Elnur Aslanovun televiziyası bağlandı

Ceyhun Osmanlı barədə isə ilginc məlumatlar yayıldı

Azərbaycanda internet televiziyasının bağlanma xəbəri yayılıb. Milli.Az-a daxil olan məlumata görə, Yurd TV internet televiziyası fəaliyyətini dayandırıb. Bu barədə qərar dünən axşam saatlarında qəbul olunub. Yurd TV-nin Xəbərlər departamentinin rəhbəri Səadət Məmmədova açıqlama verərək bildirib ki, televiziyanın fəaliyyətinin dayandırılması ilə bağlı əməkdaşlara heç bir rəsmi məlumat verilməyib. “Hazırda bütün əməkdaşlar işdədirlər”, – o əlavə edib.
Yurd TV-nin Prezident

Administrasiyasınnın sabiq şöbə müdiri Elnur Aslanova məxsus olduğu bildirilir.
APA-nın verdiyi məlumata görə, Yurd TV-nin bağlanması barədə qərar dünən axşam saatlarında qəbul edilib.
Qərarı kollektivə layihənin rəhbəri Rüstəm Əliyev elan edib. Ancaq qərarın səbəbi barədə heç nə deyilməyib.
“Yurd” TV 2011-ci il martın 1-də fəaliyyətə başlayıb. Televiziya əsasən informasiya, ictimai-siyasi, sosial istiqamətdə fəaliyyət göstərib.

Televiziyanın Elnur Aslanova bağlı olduğuna görə bağlandığı ehtimal edilir. Elnur Aslanovun adı nurçularla əlaqədə hallanır. Elə bu səbəbdən o, Prezident Administrasiyasındakı şöbə müdiri vəzifəsindən çıxarılıb.

Nurçularla əlaqədə adı hallanan deputat Ceyhun Osmanlı barədə də ilginc məlumatlar yayılıb. Virtualaz.org saytı deputatın Qərblə şübhəli ilişgilərdə olduğunu yazıb. Saytın yazdığına görə, Ceyhun Osmanlı Qərbin maliyyəsi ilə hakimiyyətə qarşı addımlarda bulunub: “Ceyhun Osmanlı nurçuların Azərbaycandakı rezidenti Elnur Aslanovun himayədarlığı altında son bir neçə il ərzində ABŞ qeyri-hökumət təşkilatları ilə fəal və əlbir işləyib. Bu QHT-lərin adı isə postsovet və ərəb ölkələrində yerli hakimiyyətləri yıxmaq üçün hazırlanan ”rəngli inqilab ssenariləri”nin icrası fonunda tez-tez hallanıb. Ceyhun Osmanlının Fətullah Gülənlə əməkdaşlıq etmək üçün iki kanal əldə etmişdi – Elnur Aslanov və ABŞ QHT-ləri.

C.Osmanlı “Irəli”yə bilavasitə rəhbərlik etdiyi dövrdə USAID və IRI-dən (ABŞ-ın Beynəlxalq Respublikaçılar Institutu) maliyyə dəstəyi alaraq sosial şəbəkələrin, o cümlədən Facebook və Twitterin Azərbaycanda inkişafı və populyarlaşdırılması, həmçinin gənclərdən ibarət sosial qrupları idarə etməyin öyrənilməsi ilə məşğul olurdu. 2007-ci ildən etibarən Amerikanın pulları hesabına Informasiya Texnologiyaları Mərkəzinin çətiri altına toplaşan gənc fəallar burada heç də proqramlaşdırmanın sirlərini, alqoritmləri və kompüter texnologiyalarını öyrənmirdilər. “Gənc islahatçı” Ceyhun Osmanlı pullarını səxavətlə xüsusi kursların yaradılmasına xərcləyirdi. Həmin xüsusi kurslar isə gənc fəallara ekstremal bloggerliyin və hosterin texnologiyasını öyrətmək üçün idi. Özü də ərəb inqilablarının ən qızğın vaxtında! Təsadüf idimi?..

…ABŞ-ın “rəngli inqilablar”ın təşkilində ixtisaslaşan iki əsas QHT-sinin yüksək rütbəli nümayəndələri 2009-cu ildə C.Osmanlı ilə danışıqlar aparıb. Bunlar IRI-nin Azərbaycan üzrə direktoru Cekob Cons (Cake Cones) və ABŞ Milli Demokratiya Institutunun (MDI/NDI) başçısı Arien de Volf (Arien de Volff) idilər.
Həmin görüşdə müzakirə olunan “qarşılıqlı maraq doğuran” məsələlərin nədən ibarət olduğu məlum deyil. Amma bu dəqiqdir ki, bu görüşdən sonra Ceyhun Osmanlının “səhmləri” ikiqat qiymətə minmişdi. Daha sonra Ceyhun Osmanlını ABŞ-ın Azərbaycandakı səfirliyinə, müvəqqəti işlər vəkili Donald Lu ilə məxfi görüşə göndərdilər.

Ceyhun Osmanlı Donald Lu ilə 2009-cu ilin sentyabrında keçirilən görüşdə nə az, nə çox, birbaşa bəyan etdi ki: “Azərbaycan 10 ildən sonra inkişaf etmiş ölkəyə çevriləcək. Amma bu, yalnız düzgün adamların lazımi yerlərdə və postlarda olacağı halda mümkün olacaq”.

Ceyhun Osmanlı daha sonra lap inanılmaz addım atır. O, Əliyev hakimiyyətini dəstəkləmək və gücləndirmək üçün yaradılmış “Irəli”ni faktiki olaraq amerikalı diplomatın qucağına atır. Ceyhun Osmanlı Donald Luya məlumat verərək deyir ki, “Irəli” çox vacib şəbəkədir, onun üzvləri həlledici də olmasa, hər halda vacib dövlət postlarında və biznes qurumlarında təmsil olunurlar…

…Ceyhun Osmanlı ilə D.Lunun şəxsi söhbətinin məzmunu Vaşinqtona – Dövlət Departamenti ilə MKI-yə göndərilmişdi…

MKI ilə Dövlət Departamentinə göndərilmiş depeşedə xüsusi vurğulanırdı ki, “Irəli” Ceyhun Osmanlının rəhbərliyi altında ümumi dəyəri 1 milyon dollar olan iki illik layihənin həyata keçirilməsi ilə məşğuldur və bu layihənin məqsədi 50 min nəfər gənc və fəal internet istifadəçisi hazırlayıb yetişdirməkdir. Amerikalılar bunu da xüsusi təəssüf hissi ilə bildirirdilər ki, Ceyhun Osmanlı müvafiq maliyyə sənədlərini təqdim etməyib. Böyük ehtimalla burada söhbət çoxmilyonluq layihədəki yeyintidən gedir…

…Yalnız o məlumdur ki, Ceyhun Osmanlı bu layihələri həyata keçirəndən dərhal sonra özünə lüks maşınlar – “Range Rover”, “Mercedes” və s. alıb. Ceyhun Osmanlının bu gözlənilməz və fantastik gəlirinin mənbələri isə göstərilməyib. Nə gəlir bəyannaməsində, nə də digər hesabat və sənədlərdə…”

Sayt Ceyhun Osmanlı ilə bağlı ABŞ-ın Azərbaycandakı səfirliyindən Vaşinqtona göndərilən göndərilmiş teleqramın mətnini də yayıb. Teleqramda Ceyhun Osmanlı ilə görüş barədə məruzə əks olunub.