Hakimiyyət iki od arasında qalıb

Rusiyanın qorxusundan AŞPA-da səsvermədə bitərəf qalan YAP iqtidarı nəyə ümid edir?

Arif Yunus: “Azərbaycan anlayır ki, açıq şəkildə tərəflərdən birini dəstəkləsə, çətin vəziyyətdə qala bilər”

AŞ PA-da səsvermə hüququndan məhrum edilən Rusiya Avropa Şurasını üzvlük haqqını tam ödəməyəcəyi ilə hədələyib. APA-nın məlumatına görə, belə bir bəyanatla Rusiyanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Aleksey Puşkov çıxış edib. Onun sözlərinə görə, üzvlük haqqının tam dayandırılması məsələsi müzakirə olunmur. Amma nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının işində iştirakı dayandırsa, üzvlük haqqı ixtisar ediləcək. Avropa Şurasının büdcəsinin 4 faizi Rusiyanın ödədiyi vəsait hesabına formalaşır və bu ölkə beş əsas ödəyicidən biridir. Nümayəndə heyətinin rəhbəri bildirib ki, Rusiya bu il 23 milyon avro üzvlük haqqı ödəyib. Xatırladaq ki, Assambleya Rusiya nümayəndə heyətini rəhbər orqanlardan uzaqlaşdırıb. 

Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti Rusiya ilə bağlı qətnamə qəbul edilərkən bitərəf qalıb. Prezident Administrasiyasının diaspor üzrə sektor müdiri Qafar Əliyev Teleqraf.com-a müsahibəsində bildirib ki, Azərbaycan Rusiya ilə münasibətləri qoruyub saxlamaqda maraqlıdır. Səsvermə zamanı bitərəf qalmağın əsas səbəbi də budur. PA rəsmisinin sözlərinə görə, Azərbaycan qətnamənin lehinə səs versəydi, MDB ölkəsi olaraq Rusiyaya qarşı ədalətsizlik etmiş olardı. 

Azərbaycanın əslində bu məsələdə bitərəf qalması rəsmi Bakının Rusiyaya dəstəyi kimi qiymətləndirilməlidir. Çünki Azərbaycanla bağlı səsvermələrdə Rusiya hər zaman rəsmi Bakının mövqeyini dəstəkləyib. Digər tərəfdən, Rusiyanın səsvermə hüququndan məhrum edilməsi Azərbaycan üçün də xəbərdarlıq ola bilər. Avropa Şurasının qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyən Azərbaycan da belə bir situasiya ilə üzləşə bilər. Bu zaman həmişə olduğu kimi Rusiya və digər avtoritar rejimlərdən dəstək gözləyəcək. Qeyd edək ki, yaxın günlərdə Avropa Şurasının baş katibi Torbyorn Yaqland Azərbaycana səfər edəcək. Bu səfər zamanı da ölkəmizin qurumda tutduğu mövqe müzakirə predmeti ola bilər. 

Konflitoloq Arif Yunus Azərbaycan nümayəndə heyətinin Rusiya ilə bağlı səsvermədə bitərəf qalmasını regionda baş verən proseslərlə izah edir. Bu gün keçmiş sovet məkanında Qərblə Rusiya arasında böyük bir rəqabət var. Azərbaycan anlayır ki, açıq şəkildə tərəflərdən birini dəstəkləsə, çətin vəziyyətdə qala bilər. Çünki bu halda tərəflərdən biri Azərbaycana qarşı sərt mövqe tutacaq. Eyni zamanda Azərbaycan rəhbərliyi Rusiyadan ehtiyat edir. Lakin Qərbin də mövqeyini nəzərə almaq lazımdır: “Regionda kəskin şəkildə geosiyasi oyun gedir. NATO və Rusiya kiçik respublikalara mesajlar göndərir. Ermənistan daha çox Rusiyanın təsiri altındadır. Ona görə bir az fərqli yanaşır. Amma Azərbaycanın imkanları daha genişdir. Üstəlik, biz görürük ki, burda enerji resursları faktoru ortaya çıxıb və bu da Azərbaycanın xeyrinədir. Ukraynanın qazla bağlı xeyli problemləri ortaya çıxacaq. Qərb bu məsələdə müəyyən addımlar atmaq istəyir və Azərbaycanın da rolu artır”.

Ekspertin sözlərinə görə, hər hansı ölkə ilə bağlı sanksiyalar qəbul ediləndə bu ölkənin Avropa üçün əhəmiyyəti nəzərə alınır: “Uzun illər Belarusa qarşı sanksiyalar tətbiq olunub. Rusiya Avropaya qarşı çıxır. Ona görə də Rusiyaya qarşı sanksiyalar qəbul edilir. Ancaq yaxın vaxtlarda Azərbaycana qarşı belə sanksiyaların qəbulu gözlənilmir. Çünki bu gün Avropa ölkələri üçün əsas Rusiya faktoru böyük rol oynayır. Şübhəsiz, Azərbaycanın enerji faktoru da özünü göstərir”. 

Fizzə