Nərmin niyə gülürdü?

Yəqin artıq xəbəriniz var, düz bir ay öncəyədək çoxumuzun sağlamlığına qovuşması üçün tək ürək olduğu, imkanı çatanımızın maddi cəhətdən, buna gücü yetməyənimizin isə mənəvi şəkildə, duaları ilə yardımda bulunmaq istədiyi, amma sonda hər şeyə rəğmən ölümün pəncəsindən xilas etməkdə gücsüz qaldığı Nərmin Hüseynlinin ailəsinə iki gün əvvəl Səhiyyə Nazirliyindən bir məktub gəlib. Həmin məktubda Nərminin ailəsinin vaxtilə onun müalicəsinə köməklik göstərilməsi ilə bağlı ünvanladığı müraciətə müsbət rəy verildiyi və yardım göstəriləcəyi bildirilir.

Səhiyyə Nazirliyinin cavabı Nərminin ailəsinə yetişərkən o artıq bir ay idi ki, həyatda yox idi.  Indi çoxları nazirliyin bu cavabına ad qoymağa çalışır, onu “biabırçılıq” adlandıranlar da var, bir az da irəli gedib daha ağır ifadələr yazanlar, deyənlər də. Bəs gerçəklikdə bu baş verənin adı nədir? Heç nə. Azərbaycanın indiki idarəetməsi üçün, Karlsonun təbirincə desək, “adi həyat hadisəsidir”.  Bəyəm bu ölkədə ölmüş adamın adına seçki çağırışı göndərilmirmi?  Üstəlik, ölmüş adamın əvəzinə səs verilmirmi? Bütün bunlardan sonra dünyasını dəyişən bir insanın ailəsinə “müalicə üçün köməklik ediləcəyinə” dair məktub gəlibsə, daha heyrətlənmək, qəzəblənmək nə üçündür?

Həftələrcə sosial şəbəkələrdən tut qəzetlərədək Nərminin ayaqda qalması üçün o qədər kampaniya aparıldı, bu qızın həyatı az qala gündəmin bir nömrəli mövzusuna çevrildi, siz Səhiyyə Nazirliyi qarışıq, hansısa dövlət qurumundan bir reaksiya, təpki gördünüzmü? Yox. Niyə? Çünki Nərmin bir xalq artisti, əməkdar artist, tanınmış, məşhur biri deyildi, onun müalicəsinə üstlənmək hakimiyyətə hər hansı dividend gətirmirdi, üstəlik, seçkiqabağı da deyildi. Bir sözlə, “humanizm şousu” yaratmaq üçün heç bir səbəb yox idi. Elə isə bu ölkənin bərbad səhiyyəsinin, həkim səhlənkarlığının növbəti qurbanı olan Nərminə sahib çıxmaq yaptokratiyanın nəyinə lazım idi?

Amma daha betər olan odur ki, Nərminin ölüm xəbəri ildırım sürəti ilə hər yana yayıldı, eşidib-bilən hər kəsi yasa boğdu, mətbuatın az qala baş xəbərinə çevrildi. Indi məlum olur ki, Səhiyyə Nazirliyindəkilər bu qədər ictimai əks-səda doğurmuş ölüm faktından belə xəbərsiz qalıblar, yoxsa onun ailəsinə belə bir “cavab məktubu”nu niyə yollayısınlar? 

Azərbaycanın mövcud idarəetməsinin vurdumduymazlığını, gönüqalınlığını, ictimai biganəliyini bu qədər aydın göstərən fakt tapmaq çətindir. Yaptokratiya ölkənin bütün reallıqlarından, gerçəkliklərindən bax bu qədər uzaq və xəbərsizdirlər. Yağmalamaqdan, sümürməkdən başları açılıb bir az da nə olub-bitdiyi ilə ilgilənsələr, maraqlansalar, Nərminin artıq çoxdan dünyada olmadığını da bilərdilər, bütövlükdə Azərbaycanı çağdaş dünyadan nə qədər qopardıqlarını, uzaqlaşdırdıqlarını da!

***

Yaşanan olay həm də ölkə səhiyyəsinin içacıdıcı, acınacaqlı durumunun əsl səbəbini də göz önünə sərir. Bunlar ölüm ayağındakı bir xəstənin müalicə üçün az qala ay yarım oturub gözləyə biləcəyini düşünəcək savad, ağıl sahibidirlərsə, daha biz Azərbaycan xəstəxanalarındakı yanlış müayinələrə, səhv müalicələrə niyə təəccüblənməliyik? Belə ağılda adamların idarə etdiyi səhiyyə öldürməyib başqa nə etməlidir ki?   

***

Nərminin ölümün pəncəsində ikən belə, o gülən üzünü xatırlayırsınızmı? Ölüm yatağında ikən belə, o gülümsər çöhrəsi yadınızdadırmı Nərminin? Biz bunu əcəllə burun-buruna, göz-gözə olan gənc bir qızın həyat eşqi ilə izah edirdik. Kim bilir, bəlkə Nərmin bu günü görür, dünyasını dəyişdikdən sonra müalicəsinə kömək ediləcəyi ilə bağlı cavab məktubu gələcəyini bilir və buna gülürdü? Ya da bəlkə ağlamalı halımıza gülürdü Nərmin, hardan bilmək olar?