“Bunların imicini heç fələk də təmizləyə bilməz”

Əli Kərimli hakimiyyətin beynəlxalq aləmdə necə rüsvay olmağından yazdı

AXCP sədri Əli Kərimli son günlər ölkədə baş verənlər, o cümlədən benzinin qiymətinin artması, Avstriyada Azərbaycanla bağlı rüşvət məhkəməsində nazirlər Ramil Usubov və Eldar Mahmudov, həmçinin Mərkəzi Bankın sədri Elman Rüstəmovun dindirilməsi tələbinin irəli sürülməsilə bağlı fikirlərini bölüşüb. Əli Kərimli “facebook” səhifəsində yazır:

“Başa düşdük ki, xalqımızı avam və sadəlövh sayırlar. Hesab edirlər ki, benzinin qiymətini 4 ayda üst-üstə 2 dəfəyə yaxın qaldırıb, pensiyaları da 1 manat 30 qəpik artırmağın necə anti-xalq siyasəti olduğunu bizim camaat başa düşməyəcək. Bəs dünyanı, beynəlxalq ictimaiyyəti niyə avam sayırlar?

İlham Əliyevin Dubayda aldığı villalar, Panamadakı offşor şirkətlər, ölkədən çıxarılan 48 milyard dollarlıq vəsait, Çovdar qızıl yataqlarından tutmuş, Masazırdakı duz gölünə qədər ölkənin bütün sərvətlərinə ailə şirkətləri vasitəsilə yiyələnməsi çoxdan dünyanın bildiyi məsələlərdir.

Beynəlxalq boks turnirində qızıl medallar, “Eurovision” yarışmasında yüksək səs üçün təşkilatçı və iştirakçılara təklif olunan rüşvətlərin də üstü dəlil-sübutlarla açılıb.

Fransa məhkəməsi Əliyevlərin naziri Kəmaləddin Heydərovu ailənin başqa bir üzvü Sevil Əliyeva üçün qanunsuz xərcləmələr etdiyinə görə 50 min avro cərimələyib; bunların sevimli iş adamlarından olan Hafiz Məmmədov fransalı jurnalistlərə rüşvət verdiyinə və ümumiyyətlə, Fransa futboluna yatırdığı pulların çirkli, qaranlıq mənbəyinə görə xarici medianın təhqiqat obyektinə çevrilib.

Ölkədəki siyasi məhbusların bitməz siyahısı, azad mətbuata qarşı dayanmayan təzyiqlər, ATƏT, Avropa Birliyi, ABŞ səviyyəsində təsdiqlənən seçki saxtakarlıqları da öz yerində…

Bütün bunlardan sonra İlham Əliyev hökuməti hesab edir ki, “xruşşovka”lara bahalı üzlük daş yapışdırıb gecə-gündüz işıqlandıranda, Qəbələdə klassik musiqi festivalı keçirib iştirakçılarını da, dinləyicilərini də xaricdən gətirəndə, müxtəlif idman yarışlarının keçirilməsinə milyardlar xərcləyəndə imici düzələcək; bunlara daha “seçki saxtakarı”, “korrupsioner”, “mətbuat yırtıcısı” deməyəcəklər, əksinə, mədəni, sivil birisi kimi baxacaqlar.

Siz xam xəyalınızda olun. Növbəti “maska düşürmə” əməliyyatı Avstriyadan gəldi. Avstriya məhkəməsi Suriya hökumətinin təmsilçiləri ilə birlikdə Azərbaycan hakimiyyətinin üç mühüm fiqurunu rüşvət işi üzrə dindirməyə hazırlaşır. Manatımızın çapı zamanı Azərbaycan hakimiyyət təmsilçilərinin Panamadakı şirkət vasitəsilə aldığı 14 milyon avro rüşvəti araşdıracaqlar. Bu da sizə soyuq duş. Sizin imicinizi hansısa lobbi şirkəti, fasad dəyişmə əməliyyatı yox, artıq heç fələk də təmizləyə bilməz.

Bu xalqın böyük bir hissəsi dolana bilmir. Onun milyardlarını mənasız, gözə kül üfürmə layihələrinə xərcləməyin!”