“Müəyyən bir mərhələdə Rusiya Azərbaycanda çox aktiv fəaliyyətə keçə bilər”
Rusiyanın Ukraynada həyata keçirdiyi işğal siyasətinə qarşı beynəlxalq qurumların sərt mövqeyini dəstəkləyə Azərbaycan hakimiyyəti ölkə daxilində məsələyə tamam fərqli münasibət göstərir. Hakimiyyətə yaxın şəxslərin Rusiyanın Krımı işğalına haqq qazandırması bunu deməyə əsas verir. Xatırladaq ki, YAP rəhbərliyində təmsil olunan Azərbaycanda Rus İcmasının rəbhəri, millət vəkili Mixail Zabelin Putinin Krım siyasətinə haqq qazandırıb. Hakim partiya təmsilçisinin müstəqil şəkildə hakimiyyətin mövqeyindən fərqli mövqe ortaya qoyması Azərbaycan reallığında istisna olunur. Nəzərə alaq ki, bununla bağlı YAP-dan narazılıq eşidilməyib. Bundan əlavə, Rusiyameylli, lakin müstəqil fikir ortaya qoymayan kommunist partiyası Putinə dəstək müraciəti ünvanlayıb. Bütün bunlar onu deməyə əsas verir ki, hakimiyyət BMT-də tutduğu mövqeyi hər hansı formada kompensasiya etməyə və Rusiya qarşısında özünə bəraət qazandırmağa çalışır.
Bu arada Kremlin Azərbaycanda müxalif siyasətçilər, ictimai təşkilatlar və milli azlıqlar arasından rusiyameylliləri maliyyələşdirdiyi barədə informasiyalar yayılmaqdadır. Vaşinqtondakı Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru, Stokholmdakı Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun (İSDP) həmtəsisçisi Svante Kornell “The Wall Street Journal” qəzetindəki məqaləsində yazıb ki, artıq Ermənistan üzərində nəzarəti möhkəmləndirən Moskva Gürcüstanda və Azərbaycanda müxalif siyasətçilər, ictimai təşkilatlar və milli azlıqlar arasından rusiyameylliləri maliyyələşdirir.
Bu da Azərbaycanın Rusiya təhlükəsi ilə üzləşə biləcəyindən xəbər verir.
Təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər hesab edir ki, bu məsələdə hökumətin mövqeyi əsasdır. Yəni bu mövqeni dövlət başçısı, xarici işlər naziri, yaxud diplomatlar səsləndirir. Azərbaycan BMT Baş Assambleyasında səsvermədə öz mövqeyini bildirib: “Açıqlamalara gəldikdə, bir tərəfdən Azərbaycanda Rusiyameylli adamlar var. Digər tərəfdən hakimiyyət daxilində Rusiyanın Azərbaycanın BMT-dəki mövqeyindən qəzəblənəcəyini düşünüb nəticə çıxaranlar var”.
Ekspertin fikrincə, Rusiya, heç şübhəsiz, MDB məkanında aktiv fəaliyyətə keçib. Bu hələlik Azərbaycanda hiss olunmur. Baxmayaraq ki, şimal qonşunun ölkəmizdə daha aktiv olacağı gözlənilirdi. Amma istinsa olunmur ki, Azərbaycanda müəyyən bir mərhələdə Rusiya çox aktiv fəaliyyətə keçsin. Amma hələlik belə bir komandanın verildiyini görünmür.
Ekspertin sözlərinə görə, Moskvanın Azərbaycanda Rusiyameyli qüvvələri maliyyələşdirməsi ilə bağlı ortalıqda konkret faktlar olmalıdır. Bu olmayınca, deyilənlər iddiadan o yana getmir.
Fizzə


