SSRİ və Rusiya rəhbərlərinin övladları harda yaşayır?

Avropa və ABŞ-a qarşı hər zaman sərt mövqedən çıxış edən SSRİ və Rusiya rəhbərlərinin övladları və nəvələri yaşamaq üçün məhz Qərbə üz tutublar.

Məsələn, İosif Stalinin nəvəsi, 40 yaşlı Kris Evani ABŞ-ın Portlend şəhərində yaşayır və vintaj dukanının sahibidir.  

Nikita Xruşovun oğlu, ABŞ vətəndaşı Sergey Xruşov kitablarının təqdimatı olanda, yaxud qohumlarından kimsə vəfat edəndə Moskvaya baş çəkir. Xruşovu nəticəsi, Nina Xruşova Nyu-York universitetində beynəlxalq əlaqələr fakültəsində dərs deyir. SSRİ DTK-nın sədri və Kommunist Partiyasının baş katibi Yuri Andropovun nəvəsi Tatyana Andropova da Mayamidə xoreoqrafiya müəllimi kimi çalışıb. Qardaşı Konstantin Andropov da eyni şəhərdə yaşayır. 

Leonid Brejnevin nəticəsi Dmitri Oksford universitetinin politologiya fakültəsində oxuyur. Leonid Brejnevin qohumu Lubov Yakovlevna da Kaliforniyada yaşayır. Mixail Suslovun qızı Maya Sumarokova 1990-cı ildən əri və iki oğlu ilə birgə Avstriyada yaşayır. 

Mixail Qorbaçovun qızı İrina Virqanskaya əsasən vitse-prezidenti olduğu «Qorbaçov-fond»un baş ofisinin yerləşdiyi San-Fransisko şəhərində yaşayır.

Boris Yeltsinin qızı Tatyana Yumaşeva da rusiyalı olmaqdan bezib və hazırda Avstriya vətəndaşıdır.

Rusiya prezidenti Vladimir Putinin qızları və nəvəsi Hollandiyada yaşayır. Baş nazir Dmitri Medvedevin oğlunun isə ABŞ universitetlərinin birində təhsil aldığı deyilir. 

azadlıq.info