“Azərbaycan regionda baş verənlərdən narahatdır”

Vəfa Quluzadə İlham Əliyevin İrana səfərinin gizlinlərini açıqladı

«İrana səfəri zəruri edən əsas məqamlardan biri Rusiyanın Ukraynada apardığı siyasətdir»

Vəfa Quluzadə: «Ya NATO Azərbaycana gəlməlidir, ya da Türkiyəyə səlahiyyət verilməlidir ki, ölkəmizə real hərbi təhlükə olsa, müdaxilə etsin»

Azərbaycanın dövlət başçısı Ilham Əliyevin Irana səfəri bir sıra aspektlərdən maraq doğurur. Belə ki, Azərbaycan rəhbərliyi bu ölkəyə dəvətləri bir neçə dəfə qəbul etməyib. I.Əliyevin Irana reallaşan səfəri isə bu dəfə fərqli şəraitdə baş tutub. Bu səfərin təşəbbüskarı kimi məhz Azərbaycan çıxış edib. Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun I.Əliyevin səfərindən bir müddət əvvəl Irana getməsi və bir sıra rəsmi görüşlər keçirməsinin məhz təşkilatçılıq məqsədi daşıdığı düşünülür.

Əlbəttə, Azərbaycanın dövlətçilik maraqları tələb edir ki, bir qonşu dövlət kimi Iranla normal münasibətlər saxlanılsın. Amma Iranla əlaqələrdə müxtəlif problemlərin olduğu və onların çözülməsi istiqamətində real addımlar atılmadığı halda, Irana səfərin reallaşması hansı məqsəd daşıya bilər? Politoloq Vəfa Quluzadəylə “Iran-Azərbaycan əlaqələri” mövzusundakı söhbətimizə məhz bu məqama aydınlıq gətirməklə başladıq.

– Düşünürəm ki, bu səfəri zəruri edən əsas məqamlardan biri Rusiyanın Ukraynada apardığı siyasətdir. Çünki bütün region ölkələri baş verənlərdən narahat olur. Xüsusilə Azərbaycan cərəyan edən hadisələrdən əndişələnir. Bir yandan Azərbaycanın torpaqları Ermənistan tərəfindən işğal altındadır. Bu işğalı da Ermənistanın adı ilə Rusiya edib. Rusiyanın Ukraynadakı işğalı belə bir təhlükə yaradır ki, Azərbaycana qarşı da oxşar addımlar atılsın. Hazırda yaranmış situasiyada Azərbaycanın adı Avropa Birliyinin planlarında da hallanır. Avropa Birliyi Rusiyadan asılılığını azaltmaq üçün ölkəmizdən də qaz almağı düşünür. Azərbaycanın təbii sərvətlərindən, boru kəmərlərindən istifadə edilməsi planlaşdırılır. Bu niyyət isə Azərbaycan üçün böyük təhlükədir. Azərbaycan Avropa Birliyi ilə əməkdaşlığın dərinləşməsinə razılıq versə, o zaman Rusiya üçün cəbhə xəttində təxribat törədərək, atəşkəsi pozmaq çətin deyil. Rusiyanın təcrübəsi göstərir ki, hətta baş verənlərə görə günahı Azərbaycanın da üstünə ata bilərlər. Rusiya fürsətdən yararlanaraq Azərbaycanın daha bir neçə rayonunu işğal edə bilər. Rusiyanın Azərbaycana təzyiqləri bununla bitmir. Birincisi, Şimali Qafqazda Rusiyanın güclü hərbi qruplaşması var. Onlar hər an Azərbaycana qarşı hərbi əməliyyatlara qoşula bilərlər. Eyni zamanda Rusiya Həştərxanda öz donamasını modernləşdirib. Bu faktor da Azərbaycana təzyiq kimi dəyərləndirilə bilər. Ona görə bu cür şəraitdə Azərbaycan öz təhlükəsizliyini düşünürək, regionda baş verənləri Türkiyə və Iranla müzakirə etməlidir. Avropa Birliyi isə Azərbaycana əməkdaşlığın müqabilində konkret zəmanətlər verməlidir. Qərb ciddi addımlar atmaq istəyirsə, NATO Azərbaycana gəlməlidir. NATO Azərbaycanda əsgəri bazanı quracağı təqdirdə, Azərbaycan Rusiyadan gələ biləcək təhdidlərdən qoruna bilər. Buna imkan yoxdursa, heç olmasa NATO dövləti olan Türkiyəyə səlahiyyət verilsin ki, Azərbaycanla hərbi əməkdaşlığını dərinləşdirsin və ölkəmizə real hərbi təhlükə olarsa, müdaxilə etsin. Azərbaycan elə düşünür ki, bizim təhlükəsizliyimiz dünyanı narahat edir. Bu belə deyil. Biz öz təhlükəsizliyimiz barədə düşünüb, ona müvafiq addımlar atmalıyıq. Bu baxımdan Iranla dost əlaqələri qurularaq təhlükəsizlik məsələləri müzakirə edilməlidir.

Sonuncu səfəri fərqli edən cəhətlər

– İndiyə qədər Azərbaycanın rəsmi şəxslərinin Irana bir neçə səfəri olub. Ramiz Mehdiyevin, Əli Həsənovun, Şeyxin Irana səfəri zamanı iki ölkə arasında münasibətlərin normallaşdırılmasının zəruri olduğu vurğulansa da, bu baş verməyib. Hər dəfə ortaya çıxan müəyyən “sürprizlər” əlaqələrin istiləşməsinə imkan yaratmayıb. Bu dəfə necə, Ilham Əliyevin Irana səfərindən sonra hər hansı irəliləyiş gözləməyə dəyərmi?

– İlham Əliyevin İrana budəfəki səfəri fərqli şəraitdə keçir. Əvvəlki dövrdə Iran əsəbi vəziyyətdə idi. Gündəmi Irana hava zərbəsi vurmaq məsələsi zəbt etmişdi. ABŞ donanmasının Iran sərhədlərinə yaxınlaşması barədə məlumatlar, bir-birinin ardınca sərt bəyanatlar verilirdi. Eyni zamanda bildirilirdi ki, Irana hücum Azərbaycan ərazisindən reallaşacaq. Bundan başqa, Azərbaycanın Israil ilə əlaqələri Tehran tərəfindən birmənalı qarşılanmırdı. Əslində Irana edilən əvvəlki səfərlər ona hesablanmışdı ki, Azərbaycanın Irana heç bir təhlükə törətmədiyi izah edilsin. Amma bu bəyanatlar, izahlar Irana bir o qədər də təsir etmirdi. Hazırda isə Iran altılıqla danışıqlar aparır, ABŞ embarqoları aradan qaldırılıb. Iran hazırda əmindir ki, ona qarşı artıq heç bir təhlükə yoxdur və Azərbaycan da bu planların heç birində iştirak etmir. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Iranın hazırkı prezidenti ilə əvvəlki ciddi fərqlənir. Ruhaninin müsbət adam olduğu hiss olunur. Iranın Azərbaycanla bağlı böyük maraqları var. Iran həmin maraqlardan çıxış edərək, Azərbaycanla müsbət əlaqələr qurmaq istəyir. Iki qonşu ölkə arasında ticarət əlaqələrinin də böyük önəmi var.

“İran Ermənistana təsir etmək iqtidarındadır”

– Səfər zamanı hər iki tərəf bəyan etdi ki, münasibətlərin normal olmasını istəməyən müəyyən qüvvələr var. Ilham Əliyev ad çəkməsə də, amma Iranın ali dini lideri Azərbaycanla münasibətlərin normallaşmasına məhz Israilin mane olduğunu bəyan edib. Azərbaycanın başqa bir müttəfiqi Israilin bu açıqlamaya münasibəti necə olacaq?

– “İki ölkənin münasibətinin yaxşılaşmasını istəməyən qüvvələr var” kimi ifadələr dəfələrlə səsləndirilib. Israilin istəyinin əksinə olaraq Azərbaycan Iranla əlaqələrini saxlayır. Israilin Irana niyə qarşı çıxdığı bəlli məsələdir. Hər iki dövlət bir-birinə qarşı təbliğat aparır. Amerikaya səfər zamanı da bəyan etmək olar ki, “iki dövlətin əlaqələrinin inkişafını istəməyən qüvvələr var”. Ona görə bu cür bəyanatlara normal yanaşmaq lazımdır.

– Müzakirələr zamanı Iranın Qarabağ probleminin həllinə verə biləcəyi töhfə müzakirəyə çıxarılıb. Sizcə, Iran problemin həllinə təsir göstərmək istəyərmi? Çünki Iranın Ermənistanla sıx əlaqələri mövcuddur…

– İranın Ermənistana böyük təsiri var. Iranın Ermənistanla çox sıx əlaqələri var. Ermənistan öz enerji problemlərini Iranın vasitəsilə həll edir. Ona görə Iran Ermənistana təsir etmək iqtidarındadır. Bu məqamdan Azərbaycan bəhrələnə bilər. Çünki hazırda Ermənistan özünü Rusiyanın vassalı kimi aparır. Amma onu da nəzərə almaq lazımdır ki, Rusiya-NATO qarşıdurmasınını nəticələrindən çox şey asılıdır. Əgər Qərb Rusiyanı diplomatik, iqtisadi, siyasi yol ilə təcridə salmağı bacarsa, o zaman Iranın Ermənistana təsiri artır. Amma bunun üçün Ermənistanı Rusiyanın orbitindən çıxması gərəkdir. Bu baş versə, Ermənistana təsir imkanı olan ikinci dövlət Iran olacaq. Biz də baş verən dəyişiklikdən öz xeyrimizə yararlana bilərik.

– Azərbaycanın Iranla yaxınlaşmasının səbəbi kimi bir neçə fərziyyə irəli sürülür. Birinci fərziyyə odur ki, regionda olduqca riskli situasiya yaranıb. Azərbaycan əgər əvvəl Rusiyanın dəstəyinə arxalanan siyasət yürüdürdüsə, hazırda Kreml ilə əlaqələr gərgindir. Ikinci bir məqam isə odur ki, Avropanın enerji mənbəyi axtarışında olması Iranın rolunu da artırır və Azərbaycanla Iranın yaxınlaşması bu kontekstdən dəyərləndirilməlidir…

– İran embarqolardan çıxandan sonra öz təbii resurslarını dünya bazarına çıxaracaqdır. Ancaq Rusiyanın tezliklə sıradan çıxarılması da Iranın maraqlarına uyğun deyil. Çünki Rusiya geri çəkilsə, Qərb və NATO birə-yüz güclənəcək. Rusiya kimi balanslaşdırıcı faktorun sıradan çıxması ciddi boşluq yaradacaq. O zaman Qərb Irana qarşı bütün gücü ilə mübarizə aparacaqdır. Ona görə Iran müxtəlif manevrlər edərək Rusiyanın sıradan çıxmasının qarşısını almağa çalışacaq.

Xəyal