100 il əvvəl, yoxsa indi?

Təsadüfən öyrəndim, sən demə, 70 il əvvəl, 1944-cü ilin məhz bu günü Fransada qadınlar səsvermə hüququ əldə ediblərmiş. Halbuki bizdə ondan 25 il əvvəl, Xalq Cümhuriyyəti zamanında qadınlara belə haqq tanınmışdı.

Ümumiyyətlə, bu unikal fakta görə biz indi dünyanın xeyli gəlişmiş, demokratik ölkəsini, hətta ABŞ-ın əksər ştatlarını qabaqlayırıq. Amma nə etməli, sonradan iş elə gətirdi ki, həmin və ona oxşar tarixi nailiyyətlərin bu gün açısından bir o qədər anlamı qalmadı. Necə deyərlər, bu uğurların arxası gəlmədi, onların miqyasını genişləndirə bilmədik, tam əksinə, əldə etdiklərimiz də bir-bir itirildi. Iş o yerə çatdı ki, qadınlara səsvermə hüququ tanımaqda mənəm deyən ölkələrin çoxundan irəli düşən Azərbaycanda indi qadın mandat alverinə görə həbsxanada yatır.

Ağrılıdır, acılıdır, acınacaqlıdır. Xalq Cümhuriyyəti parlamentinin stenoqramlarına göz atmaq imkanı əldə etsəniz görəcəksiniz: necə çoxsəsli, çoxrəngli, çoxqütblü bir mənzərədir. Necə amansız müzakirələr, mübahisələr, dartışmalar gedir. O dövr üçün xeyli yetkin sayıla biləcək siyasi mədəniyyət göz deşir. Belə bir ölkə indi – 21-ci əsrdə bir müxalif səsin olmadığı, heç bir fərqli fikrin eşidilmədiyi “parlament”ə sahibdir. 

Üzücüdür, məyusedicidi, utancvericidir. Biz indi tez-tez deyirik ki, Mirzə Cəlinin, Sabirin, Haqverdiyevin, Üzeyir bəyin yazdıqları aktualdır, 100 ildə heç nə dəyişməyib. Əslində isə çox dəyişib. 100 il bundan əvvəllə müqayisədə daha da geri getmişik. Qazandıqlarımız itirdiklərimizdən qat-qat azdır. 20-ci əsrin əvvəllərindəki az imkanlarla görülən işin miqyası bu gün çox imkanlarla görülən işin miqyasından daha böyük, daha geniş idi. Heç olmasa, onda məsələn, 16-17 yaşlı Cəfər Cabbarlının cəhalətə və ədalətsizliyə qarşı kəskin satirasına görə onu həbs etmirdilər. Indi isə 17-18 yaşlı gənclər bir-iki kəskin facebook statusundan sonra özlərini dəmir barmaqlıqlar ardında görürlər.

Bir anlıq hesab edək ki, indi heç internet də yoxdur. Vəziyyətin nə qədər dəhşətli, durğun, darıxdırıcı ola biləcəyini təsəvvür edə bilirsinizmi? Müqavimət ruhunu hiss etdirəcək başqa hansı imkanlar qalır? 

Bütün bunlarla mən indi vəziyyətin çıxılmazlığını göstərmək, ümidsizlik toxumları səpmək istəmirəm. Əsla. Tam əksinə, durumun dözülməzliyini, boş verin çağdan, hətta özümüzün 100 il əvvələ qədərki uğurlarımızdan belə, nə qədər geri getdiyimizi anlatmağa çalışıram. Bugünkü fədakarlıqların, cəfakeşliklərin 100 il əvvəlki məhrumiyyətlərdən geri qalmadığını, hətta bəzən onları belə üstələdiyini söyləmək istəyirəm.

Biz nahaq yerə özümüzü aldadırıq ki, guya bu gün ötən yüzilin eyni dövrü ilə müqayisədə daha yaxşı şərtlərlə qarşı-qarşıyayıq, daha çox işlər görə bilərik, amma bacarmırıq. Şərtlər indi bir az da ağırlaşıb, sərtləşib. Meydanlar indi bir az da daralıb, imkanlar indi bir az da tükənib, indi az-çox vəziyyətə ümidverici rənglər qatan bir şey varsa, o da texnoloji nailiyyətlərin, internetin bizə tanıdığı fürsətlərdir. Bəs bu fürsətlər real nəticə əldə etmək üçün yetərli olacaqmı, onu da qəti demək çətindir.

Hər halda yaşamağa və çarpışmağa davam edirik. Sonuncu belə insanımız qaldıqca, Azərbaycanın özgürləşəcəyinə, çağdaşlacağına ümidlər də qalacaq. 

Sadəcə, özümüzdən çox bədgüman olmayaq. Bugünkü az, dar imkanlarla görülən ən xırda iş belə təqdirəlayiqdir.  

Yox, yox, bu qətiyyən minimalizm deyil. Situasiya ilə barışmaq da deyil. Bu – qarşımızdakı heç bir dəyər tanımayan, dünyadakı pis idarəetmələrin ən pis tərəflərini özündə birləşdirən amansız gücün yaratdığı çirkin reallığın diqtəsidir.