Ürək necə dözür?

Elnur Astanbəyli

Dünən çox komik bir söhbətin şahidi olduq; əvvəlcə “Ictimai Televiziya”nın Yayım Şurasının sədri Cahangir Məmmədlinin açıqlaması yayıldı ki, bəs uca millət, sevgili xalq tezliklə Əli Kərimlini, Isa Qəmbəri ITV-nin efirində görə biləcək. Həmin açıqlamanın iyi burnumuzdan çəkilməmiş ITV-dən açıqlama gəldi ki, Cahangir Məmmədlinin dedikləri onun şəxsi fikridir. Bunun açması o idi ki, Əli Kərimlini, Isa Qəmbəri efirdə görmək istəyənlər ümidlənib-eləməsin, Yayım Şurasının sədri boş-boş danışır, biz ITV-nin efirini yenə də təzək qoxuyan aqrar təfəkkürün məhsulu olan verilişlərlə doldurmaqda davam edəcəyik.
Belə bir rəzaləti deyil üçüncü, hətta yüzüncü dərəcəli dünya ölkəsində izləmək mümkün deyil. Ola bilsin, bəzi oxucular “yüzüncü dərəcəli dünya ölkəsi” ifadəsinə təəccüblənsinlər, bu kateqoriyaya hansı ölkələrin aid olduğunu müəyyənləşdirməkdə çətinlik çəksinlər. Amma havayı zəhmətə ehtiyac yoxdur. Bu elə bir kateqoriyadır ki, oraya yalnız Azərbaycanın adını aid etmək olar. Bəli, biz dünyadakı ən pis, ən çağdışı, ən qeyri-sivil, idarəetmələrin ən iyrənc keyfiyyətlərini özündə birləşdirən bir rejim tərəfindən idarə olunuruq.
Yoxsa XXI əsrdə bir ölkədə müxalifət nümayəndəsini efirə buraxıb-buraxmamaq necə müzakirə mövzusu ola bilər?
Bir müxalifət liderinin efirə buraxılacağı necə “sensasion xəbər”ə çevrilə bilər?
Hüququn az-çox işlədiyi, azadlıqlara, fərqli fikrə, alternativ mövqeyə iynə ucu boyda sayğının olduğu bir ölkədə də, heç belə söhbətlər edərlər?
Amma bunlar edirlər, üstəlik, utanmadan. Inanın, elə bir vaxt gələcək, günümüzün bu cür söhbətlərindən hali olan hər kəsin tükləri biz-biz duracaq. Bizim XXI əsrdə, təqvim 2014-cü ili göstərdiyi bir zamanda nələr çəkdiyimizi, kimlərin, hansı təfəkkürdə, hansı ağılda adamların ümidinə qaldığımızı aydın başa düşəcək və halımıza acıyacaqlar.
Görün, dünya hardadır, biz harda? Görün, el-aləm nəyi danışır, dartışır, biz nəyi? Müxalifətçini televiziyaya buraxaq, buraxmayaq? Vallah, ayıbdır.
Bu yaxınlarda internetdə eşələnərkən qarşıma bir məqalə çıxdı. Məqalə müəllifi Milli Elmlər Akademiyasının Radiasiya Problemləri Institutunun elmi işçisi, məqalənin “qəhrəmanı” isə Zərifə Mayılova adlı xanım, daha doğrusu, onun “möcüzələri”dir. Sitat: “Beynəlxalq Səhiyyə Təşkilatının Həkimlərin xəstələrlə davranış qaydaları prinsipini Zərifə xanımın xəstələrilə davranış qaydaları ilə müqayisədə kafi qiymətləndirmək olar. Zərifə xanımın özünəməxsus təbəssümü psixoloji cəhətdən xəstəni sakitləşdirir, uşaqları yaxın və doğma adam kimi özünə cəlb edir. Müşahidə etmişəm ki, digər həkimlərin qəbuluna gələn uşaqlar əksər halda həkimin sərt surətini görən kimi, yaxud, onun süni gülümsəməsini hiss edib ağladıqları halda, Zərifə xanımın yanına gülə-gülə, sevinclə gedirlər…”
Şərhə ehtiyac varmı?
Hələ Akademiya işçisinin, özü də radiasiya problemləri ilə məşğul olan alimin yazdıqlarının sonrasına baxın: oradan belə məlum olur ki, haqqında danışılan xanım nə az, nə çox, düz 70 adda xəstəliyi müalicə edir! Bir sözlə, belə çıxır ki, Tibb Universitetini ləğv etmək, Səhiyyə Nazirliyini arxivə göndərmək, xəstəxanaları söküb, yerində şadlıq sarayları tikmək, bütün həkimlərə isə bundan sonra ancaq seçkini saxtalaşdırmaqla məşğul olmağı tapşırmaq lazımdır. Axı onsuz da bir nəfər bütün xəstəliklərin öhdəsindən layiqincə gəlməyə qadirdir.
Adam deməyə söz tapmır. Sadəcə, oturub fikirləşirsən ki, XXI əsrdə müxalifətçinin efirə buraxılıb-buraxılmamasının müzakirə edildiyi, aliminin oturub falçı, gözbağlayıcı, cadugər haqqında tərifnamələr yazdığı, onların möcüzələrindən bəhs etdiyi bir ölkədə hələ də ürək partlamayıb dözürsə, indiyədək bizə yalan danışıblar.
Ürək əslində, ətdən deyil, daşdandır, daşdan!
Daşdandır ki, bu qədər rüsvayçılıqlara dözür, çatlamır.