Böyük dünyanın işləri…

Qaragün məmləkətin bunca dərdi içində “dünya qan ağlayır” desəm, qınayarlar məni. Hələ bu qədər əziləni, məzlumu, günahsız məhbusu olan ölkədə… Razıyam, dərdimiz böyükdür, özümüzə yetər də, ötər də. Amma bizim içimiz də elə bu dünyanın bir parçası olaraq qan ağlayır, bütün ədalət arayanlar kimi…

Milyonlarla məsum insanın cəhənnəminə çevrilən bir dünyada yaşayıb, xoşbəxtlik aramağın nə qədər mənasız olduğunu anlamaq çətin deyil. Iki il öncə “ərəb baharı”ndan yeni dünyaya açılan böyük xəyalları vəsf edən dünya indi orada yaşanan insanlıq faciəsinə göz yumur. Gözəl hekayətlərin,  ölməz əfsanələrin vətəni Misirin zindanlarından bir fəryad  yüksəlir. Min illərin o başında Yusifin quyuya atıldığı, quyudan alınıb qul bazarında satıldığı, zindanlara düşdüyü bir yerdə təzədən zülm ərşə dirənib. Yusifin Misirə sultan, dünya gözəli Züleyxaya yar olduğu kimi, dünyanın ədalətini gözləyir minlərlə insan…

Ötən həftə ərəb inqilabından sonra Misirdə hakimiyyətə gələn hökuməti devirən hərbi xunta yüzlərlə günahsız insana hökm oxuyub. Indi bu inqilabda iştirak etmiş 528 nəfəri edam cəzası gözləyir. Çoxminlik etirazlardan və qurbanlardan sonra seçki yolu ilə hakimiyyətə gələn “Müsəlman Qardaşlar”ın daha yüzlərlə məhkum üzvü zindanda günlərini sayır. Faciənin təfərrüatı xeyli acınacaqlıdır, siyahıda uşaqlar, qızlar, hamilə qadınlar belə var. Və kimsəyə də aman yoxdur. Hamilə qadınları belə doğumdan 2 ay sonra asacaqlar. 18 yaşından aşağı olan yeniyetmələri də edam əvəzinə 15 il həbs cəzası gözləyir. Yuxarıda bəhs etdiyim 528 nəfərdən başqa, hələ hökm oxunmamış 670 nəfərin də asılacağı ehtimal olunur.

Baş verənlər həqiqi anlamda tükürpədicidir. Insanları necə və harada gəldi həbs edib, dustaqxanalara doldurublar. Həbs edilən qızlar arasında 14 yaşlı Maria Samahanı sadəcə Rabia işarəti göstərdiyi və elan payladığı üçün cəzalandırıblar.  Yaşı az olduğu üçün polis ona qurama sənəd imzalatdıraraq, bir il azadlıqdan məhrum edib. 15 yaşlı Fatimə Ezzati, Ola Tarıkı və neçə-neçə başqa qızı dərsə gedərkən həbsə alıblar. Məhbuslar arasında gənclərin, xüsusən tələbələrin sayı-hesabı yoxdur. 

Nə yazıq ki, dünyadan nizam, düzən, haqq-ədalət gözləyə-gözləyə gəlib dirəndiyimiz dalan budur. Yaşadığımız acıların, ayaqladığımız odların, uçub gedən illərin sonunda üz-üzə qaldığımız dumanlı bir tablo. Insanlıq bir zülm atəşinin içində yanıb-tutuşmaqda, zalımın qılıncı kəsib-tökməkdədir. Yer üzünün ah-naləsindən qulaq tutulur. Kimsə kimsəni görmür sanki, ya da görməzdən gəlir. Kimsə kimsənin dərdini eşitmir, eşitməzliyə vurur ya da. Böyük bir yemək masasına yerləşdirilmiş kimi görünür artıq dünya. Böyüklər böyük yerdə oturub, kiçiklər kiçik yerdə. Güclülər iri tikəni qamarlayıb, zəiflər qurbanlıq quzu kimi acından mələməkdə. Uzaqdan baxanda oralarda, bir yerdə kiminsə sənin dərdinə yandığını düşünərsən. Axı yazılmış, təsdiqlənmiş, imzalanmış müqavilələr, konvensiyalar, qərarlar var. Düşünərsən, amma yanılarsan hər dəfə. Hər dəfə bir az da əlini üzərsən o yalançıdan. Bəli, dünya “böyük işlərlə” məşğuldur. Hələ kiçik bir məmləkətdə yaşayıb, bu böyük dünyadan ədalət gözləmək isə məzlumluqdur bəlkə də…