Şok, şok, şok! Etibar Hüseynov təhqirə qarşı!

Dünən xeyli xəbər saytında belə bir başlıq gördüm, “Azərbaycanda orta məktəbin həyətində top mərmisi tapılıb”. Düzü, təəccübləndim ki, burada qeyri-adi nə var? Bizdə orta məktəbin içində və çölündə hər zad tapıla bilər. Əsl xəbər, sensasiya onda olardı ki, hansısa orta məktəbdə təhsil, bilgi tapılardı. Silgipulu, süpürgəpulu, 8 mart pulu yığmayan məktəb direktoru, seçkini saxtalaşdırmayan müəllim tapılardı.

Biz tez-tez, az qala, hər gün belə xəbər başlıqları görürük: “Əsgər əsgəri güllələdi”, “Daha bir əsgərimiz intihar etdi”. Axı bu cür sərlövhələr nəyə lazımdır? Biz artıq öyrəşmişik ki, əsgər əsgər yoldaşını güllələyər, əsgər intihar edər, “Əsgər ölümlərinə son!” deyənləri də şərləyib türməyə basarlar. Bunda yeni nə var? Ondansa “N saylı hərbi hissənin əsgəri hələ də intihar etməmişdir”, “N saylı hərbi hissənin əsgəri hələ də əsgər yoldaşını güllələməmişdir” kimi başlıqlar daha diqqətçəkən, cəlbedici olmazdımı?

Yeri gəlmişkən, bir neçə gün əvvəl Müdafiə Nazirliyi Naxçıvanda yerləşən hərbi hissələrdən birində əsgərin başqa bir əsgəri bıçaqlayaraq qətlə yetirdiyi barədə məlumat yaydı. Məlumatda bıçaqlamanın ehtiyatsızlıqdan törədildiyi bildirilirdi. Təsəvvür edirsinizmi: ehtiyatsızlıqdan bıçaqlanma! Ehtiyatsızlıqdan atəş açmağı yenə hardasa başa düşmək olar, bəs bıçaqlanma hara, ehtiyatsızlıq hara? Bunlar bu gedişlə bir azdan hansısa əsgərin ehtiyatsızlıqdan boğazına kəndir keçirib ehtiyatsızlıqdan ayağının altındakı kətili çəkərək intihar etdiyini də deyərlər.

Amma gəlin naşükür olmayaq. Səfər Əbiyevin vaxtında nazirliyin mətbuat xidməti bir cümləni əzbərləmişdi, nə soruşsan, tutuquşu kimi həmin cümləni təkrarlayırdılar: “Bizdə bu barədə məlumat yoxdur”. Ancaq indi heç olmasa, Müdafiə Nazirliyi əsgər ölümü haqqında məlumat yaya bilir. Böyük irəliləyişdir, ordumuz bu cür irəliləməyə davam etsə, yaxın 70-80 ildə Xankəndiyə bayraq sanca bilərik. Həmin vaxtadək isə bayrağımızın rənglərini düz-əməlli öyrənərik ki, axırda onu tərs asıb dünyada biabır olmayaq.

Bəzi oxucular dodaq büzə bilərlər ki, 70-80 il hardan yaxın müddət oldu? AzTV-nin Ibrahim Məmmədlisi “Uzağa getməyək, elə götürək Yaponiyanı” cümləsini qura bilirsə, onda 70-80 il niyə yaxın olmasın?

Ibrahim Məmmədlidən söz düşmüşkən, onun iki həmkarının davaya çıxması barədə də dünən elə internetdən xəbər tutdum. Adlarını burada yazmaq ürəyimcə olmasa da, məsələdən bixəbərlər agah olsun deyə yazmalıyam: söhbət rejim telekanallarının iki məlum və məşum aparıcısından – Mirşahinlə Etibar Hüseynovdan gedir. Sonuncunun hansısa sözü birincinin xətrinə dəyib, o da götürüb Hüseynovun ünvanına dişinin dibindən çıxanı deyib. Indi siz allah, “Lider” məktəbinin yetirməsi Etibarın cavabına baxın: “Mirşahin efirə çıxaraq məni təhqir etdi. Olsun. Amma nə üçün məhz təhqir? O, məni çox asanca, həm də təhqirsiz-filansız da ”yıxıb-sürüyə” bilərdi. Buna onun söz və fikir potensialı çatır…”

Bu adam illərlə efirdən müxalifətçilərin ünvanına təhqir, hədyan söyləməklə məşğul olub, indi isə onun özünü təhqirə qonaq ediblər, o saat başlayır ki, söz potensialı ordan gəldi, fikir potensialı burdan getdi.

Bir növ etiraf etmiş olur ki, illərdir müxalifəti ancaq ona görə təhqirlərə, həqarətlərə məruz qoyub ki, efirdən başqa cür danışmağa qabiliyyəti çatmayıb, bunun üçün söz, fikir potensialı olmayıb.

Mirşahinin Etibara dedikləri isə lap ağlamalı-gülməlidir. Sitat: “Indi pis-yaxşı, doğru-əyri sən deputat olmusan, ya səni deputat ediblər, bilmirəm, amma oturduğun yeri batırma da…” “Bilmirəm”, diqqətlə oxudunuzmu, Mirşahin bu bir cümlədə öz həmkarının deputat seçilməsini də şübhə altına alır. Razılaşır ki, Azərbaycanda heç də həmişə deputat olmurlar, həm də deputat edirlər. Elə isə hansı məntiqə və vicdana sığar ki, bu cür dəhşətli rəzalətə imza ata bilən bir sistemə, rejimə gecə-gündüz cangüdənlik edəsən, toz qondurmayasan, onu hər sudan quru çıxarmağa çalışasan?

Bu sualı unudun getsin. Çünki heç bir cavab gözləmirəm, cavab onsuz da aydındır.