İlham Əliyev yarıtmaz siyasətini «hansısa güclərlə» pərdələyir
“Azərbaycan Respublikası Iranla olan münasibətlərinə böyük önəm verir. Biz iki ölkənin bütün sahələrdə sıx əlaqə və əməkdaşlığının tərəfdarıyıq”. Bu sözləri Azərbaycanın dövlət başçısı İlham Əliyev Iran prezidenti Həsən Ruhani ilə görüşündə deyib. Ölkə başçısı daha sonra bildirib ki, Iranla Azərbaycanın beynəlxalq təşkilatlardakı əməkdaşlığına çoxlu zəmin var: “Bir çox güclər Iranla Azərbaycanın dostluğunu istəmir, iki ölkə arasındakı münasibətləri pozmağa çalışır.
Hesab edirəm ki, iki ölkə rəsmiləri bunun qarşısını almaq üçün çalışmalıdır. Iranla Azərbaycan arasındakı əlaqələri genişləndirmək üçün imkanlar böyükdür. Qarşılıqlı əməkdaşlıq istiqamətində bütün problemlər müştərək bir komissiya çərçivəsində həll edilə bilər. Güman edirəm ki, Iranla Azərbaycan münasibətlərinin inkişafı və genişləndirilməsi islamın gücləndirilməsinə yardım edəcək. Azərbaycanla Iran terrorizm məsələsi ilə əlaqədar eyni mövqeyə malikdir. Hesab edirik ki, terrorizmə qarşı mübarizə aparmaq üçün bütün müsəlman ölkələri bir-birinin yanında olmalıdır”.
Göründüyü kimi İlham Əliyev Iranla münasibətlərin qaydasında olduğunu, lakin “bir çox güclərin” aranı vurmağa çalışdığını bildirir. Bu yerdə elə hakimiyyət nümayəndələrinin Iranla bağlı açıqlamaları yada düşür. Məsələn 2013-cü ildə Prezident Administrasiyasının rəhbəri Irana səfər edəndə hökumətyönlü deputatlar Səməd Seyidov, Sevinc Fətəliyeva, Sahibə Cəfərova və Asim Mollazadə Vaşinqtonda Con Hopkins Institutunda lobbiçilər və ekspertlər qarşısında çıxış edərək Iran əleyhinə açıqlamalar veriblər. Səməd Seyidov deyib ki, Azərbaycana təhlükə şimaldan və cənubdan gəlir. Onun sözlərinə görə, şimalla (Rusiya) cənub (İran) Azərbaycanı ABŞ ilə yaxın olmaq cəhdlərinə görə “sendviç kimi” əzirlər.
“Avroviziya 2012″ yarışması ərəfəsində isə Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Iranı ittiham etmişdi. Şöbə müdiri bildirmişdi ki, Azərbaycanın ev sahibliyi etdiyi ”Avroviziya 2012″ mahnı yarışı ərəfəsində Iran tərəfi tamamilə qeyri-konsturuktiv mövqe tutub, xüsusən də bu ölkənin ruhaniyyəti anti-Azərbaycan fəaliyyətini zirvəyə qaldırıb.
Hakimiyyətin nəzarətində olan mətbuat da vaxtaşırı Iran əleyhinə ittiham dolu yazılar dərc edib. Yəni, əslində Bakı ilə Tehran arasında münasibətləri “hansısa güclər” pozmağa çalışmır. Ilham Əliyev bu fikirlərilə sadəcə yarıtmaz siyasətini ört-basdır etməyə cəhd edir.


