəyal