Mövqesizin “Mövqe”yi

Həmişə israrla demişəm ki, hakimiyyəti dəlicəsinə müdafiə edənlərin içində xeyli istedadlı adam var. Sadəcə bu adamlar siyasi səhnə ilə teatr səhnəsini dəyişik salıblar. Mənim bu qənaətimi “Lider” televiziyası öz “politoloq” aparıcıları ilə daha da qüvvətləndirir. Sonuncu sitatı başına bəla olan Etibar Hüseynov, uzun illər “Sitatın sonu”na can atdı və bu  “fəaliyyət”i ilə sübut etdi ki, istənilən filmdə epizodik rolda belə şedevr yarada bilər. Ancaq siyasətə girişməyə qərar verdi və artıq sitat gətirə bilmir.

Etibar Hüseynov nümunəsi “Lider”ə dərs olmadı və Elşən Musayev adlı yeni aktyora səhnə verdi. Ən maraqlısı budur ki, bu Elşənə həvalə olunan verilişin adı “Mövqe”dir. Mövqeyi əsməcəli olan bu adam insanların mövqeyini müzakirəyə çıxarır. Daha dəhşətlisi budur ki, bu adam Demokratik Maarifçilik Partiyasının sədridir. Gecə-gündüz “maarif”ləndirici yalanlar, böhtanlar, yaymaqla məşğuldur. Əslində, adı özündən başqa heç kimə məlum olmayan partiyanın sədri belə də olmalıdır. Elşən Musayevi də “çörəyi Əli Kərimlidən çıxanlar” sinfinə daxil etmək olar. Ümumiyyətlə, belə bir tendensiya var ki, Əli Kərimlini hədəf alaraq  “ulduz” olmaq mümkündür. Ancaq bu “ulduz”lar cəmiyyətdə əbədi sönmüş vəziyyətdə olur. Yalnız rejim “pult”u işə salanda hənirtiləri gəlir. Hakimiyyət dəyişikliyi baş verəndə isə, belə “ulduz”ları həyətdə fəhlə işlətməyə də utanırlar.

Yuxarıda qeyd etdiyim kimi, Elşən Musayev fəsiləsindən olanların güclü istedadı olur. Hesab edirəm ki, “Böyük dayaq” filmi yenidən ekranlaşdırılsa, Elşən Musayev öz istedadı ilə yastı Salmanı, Yarməmmədi utandırar. Çünki belə obrazları canlandırmaq üçün Elşən Musayev kimilərinə rola girmək lazım olmayacaq. Onlar özlərini canlandıracaqlar.

Əli Kərimlinin Ukrayna hökumətini qətiyyətsizlikdə ittiham etməsi Elşən Musayevi elə hiddətləndirib ki, “qətiyyətli mövqe” nümayiş etdirməyə vadar olub. Yox, elə bilməyin ki, bu eynəkli “politoloq” Ukrayna hökumətini müdafiə edir və onlara dərin məhəbbəti var. 

Bütün məsələ bundan ibarətdir ki, statusu yazan Əli Kərimlidir. Əgər həmin statusda Əli Kərimli Ermənistan prezidenti Serj Sərkisyanı kəskin tənqid etsəydi, Elşən Musayev Sərkisyanın insani keyfiyyətlərindən danışıb, onun Xocalı soyqırımında günahkar olmadığını sübut etməyə çalışacaqdı. Yaxud Ukrayna hökumətinin qətiyyətsizliyindən Ilham Əliyev söhbət açsaydı, Elşən Musayev verilişin vaxtını ən azı 3 saat uzadıb Ukraynanın yeni hökumətinin ünvanına “sveji” qarğışlar yağdıracaqdı.

Yəni bu “maarifçi centlmen”in mövqeyi adamlara görə dəyişir. Ona görə də ən azı xalqa hörmət xatirinə Elşən Musayevin verilişi “Mövqesizlik” adlanmalıdır. Məni tanıyanlar bilir ki, hətta Elşən Musayevlərin də haqqını yemərəm. Ona görə də yazının sonunda bu mövqeli oğlana təşəkkürümü bildirmək və bir tövsiyəmi çatdırmaq istəyirəm. Yox, mən Həkim baba kimi Elşənə gecə-gündüz kitab oxumağı məsləhət görməyəcəm. Çünki əminəm ki, sehrli kəmər onun belində heç vaxt durmayacaq. 

Sadəcə olaraq məsləhət görərdim ki, sələflərinin xalq arasındakı “avtoritet”indən nəticə çıxarsın. Atların, itlərin dilini öyrənmək vacib deyil. Əsas insan dilini bilməkdi. Eyni zamanda müxalifətin təbliğatını apardığına görə “Qanlı Qala”nın təmsilçisinə təşəkkür edirəm. Azərbaycanda real müxalifətin televiziya imkanları yoxdur. Elşən Musayevlər isə müxalifətə bu imkanı yaradır. Öz təcrübəmdən deyə bilərəm ki, “Sitatın sonu”, “Mövqe” kimi “məhsul”lardan sonra AXCP-nin məhsuluna tələbat çoxalır. Insanlar dərk edir ki, hakimiyyətin düşmən adlandırdığı adamlar xalqın dostudur. Bəlkə də belə verilişlər olmasaydı real müxalifətlə rejim müxalifətinin fərqi bilinməzdi.

Görünür, mövqesizlərin “Mövqe”yində də bir xeyir var.  Elşən, Elşən, növbəti verilişdə də bizdən danış.