Ya aktiv olun, ya da deaktiv!

Düz bir həftədir internet provayderimiz “Aktiv ol” şirkətinin başbilənlərindən birini axtarıram. Sadəcə, 7 gündür davam edən internet kəsintisi işgəncəsinin səbəblərini öyrənmək üçün. Hələ axtarışlarım bir nəticə verməyib. Anlaşılan o ki, heç bu şirkətdə böyük-kiçik yoxdur. Müştəri xidməti üçün təyin olunmuş  telefonun işi isə ancaq sorğuları qeydə almaqdır. Problemin səbəbi, araşdırılması və aradan qaldırılacağı müddət haqqında məlumat  alacağınızı heç ağlınıza da gətirməyin. Sorğunuzla bağlı müvafiq şöbəyə yönləndiriləcəyinizi və ya şikayətinizi rəhbərliyə  çatdırmaq istəyinizi də unudun.  

“Çıxış yolu nədir?” deyə soruşsam,  yəqin ki, ən azı 100 nəfərdən 70-i provayderi dəyişməyi tövsiyə edəcək. Amma bu prosesin özünün də elə təminatçı şirkətlərin işi qədər zəhlətökən olduğu haqqında təcrübəliyəm. Ölkəyə internet gələn gündən bəri neçə provayder dəyişmişik. Sonuncusu, bəhs etdiyim “Aktiv ol”a qoşulduğumuz heç bir il deyil.  Hazırkı rəsmi rəqəmlərə inansaq, ölkədə hər 100 nəfərdən 70-i internet istifadəçisidir. Bu o deməkdir ki, ölkə əhalisinin ən azı 100 nəfərdən 50-si vaxtaşırı bizim üzləşdiyimiz işgəncəyə məruz qalır. İşgəncə də bir deyil, beş deyil. Müqavilə bağlayırsınız və müəyyən ödəniş müqabilində şirkət fasiləsiz internet təmin etmək öhdəliyi götürür. Siz ödənişi iki dəqiqə belə gecikdirə bilməzsiniz, anında bağlantınız kəsilər. Amma qarşı tərəfin “ərköyünlükləri” bitməz.  İşıqları sönər, gözləməlisiniz. Qəza baş verər, gözləməlisiniz. Vasitəçi tərəfdaşları “Million”un ödəniş transferində gecikmələr üzündən gözləməlisiniz. Və Azərbaycanda bunun adına kəsintisiz internet xidməti deyilir.

Beləcə, bağlanan müqavilələr də ölkə qanunları kimi kağız statusunda qalır. Bu anlamda, provayder dəyişmək həm çıxış yolu sayılır, həm də yox. Çünki əvvəlki internet təminatçısından da bənzər səbəblər üzündən imtina etmişdik. Başqa yol yoxmu, gerçəkdən? Axı şəbəkəyə qoşulan zaman bağladığımız müqavilə bizə də hüquqlar verir. Niyə aşağı keyfiyyətli xidmətə və internet kəsintilərinə görə məhkəməyə müraciət etməyək? Mütəxəssislərin sözlərinə görə, hətta müqavilənin şərtləri provayderin maraqları çərçivəsində hazırlanmış olsa belə, məhkəmə bu sənədin tərəfli olduğu barədə qərar çıxara bilər. Qanunla bu halda istehlakçının hüquqlarının bərpa olunması haqda hökm verilməlidir. Başqa bir yolu da var. İstənilən istifadəçi məsələ ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət edə bilər.

Yenə deyəcəksiniz, Azərbaycan reallığıdır, kim kimin kitabını oxuyur ki… O zaman ölkəni necə dəyişəcəyik, həyatımızı necə asanlaşdıracağıq, insanları qanuna əməl etməyin hökmünü necə anladacağıq. Bütün qanunsuzluqları başlı-başına və hər kəsi cəzasız buraxaq əl-qolunu sallayıb getsinmi? Aramızda başına bu oyunlar gətirilən 30-40 nəfər səsini çıxarıb, inadla haqqını tələb etsə, nəsə dəyişməzmi? Əminəm ki, dəyişər.

Öz internet təminatçımıza gəlincə… Şübhəsiz, məhkəmə bütün mübahisəli məsələlərin həllində son çıxış yoludur. Məqamı yetişdisə, onu da sınaqdan keçirərik. Əgər müqavilə bağladığın tərəf öhdəliklərini kobudcasına pozduğu halda, əsl səbəbləri anladaraq, üzr istəmək nəzakəti belə nümayiş etdirə bilmirsə, sənə başqa çıxış yolu qalmır demək. Çünki bir müqaviləyə imza atmış kəs ona oyuncaq kimi deyil, hüquqi sənəd kimi yanaşmağa borcludur. Sizi də istehlakçı hüquqlarına hörmət etməyə çağırıram. Heç olmasa, adınıza hörmət qoyun. Birdəfəlik, ya aktiv olun, ya da deaktiv!