Azərbaycan AŞ PA-da niyə bitərəf qaldı?

AŞ PA-dakı səsvermə zamanı Azərbaycan nümayəndə heyətinin nümayiş etdirdiyi mövqe bir daha rəsmi Bakının xarici siyasət kursunun qeyri-müəyyən olduğunu ortaya qoydu. BMT-də və AŞ PA-da bundan əvvəl nümayiş etdirilən mövqeyə rəğmən, Azərbaycan Rusiyaya qarşı sanksiyaya səs verməyib. Müzakirələrdə çıxış edən Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə Avropa Şurasını ikili standartların tətbiqində və məntiqsizlikdə ittiham edib. Nümayiş etdirdiyi mövqe ilə dolayısı ilə Rusiyanı müdafiə edən S.Seyidov vurğulayıb ki, Ermənistana sanksiyaların tətbiq olunmadığı halda Rusiyanın hədəf seçilməsinin yanlış olar.

Nümayiş olunan mövqedə iki təzad qabarıq formada nəzərə çarpır. Azərbaycanın buraxdığı ilk qüsur budur ki, BMT və AŞ PA-dakı əvvəlki müzakirələrdə Ukraynanın ərazi bütövlüyünü tanıyan Azərbaycan buna baxmayaraq Rusiyanın cəzalandırılmasına qarşı çıxır. İkinci mühüm məqam isə odur ki, AŞ PA-nı ikili standartlarda ittiham edən Azərbaycan elə özü ikili standartlardan çıxış edir. Əslində Azərbaycanın Rusiyanın aqresser kimi tanınması mövqeyindən çıxış etməsi dövlətimizin maraqlarına uyğun olardı. Çünki Azərbaycan Rusiyaya münasibətdə qəbul olunan addımın dərhal Ermənistana qarşı da reallaşmasını tələb edə bilərdi,

Gültəkin Hacıbəyli: «Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbərinin bu təşkilatı ikili standartlarda ittiham etməyə haqqı yoxdur»

Milli Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının sədri Gültəkin Hacıbəyli bildirdi ki, Azərbaycan BMT-dəki səsvermədə nəinki Ukraynanın ərazi bütövlüyün tanıyan qətnaməyə səs verdi, eyni zamanda ölkəmizin nümayəndə heyəti baş verənlərlə bağlı xüsusi bəyanatla çıxış etdi. Bu bəyanatda isə Azərbaycan mövqeyini açıq şəkildə bildirərək, Ukraynanın ərazi büiövlüyünə dəstəyini ifadə etdi. AŞ PA-da müzakirəyə çıxarılan məsələnin isə bir qədər fərqli rakursdan olduğunu deyən G.Hacıbəyli qeyd etdi ki, burada Ukraynanın ərazi bütövlüyü, Krımın ilxaqı yox, baş verənlərə görə Rusiyanın əlindən AŞ PA-da səsvermə hüququnun alınması müzakirə olunurdu: «Yəni artıq Rusiyanın sanksiyalarla üzləşdirilərək, cəzalandırılması nəzərdə tutulurdu. Amma görünür, Azərbaycan tərəfi müəyyən geosiyasi reallıqları nəzərə alıb. Belə anlaşılır ki, Rusiyanın aqressiya, işğal faktoru var və Azərbaycan hakimiyyəti bir sıra məsələlərdə Rusiyadan çəkinir. Ona görə də Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləsə, Krımın ilxaqını pisləsə də, Rusiyaya qarşı sanksiyalara dəstək verməyə cəsarət etmir. Azərbaycan bir tərəfdən Rusiyaya qarşı sanksiyaların tətbiqinin əleyhinə səs verə bilməz, amma digər tərəfdən bu sanksiyaların tətbiqinə də səs vermədi».

Azərbaycanın öz mövqeyini daha cəsarətli şəkildə nümayiş etdirməsinin və Rusiyaya qarşı sanksiyaların dəstəklənqməsinin tərəfdarı olan G.Hacıbəyli vurğuladı ki, amma hələ görünür ki, buna Azərbaycan buna hazır deyil: «AŞ PA-dakı səs vermə BMT-də sərgilənən siyasi xəttin davamı adlandırmaq olmaz. Amma Azərbaycan sanksiyaların tətbiqi məsələsində daha ehtiyatlı davranmağı üstün tutublar».

S.Seyidovun AŞ PA-nı ikili standartlarda ittiham etməsinə gəlincə G.Hacıbəyli vurğuladı ki, S.Seyidov həm haqlıdır, həm də yox: «Səməd Seyidov haqlıdır ona görə ki, AŞ PA həqiqətən də ikili standartlar tətbiq edir. Uzun müddətdir ki, Ermənistanın Azərbaycanın ərazisini işğal faktına göz yumur. Amma digər tərəfdən Səməd Seyidovun AŞ PA-nı ittihamı özü də ikili standartlardan xəbər verir. Bu baxımdan düşünürəm ki, tərəflərin hər ikisini qeyri-səmimilikdə, ikili standartlarda ittiham etmək olar. Bir tərəfdən AŞ PA Ermənistana qarşı sərt mövqe ortaya qoymur. Eyni zamanda bir sıra ərazilərin işğalı zamanı da Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edilmədi. Amma AŞ PA-nın Rusiyaya qarşı getmək cəsarəti çatmasaydı belə, Ermənistana qarşı sərt mövqeyini nümayiş etdirməli idi. Ermənistana qarşı sərt mövqeyin ortaya qoyulmaması bu təşkilata baş ucalığı gətirmir. Digər bir tərəfdən isə kimin-kimin Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbərinin bu təşkilatı ikili standartlarda ittiham etməyə haqqı yoxdur».

Xəyal