“Like” məhbusu!

Cəmil Həsənli

“Azadlıq” qəzetinin hər sayında gedən siyasi məhbusların siyahısında 3 bloqçu var. Rəşad Ramazanov, Əbdül Əbilov və Ömər Məmmədov. Hər üç bloqçu narkotika ittihamı ilə həbsə alınıb. Yəqin ki, bu siyahıya yaxın günlərdə19 yaşına yeni qədəm qoymuş Elsevər Mürsəlli də əlavə olunacaq. O, bloger olmasa da Xaçmaz rayonunun Əhmədoba kəndində bəlkə də yeganə internet istifadəçisidir. Onun yazışmalarını izləyən orqanların təlimatı ilə DİN-in narkotiklərə qarşı mübarizə idarəsinin əməliyyat qrupu etməyib tənbəllik və ötən ilin oktyabr ayının 2-də Bakıdan atlanıb paytaxtdan 168 km. şimal istiqamətinə yollanıblar. Həmin gün ailə üzvləri ilə birlikdə alma bağındakı iş yerindən evə dönən Elsevəri yoldaca yaxalayıblar və elə ilk axtarışda da “cibindən narkotika” tapılıb.

Artıq çoxdan bəllidir ki, sosial şəbəkələrdə gəncləri izləyən hakimiyyət orqanları öz fəaliyyətlərini sıx şəkildə əlaqələndirirlər. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa və Narkotiklərə Qarşı Mübarizə idarələri isə təxminən eyni işi görür. Biri hədəfi göstərir, o biri isə “möcüzə”. Çünki məqsəd narkotikaya qarşı mübarizə deyil, narkotika ittihamı ilə fəal gəncləri həbsə almaq, onlar arasında gündən günə genişlənən sosial fəallığı “xaş-xaş yuxusuna” verməkdir. Elsevəri də ötən ilin prezident seçkilərindən bir həftə əvvəl elə bu yolla tutub və cibinə 4 qramdan zərrə qədər artıq narkotika atıblar. Bu ilin aprelində cibinə qoyulmuş 4,2 qram geroinə görə Bakı ağır cinayətlərə dair işlərə baxan məhkəməsində göz-görə bu gəncə nə az, nə çox 5 il həbs cəzası veriblər. Bu hökmü elan edən hakim gərək ömrü boyu narkotikaya mübtəla olsun ki, necə böyük bir günaha batdığının fərqinə varmasın. Nədir Elsevərin günahı?

Elsevər prezident seçkiləri ərəfəsində bizim apardığımız təbliğat kampaniyasından ruhlanıb facebook səhifəsində Cəmil Həsənlini “like” etmişdi. O, bununla kifayətlənməyib facebook vasitəsi ilə mənə məktub da yazmışdı və 9 oktyabrda ilk dəfə səs verəcəyini, bu ilk səsi də məhz mənə verəcəyini açıqlamışdı. Bu yazışmaya görə 2013-cü ilin oktyabr ayının 2-də DİN-in Nrkotiklərə Qarşı Mübarizə İdarəsi və Xaçmaz Rayon Polis Şöbəsi ailəsi ilə birlikdə işdən evə qayıdan Elsevəri öz maşınlarına mindirib onun cibindən “mənşəyi məlum olmayan” 4,2 qram narkotika çıxartdılar. Siqaret çəkməyən, alkoqol istifadəçisi olmayan, natkotikanın rəngini belə bilməyən məsum bir gənc yəqin ki, dünya internet coğrafiyasında “like” üstündə 5 il həbs cəzası almış ilk məhbusdur. “Like” məhbusu! Ölmədik, bu günü də gördük.