“Ofsayd” bayrağı yelləyən dünya

Lap çoxdan oxuduğum və müəllifini xatırlamadığım hekayədə belə bir epizod vardı: Böyük bir köpək balaca bir küçüyü qarşısına qatıb qovur. Küçük qaçdıqca qaçır, qaçır və nəhayət gücü tükənib dayananda, son özünümüdafiə şansını sınayır. Başının tükünü qabardıb, dişlərini qıcayaraq böyük köpəyin üstünə yeriyir. Üzünə tuşlanan bu gözlənilməz qəzəbdən çaşan köpək addım-addım geri çəkilir və sonra sürətli dönərək qaçıb gözdən itir…

Ukraynanın başına gətirilənlər bu hekayədəki əhvalatı xatırladır. Hələ ki, böyük köpək öz işindədir. “Uzaq yaşıl yarımada” – Krım getdi. Amma görünür ki, o köpək burnunu hələ çox yerə soxmaq niyyətindədir. Həm də məqsəd təkcə qarşıdakı gücsüzü əzmək deyil, daha güclülərə qol zoru göstərmək, onlara meydan oxumaq və gözdağı verməkdir. Və hələ ki, kimsə cidd-cəhdlə onun qarşısına dikilib, ağzının payını verməyə səy göstərmir. Şübhəsiz, Ukraynanı qınamaq da çox asan deyil. Ən azı, qovanın kim olduğu bizə yaxşı məlumdur. Amma nə olursa-olsun, burnunu sənin evinə soxan köpəyin burnunun üstündən vurmalısan, ya yox? Kim deyir, real nəticəsi olmayacaq? Yuxarıdakı hekayəni boşuna xatırlatmadım ki….

Iki ay əvvəl bu çevrədə insanları tam fərqli şeylər düşündürürdü. Təbii ki, daha gözəl şeylər. Ukraynadakı etiraz dalğası demokratiya “sunami”sini tərpədəcək, köhnələri silib aparacaq, yeni yol açılacaq və yaxşılığa doğru dəyişikliklər başlayacaqdı. Amma quyruğu tapdanan Rusiya bütün planları pozdu, aləmi qatdı bir-birinə. Indi də “həm suçlu, həm güclü” havasıyla meydanda at oynadıb durur. Doğrudur, əngəlsiz, məhrumiyyətsiz, əvəzsiz, su içmək kimi rahat olmur belə işlər. Ancaq bu dəfə köhnə böyüklük havasına köklənən Putin həddi çox aşdı, göründüyü kimi. Bu, kənardan hər kəsə mənfi örnək verən qorxulu bir tendensiyadır. Güclüsən, buyur, əzdiyini əz, qopardığını qopar, aldığını al. Lap könlündən keçən kimi…

Ukrayna hadisələrindən ən çox təsirlənə bilən ölkə bizik, hər halda. Bunu məmə yeyəndən pəpə yeyənə kimi hər kəs bilir. Sanki dünyanın bütün atılan daşları dönüb-dolaşıb gəlib bizim başımıza düşür. Qarabağ münaqişəsi 80-ci illərdə sovetlərdən ayrılmanın qisası olaraq, Rusiyanın bizə etdiyi “hədiyyə” idi. Elə bir “hədiyyə” ki, hesabını ödə, ödə, qurtarmır. Kim bilir, nə zaman da qurtaracaq… Indi üstündən 25 ildən artıq vaxt keçəndən sonra yenidən oyun qaydaları dəyişir. Zatən, Rusiya ondan qopub ayrılan respublikaların azadlığını bu onilliklər ərzində burnundan gətirib. Buralarda milli qüvvələrin əzilməsi, hakimiyyət başında üzüyola və “canayaxın” adamların olması üçün əlindən gələni edib. Köklü baxanda, istədiyinə nail olub da. Amma bu da yetmir, görünür. Dəyişən dünyanın təsir dalğası hər yeri vurduğu bir zamanda, yumruğu bir az da düyünləmək lazımdır. Nəzarəti itirmək olmaz…

Dünya işğalçı Rusiya üçün sanksiya siyahıları hazırlayır. Bunun real təsiri uzun çəkə bilər. Ukrayna isə vahimə içindədir. Rus barmağı hər gün bir şəhərdə separatçılığı tətikləyir. Biz Qarabağ təcrübəsindən yaxşı bilirik. Bu önəmli məsələlərdə dünyanın ağzının kəsəri yoxdur. Olsaydı, beynəlxalq konvensiyalar əsas tutulub, hər kəs sakitcə yerində oturdulardı. Krım məsələsində də göründüyü kimi, dünya, sadəcə, kənardan “ofsayd” bayrağı yelləməklə məşğuldur və başını böyük dərdə soxmaq fikrində deyil. O halda, nə etmək? Çarə qalır hər xalqın öz gücü ilə dirəniş göstərib, yatmış dünyanı daha qətiyyətli hərəkətə gətirməyə. Bir halda ki, hədəfdə Azərbaycan da var, biz də buna hazır olmalıyıq.