Miskinliyin son həddi

Bu günlərdə Azərbaycan Yazıçılar Birliyi (AYB) ədəbi, daha dəqiq desək, anti-ədəbi orqanlarının baş redaktorlarını dəyişib. Bir az da konkretləşdirsək, yaptokratiyanın çoxdan aludə olduğu “karusel təyinatları” həyata keçirilib, bir anti-ədəbi orqanın baş redaktoru digərinə, o birinin müavini elə həmin anti-ədəbi orqanın başına gətirilib və s. Obrazlı desək, Vəlinin papağı Əlinin, Əlinin papağı Vəlinin başına qoyulub. Indi guya bununla həmin qəzet və jurnallarda nə isə dəyişəcək. Axı necə dəyişə bilər? Ha Hasan Keçəl, ha Keçəl Hasan. Nə təvafütü var? Bəyəm toplananların yerini dəyişəndə cəm dəyişir?  

Boş söhbətdir. Hələ Yazıçılar Birliyinin binası təmir ediləndə yazmışdım ki, o binadan əvvəl AYB-nin başında əyləşənlərin beyninin təmirə ehtiyacı var. Indi isə bir az da irəli getmək istəyirəm: bunların beynini təmir etmək Moskvanı uçurub yenidən tikməkdən daha müşkül və mümkünsüzdür. Bu ədəbiyyat qozbellərinin düzələcəyinə artıq heç bir ümid qalmamışdır.

Bizdə AYB başda olmaqla, sovetdənqalma institutların rejim üçün nə qədər vazkeçilməz olduğunu anlamağa çətinlik çəkənlər, ya da bilərəkdən anlamaq istəməyənlər var. Kinematoqrafçılar Ittifaqı ilə bağlı baş verənləri xatırlayın. Axı Rüstəm Ibrahimbəyovla bağlı məlum baş verənlərdən sonra onun sədri olduğu bu Ittifaqa tələm-tələsik alternativ yaratmaq nə üçün idi? Əlində bu qədər güc cəmləmiş yaptokratiyanın hansısa Kinematoqrafçılar Ittifaqı olmasa, sanki işi getməyəcəkdimi? Sadəcə, məsələ burasındadır ki, rejim bu cür “mənəvi dəyənəklərsiz” keçinməyin mümkün olmadığının fərqindədir, müxalifətdə isə hələ də belə qurumların və onların rəhbərlərinə qeyd-şərtsiz itaət hökm sürür. Xalqsız xalq yazıçılarına, xalqsız xalq şairlərinə, xalqsız xalq artistlərinə könüllü biət ruhu hakimdir. Belə daxili köləliklə rejimə qarşı mübarizənin öz məntiqi sonluğuna çatacağına isə yalnız nadanlar və sadəlöhvlər inana bilərlər.

Heç düşünmüsünüzmü ki, Azad Yazarlar Ocağını illərdən bəridir qeydiyyata almamaqda dirəşən rejimin məqsədi nə ola bilər? Yaxud Azad Fikir Universitetinə belə dözümsüz yanaşmaq nəyə lazımdır? Rejim niyə belə edir? Hardasa üç beş yazarın, intellektualın toplaşması niyə onu qıcıqlandırır, özündən çıxarır?

Çünki yaptokratiya öz mövcudluğunun qorunub-saxlanılmasına sistemli yanaşır. Başa düşür ki, onun kimi sistemlərin çöküşü əvvəlci şüurlardan başlayır. Alternativ fikir, düşüncə tribunalarının yaranması qaçılmaz süqutu sürətləndirə bilər. 

Napoleon əbəs yerə Burbonlar sülaləsinin süqutunu azad söz və fikir üzərində yasaqların qaldırılmasına bağlamamışdı ki? Qayıdaq AYB-dəki son “islahatlara”. Rejim bu qurumu öz çətiri altına almaq və inadla qorumaqda hansı məqsədlər güdür, aydındır. Amma eyni zamanda anlayır ki, bu qurum son illərdə tamamilə hörmətdən düşüb, ədəbi prosesdən və ictimai həyatdan kənar, birilərinin öz şəxsi eqo və mənfəətlərini təmin etmək vasitəsinə çevrilib. Yazıçılar Birliyinə ayrılan pullar faktiki olaraq heç bir funksionallığa malik deyil. Üstəlik, Anar Rzayev və əshabələrinə tapşırılan ədhəbiyyatı tamamən partiya və hökumətin iradəsinə tabe etmək, ədəbi prosesi tək əldə cəmləmək, tormozlamaq, onun özünü canlı orqanizm kimi hiss etməsini əngəlləmək idi. Amma bu gözləntilər də özünü doğrultmadı. Son 10 illikdə ədəbiyyat ciddi mədəni və ictimai, hətta siyasi müqavimət roluna üstləndi, azad ruhlu yazarlar ölkədə önəmli, toplumu yönləndirici mövqelər qazandılar. Bütün bunlardan sonra, belə ölüvay, yarıtmaz qurum yaptokratiyanın hansı yaralı barmağına dərman ola bilərdi?

Odur ki, görünür, “dəyişiklik” düyməsi basılıb. Amma bu dəyişim əsla mahiyyəti ifadə etmir. Kosmetika xarakterlidir, formaldır. Canını çoxdan tapşırmış AYB-yə süni nəfəs vermək cəhdləridir və əsla uğurlu ola bilməz. Artıq cin şüşədən çıxıb. Ədəbiyyat partiya və hökumətin iradəsindən kənarda, rejimin AYB adlı toxmağının zərbindən qıraqda əmin addımlarla yürüməkdədir. Onun geridönüşü artıq yoxdur. Azərbaycanda azad sözün, azad fikrin, azad qələmin qarşısında heç bir maliyyə və inzibati güclə dayanmaq mümkün deyil. Bunu hələ də anlamayanlar isə necə də miskin görünürlər!