Cəmil Həsənli
Vəkil Aslan İsmayılovun facebook səhifəsini izləyirəm. Tanınmış vəkil harın məmur övladının törətdiyi qanunsuzluq nəticəsində bir ailənin ürəklər parçalayan dramını ictimai müzakirəyə gətirmişdir. Söhbət Badamdar qəsəbəsində vətəndaş Zakir Hüseynovun başına gələn, daha doğrusu gətirilən müsibətdən gedir. Bir ailə harın məmur övladının təkəbbürünün, ərköyünlüyünün əsirinə çevrilib.
Əslində, bəla yalnız bu deyil, fəlakət bir başqa məsələdir. Fəlakət ondan ibarətdir ki, vətəndaşı müdafiə etməli olan polis orqanları bir vaxtlar faşist Almaniyasında “hücumçu dəstələrin” (SA Strumabteilungen) rolunu ifa etmişdir, Zakir Hüseynovun evinə soxulmuş, onun yaşlı anasını, ixtiyar atasını və bütün ailə üzvlərini şil-küt etmiş, özünü də polisə müqavimət adı altında divana çəkmişdir. Mən təsadüfən ötən əsrin 30-cu illərindəki “hücumçu dəstələrin” (SA) adını çəkmədim. Məhz, həmin dəstələri yəhudi evlərin dağıtmaq, ailə üzvlərini əzişdirmək və biçarə insanları gestapoya çağırmaq üçün istifadə edirdilər.
Bu gün polisə müqavimət və polis tərəfindən vətəndaşların cibinə və evinə atılan narkotika ittihamı Azərbaycan hüquq sisteminin mahiyyətinə çevrilmişdir. Bir növ dövlət mundiri cinayət törətmək üçün “təqsirsizlik ləbbadəsinə” çevrilib. Neçə gündür cəmiyyət Badamdarda bir ailənin polis tərəfindən törədilmiş dramını yaşayır, təhqir olunmuş bir ananın qollarındakı dəlik-deşik izləri sosial şəbəkələrdən az qala insanın qəlbini qarsalasın. Amma tək qanundan, ədalət anlayışından deyil, dindən də uzaq olan DİN-dən səs çıxmır. Bir şəxs çiyinlərindəki ulduzları böyüdə-böyüdə 20 ilə yaxın nazir postunda əyləşirsə, həmin ölkədə polisin cinayət ortağı olmasına, “hücumçu dəstlər” kimi Zakir Hüseynovun evinə basqın etməsinə təəccüblənmək lazım deyil.
Çox təəssüflər olsun ki, son illərdə vətəndaşı təhqir etmək, narkotikaya bulaşmaq, namuslu insanlara torba tikmək qanun keşikçilərimizin “peşə” fəaliyyətinə çevrilib. Bir anlığa təsəvvür edin ki, Aslan İsmayılov vətəndaşlıq mövqeyi nümayiş etdirib zülmə və zorakılığa, harın məmur övladının “prinsipial” təkəbbürünə hədəf olmuş, “qanun keşikçilərinin” basqınına məruz qalmış bir ailənin yanında dayanmasaydı, daha nələr baş verəcəkdi? Məhz, onun fədakarlığı nəticəsində “polisə müqavimət” göstərmiş Zakir Hüseynov azadlığa buraxıldı. Belə əməllərə göz yuma-yuma biz hüququn işləmədiyi ölkədə, hüquqsuz vətəndaşlara çevrilirik. Heç kəs bu təhlükədən sığortalanmayıb.