Əliyevin fürsətcil manevri

Qərb yalnız prinsipial mövqe ilə qələbə qazana bilər

Azərbaycan hökuməti BMT-də Ukraynanın ərazi bütövlüyünü dəstəkləsə də, Avropa Şurası Parlament Assambleyasının sessiyasında Rusiyanın səs hüququnun dondurulması məsələsi səsə qoyulanda bitərəf qaldı. Bu xəbər bir neçə istiqamətdə şərhlərə səbəb oldu. Maraqlı məqam odur ki, Azərbaycan hökuməti BMT-də göstərdiyi mövqedə ardıcıl ola bilmədi.  Dünya birliyi ilə davamlı həmrəy ola bilməməyin əsas səbəbləri nədir? Təbii ki, burada bir variant üzərində dayanmaq olmaz. Elə isə bizim üçün əsas versiyalar hansıdır?

Demokratiya faktoru

Azərbaycandakı daxili demokratiyanın vəziyyəti Qərblə uzun müddət yanaşı getməyə imkan vermir. Insan haqlarının vəziyyəti bu faktorlardan ən qabarıq görünəni olsa da, ən başlıcası beynəlxalq təhlükəsizlik sistemində iştirak və iqtisadi məsələlərdir. Təbii ki, Azərbaycan hökuməti daxili bazardakı monopoliyadan imtina etmək fikrində deyil, ona görə də NATO və Avropa Birliyi ilə məsafə saxlamaq məcuriyyətindədir. BMT-də Ukraynanın ərazi bütövlüyünə səs vermək Azərbaycan bu qurumun Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə qəbul olunarkən səs verənlərin həmrəylik razılaşmasının nəticəsi də ola bilər. Bütün hallarda isə Azərbaycan göstərdiyi mövqe ilə Rusiyadan bir addım uzaqlaşdı. Yəqin buna görədir ki, sonradan rusiyalı generala medal vermək məcburiyyəti yarandı.

Ərazi bütövlüyü dilemması

Başqa bir faktor kimi, AŞ PA-dan fərqli olaraq, BMT-də  keçirilən səsvermənin mövzusu fərqli idi. Ola bilsin, Azərbaycan hökuməti ehtiyatlanıb ki, əgər BMT-də “ərazi bütövlüyü” prinsipinə səs verməsə, Qarabağ məsələsində ciddi səhv addım atmış sayılacaq və daxili qınağa səbəb olacaq. Ona görə də özü üçün həyati məsələ hesab edib və Rusiyanın “göz ağartmalarına” baxmayaraq, mövqe bildirməli olub.

Ikinci mühüm məqam da odur ki, Azərbaycan bu addımdan sonra Rusiya Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Gerasimova  “iki ölkə arasındakı hərbi əməkdaşılıqda xidmətlərinə görə” medalı verdi. Bu, Kremli neytrallaşdırmaq cəhdi sayıla bilərdi, amma sayılmadı. Çünki bu addımdan iki gün sonra  Rusiyanın başqa bir generalı bildirdi ki, Azərbaycan və Ermənistan arasında münaqişə aktivləşərsə, Rusiya Ermənistanla birlikdə hərəkət edəcək. Bu bəyanat ölkəmizdə ciddi qiymətləndirildimi? Bu suala cavab da vəziyyəti xeyli aydınlaşdıra bilər.

Bitərəflik də bir tərəfdirmi?

Bu məsələdə iki mühüm yanaşma var. Birincisi odur ki, Azərbaycan hökuməti BMT-dən sonra ardıcıl olaraq, bir dəfə də AŞ PA-da Rusiyanın əleyhinə səs verməklə risk etmiş olardı. Kreml dünya birliyində təklənməsinin heyfini Azərbaycandan çıxmaq fikrinə düşə bilərdi. Buna görə də məhz bitərəf qalmaq vəziyyəti qorumaq üçün doğru seçim sayıla bilər. Bu seçimi Rusiyanın qəzəbini artırmadan və Qərbə qarşı getmədən orta bir mövqe tutaraq vəziyyətdən çıxmaq kimi də qiymətləndirmək olar. Nəzərə alsaq ki, Ermənistan Rusiyanı avtomatik dəstəkləyir, deməli, Azərbaycanın bitərəf qalması ilə dünya birliyinin gözündə də Ermənistanı bir addım qabaqlamaq imkanı yaranır. Amma bu mövqenin düşünülmüş bir strategiya olduğunu demək çətinləşir. Yəni, hakimiyyət başqa amilləri ilə yuxarıda saydığımız məqamların düşünülmüş strategiya olduğunu şübhə altına alır.

Putinə müraciətlər – Iran reveransı

Azərbaycan hökumətinin ən qabaqdagedən YAP-çıları Putinə müraciət edərək, ondan Qarabağı istəməyə başlayıblar. Bu, zamanında ABŞ-dan Brejnevə göndərilən “Gəl, bizi də xilas  et” məktublarını xatırlatsa da, vəziyyət bir qədər ciddidir.  Ona görə ki, Rusiya indi “xilasetmə”ni işğalla həyata keçirir. Bu müraciətlər həm də Putinin hələ də kimlər üçünsə ümid yeri olduğunu göstərmək məqsədilə edilir. Eldar Ibrahimovun bu hakimiyyətin əsas danışan dillərindən biri olduğunu nəzərə alsaq, görərik ki, rəsmi Bakı bir tərəfdən Rusiya məsələsində neytral qalır, o biri tərəfdən öz əsas adamlarından birinin dili ilə “biz buraxsaq da, sən bizi buraxma” bəyanatı verir. Eldar Ibrahimovun Zabelinin  çağırışlarına dəstək verməsi də bu qəbildən düşünülmüş taktikadır. Bununla da məlum olur ki, Azərbaycan hökuməti AŞ PA-da sadəcə, BMT-dəki mövqeyindən çəkilib. Qərbdən gələcək sanksiyalardan çəkindiyi üçün sərt bir dönüş etməyin ağır nəticə verəcəyini düşünərək, sadəcə, sağ ucdan ortaya doğru bir addım atıb.

Bu addımı biz həm də onunla əlaqələndirə bilərik ki, ilk vaxtlar Qərbin daha prinsipial mövqeyi BMT-dəki səsvermədə Əliyev hakimiyyətini qəti olmağa sövq edibsə, sonradan  prinsipiallığın azalması Azərbaycan hökumətini əvvəlki mövqeyə doğru hərəkət etməyə həvəsləndirib.

Açıq dərs

Fəqət, baş verənlər bir neçə istiqamətdə ciddi dərs hesab oluna bilər. Birincisi, dünya birliyi aydın bilməlidir ki, avtoritar rejimlər yalnız görünüşdə güclüdülər və azadlıqların qlobal mahiyyəti onlara da ciddi sirayət edib, təsirli bir həmlə ilə onları ram etmək mümkündür. Rusiya əvvəlcə AŞ PA-da hər hansı cəza olarsa, qurumu tərk edəcəklərini bəyan edirdisə, sonradan qalıb mövqelərini əsaslandıracaqlarını, komitələrdə işləyəcəklərini bildirdilər. Azərbaycan hakimiyyəti hər nə qədər meydan oxuyurmuş kimi görünmək istəsə də, ciddi seçimlər qarşısında qalanda və Qərb “gözünü ağardanda” öz maraqları əleyhinə olsa belə, Rusiyadan uzaqlaşa bildi. Deməli, bundan sonrakı siyasi işin başlıca iki kriteriyası olmalıdır – birincisi, təşkilatlanmış güc, ikincisi isə sarsılmaz iradə. Bunlar  olduqdan sonra qələbələr də olduqca real olacaq. Əgər Rusiya BMT-dən sonra AŞ PA-dakı səsverməni həzm edibsə, deməli, beynəlxalq birlik bir qədər də qətiyyətli olmalıdır. Elə Azərbaycan xalqı da…