Obama, yoxsa Putin?

Ukraynada baş verənlər digər postsovet ölkələr haqqında güman etdiyimiz həqiqətləri bütün çılpaqlığı ilə ortaya qoydu. Məlum oldu ki, müdrik, daha sonralar isə “balanslı xarici siyasət” adı ilə xalqa sırınan nağılların hamısı cəfəngiyyat imiş. Bu məkanda demokratiya yolunu tutan Qəbryönümlü dövlətlər və Kremlin çətiri altında fəaliyyət göstərən avtoritar rejimlər var. Məlum oldu ki, regionda neytral, yəni həm Qərbi, həm də Rusiyanı razı sala biləcək “balanslı siyasət” bir illüziya imiş… 

“Rusiya Baltikyanı ölkələri ”itirdikdən” sonra digər respublikaları MDB məkanında tutmağa çalışsa da, bunu bacarmadı. Gürcüstan, Moldova, ardınca da Ukraynanın “itaətsizliyi” dünyanın çox yaxında birqütblü, silahlı qarşıdurmasız, ən başlıcası isə, demokratik məkana çevriləcəyindən xəbər verir. Rusiya bu dalğanın digər postsovet ölkələrinə keçməməsi üçün nə qədər çaba göstərsə də, prosesin qarşısını ala bilməyəcək. Növbədə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və digər keçmiş sovet respublikaları var. 

Çoxları sadəlövhcəsinə düşünür ki, Vladimir Putin tarixin bu qanunauyğun prosesinin, loru dildə desək, qabağını ala biləcək. Arqument kimi də Rusiyanın Moldovadan Dnestryanı respublikanı, Gürcüstandan Abxaziya və Cənubi Osetiyanı, nəhayət Ukraynadan Krımı qoparmasını gətirirlər.  

Bəli, Kreml qonşuların demokratik inkişafını işğalla əngəlləmək istəyir, zəbt olunmuş əraziləri Rusiyaya birləşdirərək eybəcər şəkildə mini SSRI yaratmağa çalışır. Mümkündür ki, sabah Qazaxıstanın da bir neçə şimal vilayətini, Belarusun bir hissəsini özünə birləşdirsin və s. Bunlar, əlbəttə, ola bilər ki, mümkün olsun, lakin əsas məsələ yeni yaranacaq bu mutant dövlətin necə ayaqda qala bilməsidir.

Artıq Rusiyanın özündə də anlamağa başlayıblar ki, bu cür addımlar ilk növbədə ölkə iqtisadiyyatının çökməsinə, milli zəmində toqquşmalara, bir sözlə, 90-cı illərdəki xaosun təkrarlanmasına, nəhayət Rusiyanın dağılmasına gətirib çıxaracaq.

Rusiya ABŞ və Qərbi Avropanın iqtisadi və siyasi sanksiyalarına adekvat cavab vermək üçün arsenalında heç nə tapa bilmədi. Gücü yalnız bir neçə ABŞ senatorunun ölkəyə girişinə (!) qadağa qoymağa çatdı. Bunadək Rusiyaya bir dəfə də olsun səfər etməyən senatorların reaksiyası isə artıq siyasi folklor janrına töhfələr verdi. Onların bəziləri qış  tətilini Sibirdə keçirməyəcəklərinə, bəziləri isə Kamçatkanı görməyəcəklərinə təəssüfləndilər. Rusların ən böyük silahı hesab olunan “Qazprom” da susdu, Avropanı hədələmədi. Rusiya iqtisadiyyatında ən böyük pay sahibi olan bu şirkət xaricə qaz satmasa, qısa müddətdə iflas edə bilər. 

Fikir verdinizsə, yazımın bu hissəsinə qədər nə Azərbaycandan, nə də rus-erməni işğalçıları tərəfindən ələ keçirilmiş Qarabağdan bəhs etdik. 

Bəli, əziz oxucu, Azərbaycan keçmiş postsovet respublikaları arasında yeganə ölkədir ki, həm ərazisi Rusiyanın bilavasitə iştirakı ilə işğal olunub, həm də rəhbərliyi Kremlin himayəsindədir. Oxşar aqibəti yaşayan digər postsovet respublikalar arasında oxşar vəziyyətdə olan ikinci bir ölkə yoxdur. Azərbaycan xalqı üç əsrə yaxındır ki, həm xarici, həm də daxili qüvvələrin zülmü altında inləyir. 

Azərbaycanın hazırkı iqtidarı üçün demokratik Rusiya, yəni Putinin məğlubiyyətindən sonrakı dövrə qətiyyən “hazır deyil”. Ukrayna hadisələri başlayandan bu günə qədər Azərbaycan iqtidarının atdığı addımlar, apardığı daxili və xarici siyasət buna ən parlaq nümunədir. Fikir verirsinizsə, artıq “balanslı xarici siyasət” ifadəsini, onu hər addımda söyləməyə təhkim edilmişlərin dilindən kəlbətinlə də çəkib çıxarmaq olmur. Xarici siyasətimiz 20 ildir ki, korrupsiya və rüşvətə qurban edilib. Qarabağın işğalında həlledici rol oynamış Rusiyanın ərazisində körpü tikirik, məktəb açırıq, heykəl ucaldırıq, adını da qoyuruq… balanslı xarici siyasət. Prezidentin Irana səfərini xarici siyasətimizin qələbəsi kimi (!) qələmə verənlərin görəsən bu müsəlman dövlətinin qondarma erməni soyqırımını tanımasından xəbəri varmı? 

Ola bilsin bəzi oxucular bilmir, o səbəbdən nəzərinizə çatdırmağı özümə borc bilirəm ki, rəsmi Tehran bu günədək  Xocalı soyqırımını tanımayıb. 

Hər addımda Ermənistanın dostu olduğunu vurğulayan Belarus diktatoru Aleksandr Lukaşenkoya yüz milyonlarla faizsiz kredit verməklə müstəqil siyasətin arasındakı uçurumun dərinliyini isə, zəhmət çəkin özünüz hesablayın… 

Hazırda dünyada sözün əsl mənasında xeyirlə şərin mübarizəsi gedir. Bu müharibədə qısa fasilələr olsa da, heç-heçə olmayacaq. Diktatorlar riskə gedərək Putini dəstəkləyir, diktatura əhli isə Barak Obamanın yanındadır. Belə baxanda Obamanın heç dəstəyə ehtiyacı yoxdur.