Prezident Administrasiyasından metropolitenin yeni rəisinə bu barədə tapşırıq gəlib
Bakı Metropolitenində aparılan yoxlamalar barədə redaksiyamıza yeni məlumatlar daxil olub. Qeyd edək ki, Bakı Metropolitenində yoxlamaların aparılması barədə məlumat bir neçə gün əvvəl yayılmışdı. Lakin yoxlamaların məqsədi bəlli deyildi. Bunun sadəcə daxili yoxlama olduğu bildirilirdi.
Əldə etdiyimiz məlumatlara görə isə yoxlamalar Prezident Adminstarsiyasından gələn tapşırıq əsasında aparılır. Məlumata görə, yeni rəis Zaur Hüseynova tapşırılıb ki, Tağı Əhmədovun son illərdəki fəaliyyəti ciddi yoxlanılmalı və dəqiq hesabat hazırlanmalıdır. Tağı Əhmədovun son illərdəki fəaliyyətinin niyə “yuxarılar”ın diqqətini çəkdiyi bəlli deyil. Lakin ehtimal olunur ki, Prezident Administrasiyısında Tağı Əhmədovun “ümumi kassaya” ödəmələrində maxinasiyalara yol verdiyi düşünülür.
Tağı Əhmədov tutduğu vəzifədən azad ediləndən sonra Bakı Metropoliteninin yeni rəisi Zaur Hüseynov metrodakı ticarət köşklərinin yığışdırılması barədə qərar verdi.
Bu zaman metrodakı ticarətlə bağlı bəzi qaranlıq məqamlara aydınlıq gəldi. Məsələn, Tağı Əhmədov bir neçə il əvvəl AzadlıqRadiosuna müsahibəsində bildirmişdi ki, metrodakı ticarətdən ildə 840 min manat əldə olunur. O, ticarət köşklərini 100 manata icarəyə vermişdi. Lakin köşklərin sökülməsi zamanı bəlli oldu ki, icarə haqqı stansiyaya görə 600-800 manat arasında dəyişir. Bundan başqa aparılan araşdırmalar nəticəsində üzə çıxıb ki, metroda 1000-dən çox ticarət köşkü fəaliyyət göstərir. Və metronun əldə etdiyi gəlir Tağı Əhmədovun söylədiyi rəqəmdən dəfələrlə çoxdur.


