Rəşadət Axundov: «Buradan ya cəsədimiz çıxacaq, ya da bizi azad etməlidilər»
“NIDA” Vətəndaş Hərəkatının həbsdə olan səkkiz fəalı – Rəşad Həsənov, Rəşadət Axundov, Zaur Qurbanlı, Üzeyir Məmmədli, Ilkin Rüstəmzadə, Bəxtiyar Quliyev, Şahin Novruzlu və Məmməd Əzizov azadlığa buraxılmaq barədə tələbləri yerinə yetirilənə qədər aclığı dayandırmayacaq. Bunu gənc fəallardan Rəşadət Axundov dünən ictimaiyyətə ünvanladığı müraciətdə bəyan edib:
“Əziz dostlar! Biz aprelin 17-dən aclıq aksiyasına başlamışıq. Qərarımız qətidir. Sizlərdən və valideynlərdən xahişimiz odur ki, aclığı dayandırmaq barədə bir istəyiniz olmasın. Hər bir halda, imtina edəcəyik. Bu, bizim və sizin azadlığınız uğrunda apardığımız vicdan və ləyaqət davasının növbəti mərhələsidir. Bəlkə də bizim üçün son mərhələdir. Çünki buradan ya cəsədimiz çıxacaq, ya da bizi azad etməlidilər. Başqa yol yoxdur. Şərtimiz yalnız budur! Sizi sevir və bağrımıza basırıq”.
Xatırladaq ki, aprelin 17-də keçirilən məhkəmə iclasında prokuror çıxış edərək, NIDA-çı fəallara 6 il yarımdan 8 il yarıma qədər azadlıqdan məhrumetmə cəzası istəyib. Bundan dərhal sonra gənclər azadlığa buraxılmaları tələbilə aclıq aksiyasına başladıqlarını elan ediblər. Aprelin 18-də isə onların valideynləri də aclığa başlayıb.
Aytən


