İsgəndər Xəlilovun oğlu erməni ilə ortaq oldu

Rəhman Xəlilov Robert Köçəryanın payçı olduğu şirkətdə direktor seçildi

“ISR Holdinq” şirkətlər qrupunun sahibi, Azərbaycanda milyardlarla dollar həcmində biznes aktivlərinə malik olan Isgəndər Xəlilovun oğlu Rusiyanın ən iri dəmiryol operatorlarından birinin Direktorlar Şurasına daxil olub. Virtualaz.org saytı Rusiya biznes KIV-lərinə istinadən xəbər verir ki, Rəhman Xəlilov “SQ-Trans” Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasına bu ilin martında seçilib. Şirkət məlumatı bir neçə gün əvvəl yayıb.

R.Xəlilov hazırda “ISR Holdinq”in tərkibinə daxil olan “ISR Trans” şirkətinin Direktorlar Şurasının rəhbəridir. “ISR Trans” dəmir yoluyla neft daşımalarını həyata keçirir. Onun parkında 11 minə yaxın sistern var. Şirkət cəmi 19 min müxtəlif təyinatlı vaqon istismar edir.
Bildirilir ki, “SQ-Trans” şirkətinin Direktorlar Şurasına azərbaycanlı oliqarxın oğlu ilə yanaşı Rusiyanın nəhəng maliyyə korporasiyası “Sistema”nın vitse-prezidenti Vsevolod Rozanov və “Başneft”in vitse-prezdenti Denis Stankeviç də seçiliblər. Rəhman Xəlilovla birlikdə onlar “Sistema”nın fəal əməliyyatlar üzrə vitse-prezidenti Iqor Busarovu, “Başneft”in loqistika, təchizat və satış üzrə vitse-prezidenti Ruslan Genşi “Federal yük şirkəti” ASC-nin baş direktorunun müavini Yuri Dyakonovu əvəzləyiblər.

“SQ-Trans”ın Direktorlar Şurasına 10 nəfər daxildir. “SQ-Trans” Rusiyanın yüngül mineral xammal və neft daşıyan ən iri dəmir yol operatorlarından biridir. Hazırda şirkətin sərəncamında 35 mindən çox vaqon, o cümlədən sıxılmış qaz daşımaq üçün 17 min sistern və neft daşımaq üçün 14 min sistern var. Şirkətə bərabər payla “Sistema” maliyyə korporasiyası və onun partnyoru “Unirail Holdings” sahiblik edir.
“Sistema” maliyyə korporasiyasına gəldikdə isə onun Direktorlar Şurasında Ermənistanın keçmiş prezidenti Robert Köçəryan da yer alır. Bundan əvvəl “Sistema” korporasiyası inquş əsilli rusiyalı neft maqnatı, Putinin qəzəbinə düçar olandan sonra bir müddət Rusiyadan qaçmağa məcbur olan Mixail Qutseriyevin “Russneft” şirkətini almışdı. “Russneft”in isə Azərbaycanda neft aktivlərinin olduğu məlumdur və bu barədə mətbuatda geniş bəhs olunub. Sonradan Qutseriyev şirkətini “Sistema”dan geri almışdı.

I.Xəlilovun Direktorlar Şurasında Ermənistanın eks-prezidentinin, Azərbaycan ərazilərinin işğalına başçılıq edənlərdən birinin yer aldığı “Sistema” korporasiyasının mülkiyyətində olan “SQ-Trans”ın Direktorlar Şurasına seçilməsi isə azərbaycanlı oliqarxın bu şirkətdə payçı olmasından irəli gəlir. Göründüyü kimi Rusiyadakı azərbaycanlı oliqarxlar üçün biznesin milliyəti yoxdur. Hərçənd ki, R.Köçəryan “Sistema”da cüzi payla təmsil olunur.

R.Xəlilov atasının nəqliyyat biznesini ötən ildən idarə edir. 2013-cü ilin sentyabrında o, “ISR Trans”ın Idarəetmə Şurasının sədri vəzifəsinə təyin olunub.