Yasamalın icra başçısının müavini 40-a yaxın evin söküldüyünü, 490 razılaşdırma protokolu imzalandığını deyir
«Sovetski» sakinləri isə yayılan məlumatların həqiqətdən uzaq olduğunu bildirir
“Evlərinin sökülməsinə razılıq verən ”Sovetski” kimi tanınan qəsəbənin sakinləri ilə 490 razılaşdırma protokolu imzalanıb”. Bunu “anspress”ə açıqlamasında Yasamal rayon icra hakimiyyəti başçısının müavini Səməd Islamov deyib. O bildirib ki, “Sovetski” kimi tanınan qəsəbədə söküntü işləri ilə əlaqədar olaraq inventarlaşdırma və ölçü işləri hazırda davam etdirilir.
Onun sözlərinə görə, bu gün artıq 2800 mənzildə ölçü-inventarlaşdıma işləri aparılıb: “Vətəndaşların müraciətinin sayı çoxdur. Ölkə başçısının göstərişinə müvafiq olaraq bugünkü gün öz mənzil xidmətini həmin ərazidə yaxşılaşdırmaq istəyən insanların sayı çoxdur. Ona görə də biz öz Komissiyamızın iclaslarını həftədə 3 dəfədən az etmirik. Hər dəfə təxminən 100-ə yaxın insan müraciət edir. 50-60-dan çox mənzil sahibi ilə biz mənzil protokolu imzalamaq hüququ əldə edirik. Bu günə qədər 490 razılaşdırma protokolu imzalanıb”.
Səməd Islamov qeyd edib ki, 340 nəfərin maliyyə hesablarına mənzilləri üçün ödənilən məbləğ yüklənib: “Digərləri isə onlara ödənilən vəsaiti yaxın günlərdə əldə edəcəklər. Indiyə qədər 40-a yaxın ev sökülüb. Mənzillər üçün ödənilən məbləğ hesablarına oturan şəxslərin evlərinin söküntüsünə yaxın vaxtlarda başlanılacaq”.
Qeyd edək ki, martın 3-də keçirilən görüşdə baş nazirin müavini A.Şərifov hökumətin 1 kvadrat metr üçün 1500 manat təklifinin qüvvədə qaldığını, əlavə olaraq köçməyə razılaşan ailələrə 1400 manat (iki aylıq 1000 manat kirayə haqqı və ev əşyalarının daşınması üçün 400 manat) veriləcəyini bildirib.
“Azadlıq”a danışan “Sovetski” sakinləri yayılan məlumatların həqiqətdən uzaq olduğunu deyirlər. Onların sözlərinə görə, razılaşanlar mənzillərinin sahəsi daha böyük olanlardır: “Kimin mənzilinin sahəsi böyükdür, onlar razılaşa bilərlər. Ancaq evinin ölçüsü 20-30 kvadratmetr olanlar 1500 manatla razı ola bilməz. Belə olan halda 30-40 min manat kompensasiya verilir ki, bu məbləğlə heç yerdə mənzil almaq olmaz”.
Sakinlər onu da dedilər ki, hökumət nümayəndələri bəzi mənzil sahibləriylə gizlin şəkildə görüşüb anlaşırlar: “Kiminlə anlaşma mümkündürsə, edirlər. Sonra da həmin ərazini sökürlər. Bir sözlə, yavaş-yavaş ərazini boşaltmağa çalışırlar. Məqsədləri odur ki, insanları çarəsiz qoyub sonda istədikləri məbləğlə yola salsınlar”.
“Azadlıq”a danışan sakinlər köçürülməylə razılaşanların ev əşyalarının daşınması üçün ödənilən 400 manatı almadıqlarını deyirlər: “Belə bir şey yoxdur. Indiyə qədər kim köçübsə, ona əşyalarını daşımaq üçün 400 manat verilmədiyini deyib”.
Işin maraqlı tərəfi ondan ibarətdir ki, “Sovetski”də ticarət-iaşə obyektlərinin sahiblərinə hansı miqdarda vəsait ödəniləcəyi hələ müəyyənləşməyib. Baxmayaraq ki, sözügedən ünvanda yüzlərlə obyektlər fəaliyyət göstərir.
Yasamal Rayon Icra Hakimiyyəti başçısının müavini Səməd Islamov 1 kvadratmetrə 1500 manat vəsaitin mənzillər üçün müəyyənləşdirilərək Nazirlər Kabinetində təsdiqləndiyini bildirib: “Bizim üçün hazırda əsas məsələ mənzillərdir. Nazirlər Kabineti ticarət-iaşə obyektlərində 1 kvadratmetr üçün ödəniləcək vəsaiti hələlik müəyyənləşdirərək təsdiqləməyib”.
S.Islamov baş nazirin müavini Abid Şərifovun köçürmə xərci olaraq vəd etdiyi 400 manatın köçürmə ilə razılaşan sakinlərə verilməməsinə də aydınlıq gətirilib: “Iki aylıq icarə ilə bağlı ev sahiblərinə ayı 500 manatdan olmaqla, 1000 manat verilir. Ancaq köçürmə xərci hələ Nazirlər Kabinetində təsdiqlənməyib. Nazirlər Kabineti bununla bağlı qərar verdikdən sonra həmin vəsait əvvəl köçənlərə də veriləcək”.
Ramin DEKO


