Gəncləşən məzarlıqlar

Dostum Nazimin əziz xatirəsinə

Ömür qatarının son dayanacağı olan qəbiristanlığın mənim üçün nə vaxtsa yazmaq üçün mövzu olacağını heç zaman düşünməmişdim. Lakin üç gün əvvəl vəfat etmiş əziz dostumu, özümə böyük qardaş saydığım Nazim bəyi 51 yaşında (!) torpağa tapşırandan sonra yenidən buraya baş çəkməyi qərara aldım…

Məqsədim buradan aldığım ilk təəssüratın doğru olub-olmadığını bir daha yoxlamaq idi. Cəmi yüz metr boyunca gördüyüm məzar daşlarındakı tarixlərdən sözün əsl mənasında şoka düşmüşdüm. Bizim gedəcəyimiz kiçik məsafədə dəfn olunmuş mərhumların əksəriyyəti mənimlə eyni nəsildən idi…    

Və dəhşətli bir mənzərə ilə qarşı-qarşıya qaldım. Bir gün əvvəl 100 metr məsafədə gördüklərimi, nə yazıq ki, bütün qəbiristanlığa aid etmək olardı…

Vaxtsız dünyasını dəyişən gənclər burada sözün əsl mənasında ixtiyarlara meydan oxuyur. Son vaxtlar dəbə dönmüş qara mərmərli məzarların sürətlə artaraq, boz rəngli qəbirlərə çatmasına elə də çox qalmayıb…

Hasara alınmış ailəvi guşələrdəki 18-20 yaşlı gənclərin əksəriyyəti orduda həlak olanlar idi. Onlar burda yalnız idilər, ata-anasının, baba-nənəsinin “yolunu gözləyirdilər”. Dəfn olunanların böyük əksəriyyət isə, 50-60 yaş arasında dünyasını dəyişənlər idi. 

Bəli, əziz oxucu, ölüm çox adiləşib, biz doğrudan da çaya su içməyə enən… və oradakı timsahın varlığından xəbərsiz maral sürüsünə bənzəməyə başlamışıq. 

Artıq başsağlığı elanlarındakı “vaxtsız ölüm” ifadəsi də öz əvvəlki mənasını itirib, çünki 55-60 yaş normal(!) hədd hesab edilir. Kədərlidir, deyilmi?

Avtoritar rejimlərin ən başlıca problemi insan faktorudur. Məhdud sayda geniş imtiyaz verilmiş təbəqə xaricində bütün cəmiyyət obrazlı desək, “oyundankənar” vəziyyətdə qalır. Əziz xatirəsinə yazı həsr etdiyim Nazim bəy də belələrindən idi. SSRI-nin ən səviyyəli ali məktəblərindən birində iqtisadçı təhsili almışdı. Son on beş ildə sevimli peşəsindən “ayrı” düşən bu insanı ancaq biz yaxınları tanıdı. Halbuki, normal cəmiyyətdə nazir, millət vəkili, nəhayət uğurlu biznesmen ola bilərdi. Bu rejimin standartlarına uyum saxlaya bilmədi. Universal biliyə sahib olan mərhum çox həssas idi və bunu başqalarından ustalıqla gizlədirdi. Canı qədər sevdiyi Vətəni onun xidmətindən məhrum idi… Məzarlıqla təxminən bir saata yaxın tanışlıqdan sonra əmin oldum ki, burada bütöv bir nəsil qeyri-təbii şəkildə dünyasını dəyişib. 

Bu ölümlərə son 20 ildə bir növ adət etmişik. Vaxt gələcək bu 20, bəlkə də bir az çox illər tariximizə depressiya, mənəvi fəlakət illəri kimi düşəcək. Yəhudi əsilli alman politoloqu, totalitarizm nəzəriyyəsinin banisi, Hanna Arendtə görə, “Totalitarizm insanlar üzərində despotik hökmranlıqdan çox, insanların tamamilə lazım olmadığı bir sistemin qurulmasına can atır”. Deməli, dolayı yolla, birbaşa bunun üçün nə lazımdırsa, edir.  

Bu yaxınlarda bir harın məmur balasının günahı ucbatından 5 yaşlı nəvəsi və həyat yoldaşını dəfn edən xalq artisti prezidentə təşəkkür etdi. Bilirsinizmi, niyə? O səbəbə görə ki, prezident cinayətkarın atasını işdən çıxardı, bununla da onun həbs edilməsinə yaşıl işıq yandırdı. Faciədir, deyilmi?

Sual olunur, bəs aylıq maaşı beş-altı yüz olan məmurun milyonlar qazanmasına şərait yaradan kimdir? Əgər ölkədə rüşvət və korrupsiya olmasaydı, təbii ki, həmin məmur oğluna 250 minlik, zirehli və yarımhərbi maşını ala bilməyəcəkdi. Ölkədə qayda-qanun olsaydı, həmin məmur balası da sərxoş vəziyyətdə maşını yüksək sürətlə idarə etməyə cəsarət etməzdi… Mən bu təşəkkürü anlamaqda çətinlik çəkirəm, qardaşım…

Iqtidar rəsmilərinin ordudakı əsgər ölümləri ilə bağlı açıqlamalarına fikir verin. Bütün əsgərlik yaşına çatmış qohum-əqrəbasını xidmətdən yayındıran bu məxluqlar 20 ildir ki, eyni şeyi təkrarlıyırlar – “ordu varsa, orda ölüm olmalıdır”(!).

Ölüm səbəbləri nə qədər müxtəlif olsa da, onların hər birinin arxasında rejimin vətəndaşlara qarşı yumşaq dildə desək, törətdikləri durur.  

Bizi yalnız on manata görə nənəsini baltalayan yeniyetmə, iki körpə uşağının gözü qarşısında həyat yoldaşını öldürən manyak, 70 yaşlı qadını zorlayıb, qarət edən gənc təəccübləndirə bilir. Fikir vermisinizsə, qurbanını “insafla”, yəni bir neçə bıçaq zərbəsi ilə qətlə yetirən qatil haqqında isə… aparıcılar təəssüflə danışmağa başlayıb…

…Hərdən mənə elə gəlir ki, qəbir yerləri bir az ucuz olsaydı, ölümlər də çox olardı…