Azərbaycanlı nazirlər məhkəməyə zorla aparıla bilər

Vyanadakı «rüşvət məhkəməsin»dən qaçmaq çətin olacaq

Avstriyanın “Die Presse” qəzetində Azərbaycan hakimiyyətinin ünlü isimlərinin də adı hallandığı Vyanadakı rüşvət məhkəməsi barədə geniş məqalə dərc olunması barədə xəbər vermişdik. Bildirmişdik ki, məqalədə məhkəmə prosesinin hələ xeyli vaxt davam edəcəyi vurğulanır: “Çünki araşdırılası bir çox məsələlər var.

Məsələn, rüşvət zəncirinin Azərbaycan və Suriyaya necə gedib çıxdığı araşdırılmalıdır. Necə olub ki, Azərbaycan pul əskinaslarının çapı üçün verdiyi məbləğin 20 faizini geri alıb? Bu izlərin araşdırılması üçün Panama şirkəti (pul bu şirkət vasitəsilə köçürülüb) də prosesə cəlb olunub.

Sübutlar məsələsində müəyyən çətinliklər ortaya çıxıb. Çünki rüşvət Panamadakı şirkət vasitəsilə ötürülüb. Izlər də bu offşor zonada yoxa çıxır. Təqsirləndirilən şəxslərdən birinin vəkili olan Georq Zanger hesab edir ki, məhkəmə Azərbaycanın yüksək vəzifəli şəxslərini də dindirməlidir. Yalnız bundan sonra məhkəmə həqiqəti üzə çıxara bilər. Vəkil hesab edir ki, məhkəmə xüsusən Azərbaycanın daxili işlər naziri Ramil Usubov, milli təhlükəsizlik naziri Eldar Mahmudov, Mərkəzi Bankın sədri Elman Rüstəmovu, eləcə də Suriya Milli Bankının rəhbəri Adib Mayalanı dindirməlidir.

Indi məhkəmə və avstriyalı istintaqçılar dilemma qarşısındadır. Çünki Azərbaycan və Suriyada mühüm qərarlar verən vəzifəli şəxslərin korrupsiyanı etiraf edəcəklərinə inanmaq çətindir. Məsələni daha da qəlizləşdirən isə odur ki, Avstriya prokurorluğunun bu işlə bağlı sorğuları cavabsız qalır”.

Tanınmış vəkil Müzəffər Baxış deyir ki, məhkəmə bunu təmin etsə, həmin şəxslərin şahid qismində gəlməsi üçün Azərbaycana sorğu göndərəcək: “Əgər gəlməsələr məhkəmə onların məcburi gətirilməsi barədə tapşırıq verə bilər. Çünki Avstriya da Avropa Şurasının üzvüdür”.

Daxili Işlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov “Azadlıq”a məsələylə bağlı şərh verməyib: “Xaricdəki hər hansı bir vəkilin əsassız və cəfəng bəyanatını şərh etmək istəmirəm”. MTN-nin və Mərkəzi Bankın mətbuat xidmətləri ilə əlaqə yaratmaq mümkün olmayıb. Xatırladaq ki, bu cinayət işilə əlaqədar Avstriyada ümumilikdə 9 nəfər mühakimə olunur. Onların arasında Avstriya Mərkəzi Bankının sədr müavini, 63 yaşlı Volfanq Duçazek, Bankın törəmə şirkəti olan və pul çapıyla məşğul olan “OeBS”in baş direktoru Maykl Vulf da var.

83 səhifəlik ittiham aktında yazılanlara görə, təqsirləndirilən şəxslər 2005-2011-ci illərdə Azərbaycan və Suriya məmurları ilə korrupsiya sövdələşməsinə girərək, bu ölkələrin milli valyutalarının çapı üçün sifariş almağın müqabilində onların Mərkəzi Bank rəhbərliyinə təxminən 14 milyon avro rüşvət veriblər.

Ramin DEKO