Ukraynada gedən savaş…

Ukraynada savaş gedir – getdikcə qızışan, getdikcə genişlənən bir savaş. Ukrayna bütün savaşların ən qorxulusu olan bir savaş içindədir – yurddaş savaşı! Ukraynanı bu savaşa Putin salıb; yurddaşları, arxasınca ölkəni parçalanmaya sürükləyən bu savaşın arxasında Putin Rusiyası dayanır. Putin – Rusiyanın yeni parlayan imperatoru! Putin – Rusiyanın sınırsiz Rusiya yaratmaq istəyində bulunan yeni I Pyotru! Putin Ukrayna başda olmaqla bir çox ölkələri başında durduğu PROKRUST YATAĞINA yerləşdirmək-salmaq üçün ortaya çıxmış əli baltalı diktatordur! Putin durdurulmasa, durmayacaq!

Ukraynadan başlayan yol

Putin özünün PROKRUST YATAĞI ilə bağlı çalışmalarını Ukraynadan başladı (Gerçəyə qalsa, bu işi o, 2008-ci ildə Gürcüstanla başlamışdı. Batının təpkiləri onda onu geri oturtdu. Anca o təpkilər sürəkli, eləcə də yetərincə effektli olmadığından, üstəlik, çox geçmədən geriyə addımlar atıldığından, Putində sonsuz özünəinam, özünəgüvən sindromu doğurdu). Görünür, Putin ABŞ başda olmaqla Batının ortadakı bəlli sosial-ekonomik qoşullar içində Gürcüstan faktında olduğu kimi yenə də kəskin, kəsərli addımlarda bulunmayacağını düşündüyündən başlanğıcdan DAŞIN yekəsinə – Ukraynaya girişmək qərarına gəldi. Putin prizmasından yanaşsaq, bu, çox düzgün qərardır.

Niyəsi budur: Putin danışığından, davranışlarından, atdığı bir çox yan addımlardan göründüyü kimi, nə yolla olur olsun Rusiyanı SSRI sınırlarına qaytarmaq istəyir. Indiki Rusiyanın özü də yarımdünya ölkə olsa belə, ambisiyaları aşıb-daşan Putinə dar gəlir. Özü də çox dar. Putin Rusiyanı böyük Ukraynasız ağlına sığışdırmır, sığışdıra bilmir. Ancaq burada bir gerçəklik var: SSRI sınırlarına çıxmaq üçün birinci Ukraynanı Rusiya sınırlarına qatmaq gərəkdir. Ukraynasız Rusiya haradək uzadırsan – uzat, haradək böyüdürsən – böyüt, ürəkdəki böyük istəklə düz gəlməyəcək – balaca, yarımçıq olacaq!

Baxın, Putin bir sıra gizli-açıq çalışmalardan sonra Krımı Rusiyaya qatdı. Bir neçə gün özü də, yaxın siyasi çevrəsi də, matvienkolar, mironovlar, jirinovskilər, züqanovlar (eləcə də başqa velikorus düşkünləri), kef-damaqda oldular. Di gəl, aradan az keçmiş… damaq düşdü, axı, Krım çox balacadır. Rusiya kimi qocaman imperiya dövləti Krım kimi bapbalaca bir yeri tutub ələ keçirməkdən uzun sürə sevinc duyğusu yaşaya bilməzdi – Krımın Rusiya üçün strateji önəmi çox böyük olsa da! Burada sözü gedənlərə strateji önəmdən çox genişlik gərəkdir; deyək, Quzey buzlu okeandan Hind okeanınadək uzanıb gedən bir genişlik: rus ürəyi – russkaya duşa! – genişlik sevir – bu genişlik böyük qan bahasına yaransa belə! Kim bilir, bəlkə də, ruslarla erməniliyi bir belə birləşdirən, bir belə əlbir, dilbir edən də budur. Mənə qalsa, mən dünyasında ruslarla erməniləri yanaşı qoymaram: prinsipcə bunlar ayrı-ayrı kateqoriyadan olan etnos-görsənişlərdir, ancaq fakt da faktlığında qalır. 

Rusiyanın başqa qəzetləri bir yana, “Literaturnaya qazeta”nın baş redaktoru Yuri Polyakovun sonsuz erməni sevgisi üzündən (o bunu gizlətmir də) onun qəzetində elə hey ermənilər antiTürk, antiAzərbaycan yazıları ilə çıxış edirlər. Bilmək olmur: Polyakov ermənilərdən impuls alır, yoxsa, ermənilər Polyakovdan. Ancaq burası bilinir: ERMƏNILIK hələ I Pyotr dönəmindən Rusiya yüksək yönətiminə yol tapmaqla, burada özünə yer eləməklə, sonra Rusiyanın yaxından yardımı ilə Azərbaycan – Türk torpaqlarında özünə dövlət yaratmaqla, sonra da Rusiyanın yaxından yardımı ilə daha çox torpaq ələ keçirmək istəyində bulunmaqla (“Böyük ”Ermənistan” yaratmaq üçün) Rusiyaya çox böyük, bitməz-tükənməz sorunlar-problemlər yaradıb. Rusiyanın başbilənləri bunu hələ də anlamırlar. Elə bu anlamazlıq da böyük Rusiyanı qaçılmaz olaraq balacalaşmağa-parçalanmağa aparır. 

SSRI dağılandan sonra Rusiya üçün ən düzgün, ən perspektivli yol iç siyasətdə: böyük doğal resurslarından yararlanmaqla demokratik hüquq dövləti quraraq içində dirçəlib-yüksəlmə, içində bərkinmə olardı; dış siyasətdəsə: yeni qonşularla sürəkli barış içində dinc yanaşı yaşama olardı – belə bir iç-dış siyasətdən Rusiya da qazanardı, qonşuları da. Belədə qonşuları Rusiyaya daha çox bağlanar, hansılarısa ortadakı sağlam, barışcıl qonşuluq axarında onunla birləşməyədək gedib çıxa bilərdilər. Ancaq əski imperiya siyasətlərindən əl çəkməmək, qopub ayrıla bilməmək faktı Rusiya ilə qonşuları arasında getdikcə dərinləşən antaqonizm – barışmaz düşmənçilik yaratdı…

Azərbaycanda Rusiya canatımı: ayrılarmı könül candan…

1993-dən Azərbaycanda çevriliş yoluyla, Heydər Əliyev başçılığında Rusiyayönlü hakimiyət quruldu. Bütün başqa faktlar bir yana, qurulmasında oynadığı önəmli rola görə bu hakimiyət Rusiyayönümlü olmaya bilməzdi. Bildiyimiz kimi, bu hakimiyətin qurulmağında bir sıra başqa dövlətlər, o sıradan, bəlli Batı dövlətləri rol oynamışdılar. Ortada çox böyük alver olmuşdu: Dağlıq Qarabağın 7 rayonla birgə (Kəlbəcər çevriliş planlarına uyğun olaraq qabaqcadan alınmışdı) erməni-rus birliyinə verilməsindən tutmuş, neft-qaz resurlarının pay-puş edilməsinədək. Buna görə əliyevçi hakimiyət boyunca Azərbaycanda iç siyasət sərt, komanda-administrativ, dış siyasət BALANSLAŞDIRILMIŞ xarakter daşıyıb, daşımaqdadır. Beləcə, illərlə içdə xalqla-müxalifətlə bağlı barışmaz siyasət yürüdülüb, dışda balanslaşdırılmış siyasət. Hər ikisində də özəl istəklər, klan istəkləri önə çəkilməklə, yüksək tutulmaqla ulusal-milli istəklər ayaqlar altına atılıb, qurban verilib. Bu gün də belədir, bu rejim qaldıqca belə də olacaq! Bu siyasət indilikdə özünü bütün çılpaqlığı ilə göstərməkdədir: müxalifətə, başqa cür düşünənlərə ölkə boyunca məhkəmələr qurulub – repressiya maşını bütün gücüylə işləyir, dışda isə korrupsiya-alver axarında BALANSLAŞDIRILMIŞ siyasət sürdürülür. Hələ min il qabaq Tatsit demişdi: “Satqın hakimiyətin qanunları da satqın olur”. Indilikdə belə demək daha uyğun olardı: satqın hakimiyətin siyasətləri də satqın olur!

Anomaliya 

Son günlərdə əliyevçi rejim üçün xarakterik olmayan görsəniş baş verdi: hökumət BMT-də Ukraynanın torpaq bütünlüyünə səs verdi. Bizdə bir çoxları bu görsənişdən eyforiya yaşadılar, bu yöndə çıxışlarda bulundular. Mən susdum. Bunlara inanmadığımdan susdum. Inansaydım, yazı da yazardım, hamıdan da çox sevinərdim – “ortaya ölkəmin istəklərinə, ölkəmin yararına yönəlik siyasət sıxdı”, deyə. Rusyanın gücünə qurulan, bütün seçkiləri Rusiyanın gücünə udan, xalqa yamanlıq axarında uzun illər Rusiyaya arxalanmaqla ayaqda qalan bir rejim belə duyğusal çağda, Rusiyanın təkləndiyi, acıqlandığı bir dönəmdə hansı ürəklə ona qarşı çıxa bilərdi?! Kim bilir, bəlkə, o səsvermənin özünü də kimlərləsə danışmışdılar…

Budur, çox gözləmək gərək olmadı: demokratik dünya ABŞ başçılığında Rusiya üzərinə sanksiyalar yürüşündə bulunurkən, “Milli” Məclisin ünlü deputatlarından biri – Elxan Süleymanov – birləşmiş Ştatlar hökumətinə söyüş məktubu yollayır. Sözün qısası belədir: “Niyə Qarabağı ermənilərdən alıb bizə vermrsiz?” Niyəsini də deyir: “Ikiüzlü olduğunuza görə”. Bir sıra faktlardan çıxış edərək E.Süleymanovu alqışlamaq olardı. Ancaq alqışamaq olmur: axı, Qarabağı bizdən ABŞ deyil, E.Süleymanovun da, bir çox başqalarının da qulluq etdiyi rejimin bügünədək özünə STRATEJI ORTAQ saydığı Rusiya alıb ermənilərə verib (Soruşmaq gərəkir: 21 illik hakimiyətiniz boyunca itirilmiş torpaqların qaytarılması yönündə bircə dənə gerçək, etkili addım atmısınızmı?). Bax, gerçək IKIÜZLÜLÜK də, E.Süleymanovun məktubunda ABŞ-la bağlı vurğulanan gerçək IKILI STANDART da buradadır. Yeri gəlmişkən, indiki rejim ortamında E.Süleymanov kimdir ABŞ-la Rusiyanın baş-başa gəldiyi bir dönəmdə götürüb okeanın o tayına o sayaq QORXUNC suçlama məktubu yazsın?! Məktub PA-da yazılıb. Ikinci məktub kimi…

Budur, çox gözləmək gərək olmadı: Əliyevlərin qocaman mandatdaşıyanı M.Zabelin Rusiyanın Krımı tutmasını alqışlayan yollamada bulundu. Özü də tək qalmadı: əliyevçi rejimin ən görkəmli funksionerlərindən biri – MM-in Aqrar siyasət komitəsinin sədri (aqrar sektoru kor qoyanlardan biri) Eldar Ibrahimov da Zabelinə qoşulub. O da Krımın Rusiyaya birləşdirilməsini alqışlayır, özü də boş-boşuna yox, patriotizm duyğuları fontan vurmaqla. Bizim dahi aqrar sektor siyasətçimiz Helsinki Yekun Aktının birinci tezisini özünə götürüb, ikincini Putinə bağışlamaqla ondan belə bir istəkdə bulunur: “Siz SSRI-nin varisi hesab edilən Rusiyanın rəhbərisiniz. Əgər ədalətli, xeyirxah işlərə başlamısınızsa, onda Zəngəzurla Dağlıq Qarabağın da əsl sahiblərinə verilməsinə kömək edin. Bu, bizim sizdən gözləntilərimizdir. Biz həmişə Rusiyanın yanındayıq…” (Buna söz ola bilməz!). Baxın, bu bunların 21 illik balanslaşdırma siyasətləridir: bir yandan demokratik ABŞ-ın, Avropanın yanında olurlar, o biri yandan demokratiyaya, demokratik dəyərlərə düşmən, aqressiv imperiya ambisiyalarına bağlı Putin Rusiyasının. Belə darlıq içində Zəngəzur hardan bunların ağlına gəlib, yadına düşüb – burası bəlli deyil. Görəsən, Zəngəzuru bunların yadına kim salıb? O yağını axtarıb tapmaq, onun kimliyini bilmək gərəkdir. Kimdirsə, görünür, o bilərəkdən işə belə pəl qatıb: Zəngəzur!

Putin, yuxarıda deyildiyi kimi, Rusiyanı SSRI sınırlarına çıxarmağa çalışırkən, bizim parlamentar aqrarçımız Zabelinə qatılıb (öz istəyi ilə olmasa belə) Putindən Dağlıq Qarabağı istəməklə qalmır, üstəlik, Zəngəzuru da istəyir. Adama deyərlər: get yerini şumla, əkinini ək! Rusiyanın dünənki-bugünkü imperiya siyasətləri içində Zəngəzur olduqca önəmli bir HALQADIR!  Putin kimi ayıq-sayıq birisindən birdən-birə durub Zəngəzuru istəmək! Bu ya anlamazlıqdan, düşüncəsizlikdən yaranan yanlış, ya da eləcə özü özünü əngəlləməkdir. Krım konyunkturasından çıxış etməklə Putindən Dağlıq Qarabağı istəmək normal sayıla bilər, ancaq Dağlıq Qarabağla yanaşı Zəngəzuru da istəmək! – bu, arının pətəyinə çöp uzatmaq, ayının kahasına baş soxmaq kimi uğursuz gedişlərdəndir. Burda nə düşünülmüş strategiya var, nə ölçülü-biçili taktika. 

Azərbaycan ələ keçiriləndən az sonra I Nikolay erməni istəklərinə uyğun olaraq, Azərbaycanın Irəvan, Naxçıvan vilayətlərində “Erməni vilayəti” yaradılmasına göstəriş verdi (21 mart 1828-ci il). Bu yalnız erməni istəklərinə bağlı göstəriş deyildi; Rusiya (rusiyalı strateqlər) erməni istəklərini də doğrultmaqla, barışmaz düşmənləri olaraq baxdığı Türkiyə ilə Iran sınırlarında özünə sonralar dövlətə çevirəcəyi FORPOST yaradırdı. Bu forpostun daha dayanıqlı, daha güclü olması üçün Sovet dönəmində Zəngəzur da Azərbaycandan alınıb ermənilərə verilmişdi. Özü də tək Zəngəzur olaraq yox, Göyçə-Zəngəzur olaraq! E.Ibrahimov kimilərinin anlamadığını da, bilmədiyini də Putin gözəl anlayır, gözəl bilir: Zəngəzur qaytarılsa, tərsinə sürəc başlayar; Rusiya Azərbaycandan qoparıb aldığı torpaqları Zəngəzurdan Dərbəndədək bir-bir qaytarmalı olar. Biz hamımız E.Ibrahimov kimilərindən də qat-qat artıq, itirilmiş torpaqlarımızın qaytarılmasını istəyirik, ancaq hər hansı istək gerçəkliyə uyğun olmalıdır. Daha çox da siyasət-diplomatiya alanında. Dağlıq Qarabağ istəyini Zəngəzurla başlamağın başqa adı gerçəkdən belə bir istəyin olmaması deməkdir. Coğrafiyanı bilməyən kimsədən ödül ödüncü olaraq Madaqaskarın başkəndini (Antananarivu) soruşmaq nədirsə, indilikdə Zəngəzuru istəmək də odur! Putin nəyi də bilməsə Rusiyanın imperiya coğrafiyasını gərəyincə bilir, üstəlik, bu coğrafiyanı nə yolla olur olsun doğrultmağa çalışır. Ukraynada olduğu kimi…