Təbəssüm çiçəyinin nağılı

Biri varmış, biri yoxmuş, keçmiş zamanlarda bir padşah varmış, bu padşah hər səhər yuxudan duran kimi əcaib bir fərman verərmiş. Bir gün də padşah yuxudan oyanan kimi vəziri yanına çağırıb deyir: – Bundan sonra mənim ölkəmdə heç kim gülməyəcək. Gülmək nədir, heç gülümsəməyəcək də. 

Dərhal ölkənin hər yerinə çaparlar göndərilir. Hamı padşahın yeni fərmanından hali olur. Hər nə qədər ürəklərində əlahəzrətin lap ağını çıxardığını düşünsələr də kimsə səs çıxarmağa cəsarət eləmir. Beləcə, həmin gündən ölkədə kimin üzü gülsə, dərhal cəzalandırılır, həbsə atılır, boynu vurulur. Günlərin bir günü atası padşahın əmrindən çıxıb güldüyü üçün həbsə atılan bir qızcığazın neçə ildən bəridir açmayan çiçəyi qəfildən gül açır. Çiçəyin ləçəkləri qıza baxıb sanki gülümsəyirmiş, bunu görən qız da çiçəyə baxıb şaqqanaq çəkməyə başlayır.

Sən demə, bu çiçək ona baxan hər kəsi güldürürmüş. Qızcığaz bu çiçəyi çoxaldıb ölkənin hər yerinə yaymaq qərarına gəlir. Həmin çiçəyin toxumlarını dostlarına hədiyyə edir. Dostları bu toxumları öz bağçalarında əkir. Sonra onlar da bitən təbəssüm çiçəklərinin toxumlarını başqalarına bağışlayırlar. 

Beləcə, çox keçmədən ölkənin hər yerini təbəssüm çiçəkləri bürüyür. Artıq padşahın əmrinə baxmayaraq, hamı gülməyə, gülümsəməyə başlayır. Belələrini cəzalandırmaq üçün padşahın göndərdiyi adamlar da, təbəssüm çiçəyini görüncə qarnı cırılanadək gülürlərmiş. Məsələdən xəbər tutan padşah həmin güldən ona da gətirilməsini əmr edir. Çiçəyi görən kimi, o da qarnını tutub şaqqanaq çəkir. Beləcə, həmin gündən zalım padşahın ölkəsində gülməyə qoyulan yasaq götürülür, insanların üzünə, dodaqlarına yenidən gülüş və təbəssüm qonmağa başlayır.

***

Bu nağılı niyə yazıram?

Çünki bu nağıldakı çiçək sanki Azərbaycan reallığındakı aydın, azad, vicdanlı insanlardır. Onlar da bizim ölkənin üzünü güldürməyə çalışırlar. Illərdən bəridir sevinci, fərəhi, gülüşü unudan ölkəyə mutluluq gətirməyə çalışırlar. Bu ölkədə gülmək yasaqlanmayıb. Amma elə bir vəziyyət yaranıb, yaradılıb ki, sevinc bizə yaddır. Mutluluq bizdən uzaq qaçır. Qayğılar qəlbimizə hakim kəsilib. Həyatımız bozluq və boşluq içindədir.

Və məmləkətin tıpkı o təbəssüm çiçəyi misalı bir ovuc insanı hər şeyə rəğmən üzümüzdən və ürəyimizdən, həyatımızdan kədəri, hüznü, qayğıları qovmaq, Azərbaycanı bu çirkin gedişatdan, bu acılardan, ağrılardan, bu bir ailə hegemoniyasından, bu zülmdən, əsarətdən, istibdaddan, bu çağdışı, antidemokratik, yalan və talan kökənli idarəetmədən xilas etmək üçün çalışıb-çabalamaqdadırlar.

Heç şübhəm yoxdur ki, nağıldakı təbəssüm çiçəyi kimi, bizim ölkədə də məhz Azərbaycanın üzünü güldürmək, gələcəyini aydınlandırmaq istəyənlər qalib gələcəklər. Yetər ki, təbəssüm çiçəyini bütün ölkəyə yayan qızcığaz kimi, biz də fədakarlığı davam etdirək, ideallarımızı, dəyərlərimizi el-el, ev-ev yaymaqdan yorulmayaq, usanmayaq. Yetər ki, gözəl günlərin, hürr günlərin, günəşli günlərin, aydın günlərin, azad günlərin uzaqda olmadığına, xəyal olmadığına özümüzü və başqalarını inandırmağa davam edə bilək.

Nəticə mütləq olacaq.

Ya olacaq.

Ya da olacaq!

***

Və…

Və bir də ustad Nazim Hikmətin bu misralarını yazaq yaddaşımızın ən silinməz yerinə:

Umut binbir ayaklı,

Umut güneşte saklı.

Umut edenler haklı,

Umut insanın hakkı!..