İlham Əliyevin Naxçıvana səfərilə bağlı yeni məqamlar ortaya çıxdı
Diaspor təşkilatlarında nurçuların yerləşdirildiyi barədə məlumatlar var
Ölkə başçısı Ilham Əliyevin Naxçıvan Muxtar Respublikasına qəfil səfərilə bağlı yeni məqamlar ortaya çıxıb. Ilham Əliyev Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana gəlişindən sonra Naxçıvana səfər etmişdi. Bu səfər barədə ictimaiyyətə əvvəlcədən məlumat verilməmişdi. Bəzi məlumatlara görə, ölkə başçısının Naxçıvana səfəri son vaxtlar Azərbaycan üçün müəyyən təhlükələrə səbəb ola biləcək geosiyasi hadisələrlə bağlıdır.
Bu sırada Rusiya ilə Ukrayna arasında yaranmış qarşıdurma xüsusi yer tutur. Rəsmi Bakı oxşar siyasətin Azərbaycana qarşı da yürüdülə biləcəyindən narahatdır. Xüsusi narahatlıq Naxçıvandandır. Çünki Naxçıvan Muxtar Respublikadır. Ilham Əliyevin səfər zamanı hərbi hissələrə baş çəkməsi, ordunun hazırlığını yoxlaması, silah-sursatla maraqlanması da bununla bağlıdır.
Dünən əldə etdiyimiz məlumatlarda isə bildirilir ki, Ilham Əliyevin Naxçıvana qəfil səfərinin başqa səbəbi də nurçular və PKK ilə bağlıdır. Iddialara görə, Ərdoğan Əliyevlə görüşündə nurçuların və PKK-nın Naxçıvanda da ciddi dayaqlarının olduğunu bildirib. O, bu problemin çözülməsini tələb edib. Ilham Əliyev də vəziyyəti yerində öyrənmək və müəyyən tədbirlər görmək üçün Naxıvana səfər edib.
***
Nurçu təhlükəsilə bağlı redaksiyamıza başqa ilginc məlumatlar da daxil olub. Məlumatlarda bildirilir ki, hakimiyyətdə xaricdəki diaspor təşkilatlarında da ciddi araşdırılma aparılması məsələsi müzakirə olunur. Məsələ burasındadır ki, xaricdəki diaspor təşkilatlarının qurulmasında Türkiyənin diaspor təşkilatlarının dəstəyindən istifadə edilib. Məlumatlara görə, bu zaman nurçular Azərbaycanın diaspor təşkilatlarına öz adamlarını yerləşdiriblər. Ərdoğanın Bakıya səfərində bu məsələyə də diqqət çəkilib. Bildirilir ki, Diasporla Iş üzrə Dövlət Komitəsinin sədri Nazim Ibrahimov bundan ciddi narahat olub. O, diaspor təşkilatlarında nurçuların aşkar ediləcəyi təqdirdə ciddi karyerasını itirə biləcəyindən ehtiyat edir.
***
Bu arada məlumat yayılıb ki, Bakının Yasamal rayonunda “Inşaatçılar” metrosu olan ərazidə, Şərifzadə-Talıblı, Xıdır Mustafayev küçələrinin kəsişməsində, Capsella mağazasının yaxınlığında 2 mərtəbəli yaşayış evində Yasamal rayon polis əməkdaşlarının apardığı əməliyyat nəticəsində 30 nəfərdən çox insan tutularaq polis maşınları ilə naməlum istiqamətlərə aparılıb.
ANS PRESS-in hadisə yerində olan əməkdaşının o ərazidə yaşayan sakinlərdən aldığı məlumata görə, çox böyük ehtimalla tutulanlar nurçular olub. Onların yaşadıqları mənzillərdən xeyli sayda dini kitablar da müsadirə edilib.
Nurçu təriqətinə məxsus olduğunu deyən şəxslərdən birinin sözlərinə görə, aparılan şəxslər barəsində onlara heç bir məlumat verilmir: “Onları bölməyə aparıblar. Ordan isə hara apardıqları barəsində bizim məlumatımız yoxdur. Onların saxlanması ilə bağlı günortadan sonra vəkil polis idarəsinə gedəcək. Vəkil ordernən gedəcək və nə üçün onların saxlandığını öyrənəcək. Saxlanılanlardan heç biri buraxılmayıb. Onlar ”nurçu camaatıdır”, “Gülən camaatı” deyillər. Ora onların öz evləridir. Orada namaz qılırlar, kitab oxuyurlar. Həmin ev bir kişinin mülküdür”.
Yasamal Rayon Polis sahə inspektoru, polis baş leytenantı Natiq Abdullayev virtualaz.org saytına açıqlamasında faktı təsdiqləyib. O, saxlanılan şəxslərin Yasamal Rayon Polis Idarəsinə aparıldığını deyib. Natiq Abdullayev əlavə edib ki, saxlanılanların sayı haqda dəqiq məlumat yoxdur.
Azad


