Deputatın qohumuna korrupsiya ittihamı

«Təhsil şöbəsində açıq saxtakarlıq, soyğunçuluq və mənimsəmə baş alıb gedir»

Lerik rayon sakini Muxtarov Həsənağa təhsil sektorundakı yeyinti haqda redaksiyamıza məktub göndərib. O, bu məktubu müxtəlif dövlət qurumlarına göndərdiyini, ancaq tədbir görülmədiyini bildirir. Redaksiyamıza yazmaqda məqsədi məktubun dövlət başçısına çatmasına inamıdır, bəlkə bu yolla şikayəti oxundu və tədbir görüldü.

“Cənab prezident, yazıb sizə bildirirəm ki, mən 50 il rayonda rəhbər vəzifələrdə işləmişəm, o cümlədən 20 ilə yaxın rayon kənd təsərrüfatına rəhbərlik etmişəm. Işlədiyim bütün bu müddətdə çalışmışam ki, dövlət qanunlarına əməl edim. Rayonda olan bir çox məmurlar rayon təhsil idarəsində qanuna zidd fəaliyyət göstərir və sizin verdiyiniz tapşırıqları pozaraq, öz şəxsi məqsədlərini həyata keçirirlər. Rayon təhsil idarəsinin müdiri Balaşirin Nəsirov xalqın gözü qarşısında, açıq şəkildə saxtakarlıq edir, mənimsəmələr həyata keçirir. Təkcə 2013-cü ildə Bakı və digər rayonlarda olan şirkətlərə 900000 manat pul köçürərək, inventar avadanlıqlar almaq adı ilə mənimsəyib.

1.Belə ki, Bakı şəhərində olan “Qızıl-Qala” MMC-yə 120000 manat kompüter və blencer almaq üçün pul köçürülmüşdü. “Xəzər ulduzu” MMC-yə 93000 manatlıq kompüter və televizor, “Affari” MMC-yə 20000 manatlıq yumşaq inventar, “Vinetor” MMC-yə 90000 manatlıq şkaf, asılqan, müəllim masası, “Ceyhun” MMC-yə 21000 manatlıq yumşaq inventar “Parlet” MMC-yə 80000 manatlıq stul, “Şturman” MMC-yə 21000 yumşaq inventar, Masallı rayonunda olan bir MMC-yə müəyyən avadanlıqlar almaq üçün 240000 manat köçürülərək mənimsənilib. 

Rayonda olan məktəblərdə yuxarıda göstərilən avadanlıqlar demək olar ki, yoxdur. Alınmış inventar və avadanlıqları dəyərindən artıq şişirdərək, bir çox məktəb direktorlarına və digər müəssisə rəhbərlərinə qəbul etdiklərinə dair sənəd imzaladıblar.  

Məsələn, 1 ədəd əl topunua 120 manat, 1 ədəd saniyəölçənə 60 manat yazıblar. Rayon təhsil şöbəsinin müdiri peşə məktəbində işləyərkən 40000 manat mənimsəmə etmişdi. Hər ay orta məktəb direktorlarından 50 manat, natamam orat məktəb direktorlarından 30 manat pul yığır. Rayonda 16 uşaq bağçasının olmasına dair hesabat verilir və ayrılan vəsait mənimsənilir.

Bu adam təhsil nazirinin xəbəri olmadan 25 nəfər müəllimi işə qəbul edib, əlbəttə ki, tamah məqsədilə. Yaxını Süleyman Rzayevin mövcud olmayan tikinti şirkəti vasitəsilə dövlət vəsaiti mənimsənilir. Əgər bu şirkət mövcuddursa, bunun işçi qüvvəsi hardadır? 

Bu dərs ilində rayonun 3 kəndində 160 şagirdlik natamam orta məktəb binası tikilib. Halbuki həmin məktəblərdə 40 nəfərdən artıq şagird yoxdur. 160 nəfərlik məktəbin tikintisinə sərf olunmuş vəsait süni şəkildə şişirdilərək, 1 milyon 800 min manat dəyərində sənədləşdirilib. Xahiş edirəm bu tikinti işlərini etibarlı mütəxəssislərə yoxlatdırıb, tədbir görəsiniz.

Son 4-5 tədris ilində şagirdlərin sayı 13000 olsada, 2011-2012-ci dərs ilində bu rəqəm 8000-ə endirilib. Beləliklə, 5000 şagird üçün külli miqdarda vəsait mənimsənilib. Sual ortaya çıxır 5000 şagird hara yoxa çıxıb.

Nəsirov həmişə intriqa yaradaraq adamları bir-birinə qarşı qoyur. “Təhsil problemləri” qəzetində B.Nəsirovun qanunsuz hərəkətləri barədə xeyli yazı çap olunub. Işçilərə göstəriş verib ki, onun əməllərini tənqid edən qəzetin Lerikdə yayımına imkan verilməsin. Çox hörmətli prezident, hər hansı bir dövlət məmurunun  xalqa, ictimaiyyətə hörmətsizliyi “gedin kimə istəyirsiniz deyin, mən belə edirəm” deməsindədir. Onda həmin məmur dövlətə və prezidentə xəyanət etmiş olur. O, xalqda dövlətə qarşı kin-küdurət yaratmağa çalışır. Rayon rəhbərliyi onu müdafiə edir, korrupsiya əməllərinə göz yumur.

Bu Nəsirov kasıb ailədən olan bir şəxsdir. Lakin qısa müddətdə özünə 2 ədəd 100-150 min manatlıq xarici maşın alıb, Bakıda Mərdəkan qəsəbəsində və rayon mərkəzində dəbdəbəli ev tikdirib. Vaxtının çoxunu deputat qohumu Hüseynbala Mirələmovun “1001 gecə” istirahət zonasında keçirir. Çox təəssüf ki, Nəsirovun belə əməllərinə sipər çəkməli olan icra başçısı R.Bağırov və Hüseynbala Mirələmov onun müdafiəçisi kimi çıxış edir.

Hörmətli prezident, göstərilən faktların yoxlanılmasını və lazımi sərəncam verməyinizi xahiş edirəm”.

Balaşirin Nəsirov “Azadlıq”a açıqlamasında səslənən fikirlərin cəfəngiyyat olduğunu bildirdi: “Həmin məktubu Həsənağanın adından başqası yazıb. Ancaq yazılanlar tamamilə cəfngiyyatdır, reallığı əks etdirmir. Bir rayonda bu miqyasda yeyinti etmək olmaz. Aidiyyatı orqanlar bu məsələ ilə məşğul olur”.

P.S. Redaksiya məktub müəllifi ilə əlaqə saxlayıb və Həsənağa Muxtarov məktubun ona məxsus olduğunu bildirib.