NİDA-çıların məhkəməsi 20 Yanvar faciəsinin davamıdır

Bəzən üzrlü səbəbdən qəzet almağa imkan olmayanda, günahkarsan bir qəzetin internet səhifəsinə baxasan, yüz yerdən boylanan saytlar hiyləgər “matryoşka” kimi töküləcək üstünə, hərəsi bir tərəfdən aparacaq səni cəhənnəmin dibinə. Yalan olmasın, lap nağıllardakı kimi, saytdan sayta keçib, geri qayıdanda baxırsan ki, saçları ağarmış, beli bükülmüş bir oxucusan. 

Axı ağlı başında olan oxucunun nəyinə lazımdır “Gənc müğənnidən cazibədar şəkillər”, “Rihanna bu dəfə tamamilə çılpaq – fotolar(18+)”, “Cinsi istəyi artıran qidalar”… başlıqlı yazılar? Adamlar yeməyə çörək tapmır, problemlər əlindən hansı cinsə aid olduğunu unudub, saytlar da bir yandan camaatla məzələnir. Yeri gəlmişkən, Kim Kardaşyanın həyatı haqqında məlumatlar, çılpaq şəkilləri Azərbaycan saytlarının bəzəyi olub. Qarabağda əsir düşən qız-gəlinə sahib çıxmayan kişiciklər də “Erməni porno ulduzunun seksual görüntüləri”nin altından “bomba” yazmaqda yarışa girirlər. Belə kişiciklər, sayt rəhbərləri olan məmləkətdə əlbəttə ki, Kim Kardaşyan saytları zəbt edər,  nəsli isə torpaqlarımızı bombalayar. 

Ölkənin bu ağır, faciəli günlərində telekanallar, qəzetlər, saytlar utanmadan yüksək vəzifəli məmurları, harın oliqarxları, həyasız müğənniləri reklam etməklə məşğuldurlar. Neyləsinlər, ölkədə çörək pulu qazanmaq üçün sayt fırlatmaqdan başqa iş yeri var?! Hər sayt rəhbəri min nəfərin başını qatsa, onları zəlil kimi internetin qabağında oturtsa, yüksək vəzifəli məmurlar daha arxayın yata bilərlər, xalqdan oğurladıqları üçün təhlükə hiss etməzlər. Onsuz da 20 ildən çoxdur mənasız və maraqsız bir ömür yaşamağa vərdiş edən xalqın heç nə vecinə deyil, əksəriyyət yeyib-içməyindən, alış-veriş etməyindən, fərari övladına etdiyi bahalı toydan, ağzından düşməyən protezindən, saçının yeni rəngindən, fotosessiyalarından… şaddır.

Hakimiyyətin ədalətsiz məhkəmə qurub, bir ildir dəhşətli hökm oxumağa hazırlaşdığı NIDA-çı gənclər, ümumiyyətlə, ölkədəki ədalətsizliyə etiraz edib, zindanlara salınan qeyrətli, cəsur oğullara qarşı olan laqeydlik, biganəlik 24 il əvvlki bir xatirəni yadıma saldı: Qanlı Yanvar faciəsindən sonra “Gənclik” jurnalının əməkdaşları ilə Respublika xəstəxanasına yaralılara baş çəkməyə getmişdik. Müxtəlif idarələrdən, rayonlardan, kəndlərdən gələn ziyarətçilər çox olduğundan, palatalarda 2-3 dəqiqədən artıq dayanmaq mümkün deyildi. Yaralı aslana bənzəyən etirazçıların hamısının geniş alnı, işıqlı gözləri, nurlu üzü vardı. Onlar elə boy-buxunlu, nəhəng cüssəli idilər ki, uzandıqları çarpayı körpə beşiyi kimi çox balaca görünürdü. Arada imkan tapıb onlara suallar da verirdik: “Azadlığımız, müstəqilliyimiz uğrunda yenə də yalın əllə tankların, silahlı ordunun qarşısına çıxarsız?”. Onlar “əlbəttə”ni elə fəxrlə, qürurla, təbəssümlə deyirdilər ki, 20 Yanvar  faciəsindən sonra içimizə dolan qorxu, həyəcan, nigarançılıq yox olurdu, yavaş-yavaş özümüzə gəlirdik. O vaxtlar üzünü qırxan kişiyə, dodağına boya çəkən qadına rast gəlmək mümkün deyildi. 

Vətənin azadlığı uğrunda yalın əllə, başdan-ayağa silahlanmış ordunun qarşısına çıxan, ölümləri ilə SÖZlərini deməyi bacaran Şəhidlərə bütün ölkə yas saxlayırdı. 24 il sonra, 20 Yanvar faciəsinin davamı olan NIDA-çıların məhkəməsi ilə üz-üzəyik. O vaxtlar ağlımıza da gəlməzdi ki,  dünyanın ən ağır hüznünü mərd övladlar dünyaya gətirən analara yenidən yaşadan bir zalım hakimiyyət Azərbaycana rəhbərlik edəcək. Hakimiyyət unudur ki, “Azadlıq!”, “Demokratiya!”, “Qazilərimiz ölməsin!”, “Əsgər ölümlərinə son!” şüarları səsləndirdikləri üçün həbs etdikləri gənclər 20 Yanvarda şəhid olanların arzularının varisləridir. Əgər bu ölkədə “sevgili millət, uca xalq!” adına layiq vətəndaşlar yaşayırsa, nə qədər gec deyil, onlar haqq-ədalət uğrunda həbs olunanların müdafiəsinə qalxmalıdırlar. Yoxsa, göydə uçan quşlar da bizə “qul xalq, kölə millət” deyib, başımıza ifrazatını tökəcək…