Ukraynadan sonra Azərbaycan

ABŞ İnstitutunun direktoru ölkəmizin Rusiyanın növbəti hədəfi olacağın dedi

Ukraynada baş verənlərin fonunda Cənubi Qafqaz regionu dünyanın diqqət mərkəzinə çevrilib. Belə ki, dünya mətbuatı Rusiya prezidenti Vladimir Putinin həyata keçirmək istədiyi Belarusdan Tacikistana kimi “Avrasiya” imperiyası haqda məqalələr dərc edib. Putinin son addımlarını şərh edən ABŞ-ın Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə İnstitutunun direktoru Svante Kornel bildirib ki, Vaşinqton hökuməti Krımın Rusiyaya birləşdirilməsinə etiraz etməklə düzgün addım atıb: “Çünki Ukrayna NATO üzvüdür. İndi isə ABŞ təcili Cənubi Qafqaz dəhlizinin təhlükəsizliyi üçün hərəkətə keçməlidir. Ukraynanın taleyi ilə Cənubi Qafqaz regionu bir-biri ilə sıx bağlıdır. Belə ki, Ukrayna və Cənubi Qafqaz Putinin “Avrasiya” imperiyası ilə bağlı arzusunu həyata keçirmək üçün önəmli regionlardır. Putin Belarusdan Tacikistana kimi imperiya yaratmaq niyyətindədir”.

Rusiyanın NATO-ya qarşı mübarizə apardığını deyən politoloqun fikrincə, 2008-ci ildə Rusiya Gürcüstana hərbi müdaxiləni NATO-nun təsir qüvvəsinin genişləndirilməsinin qarşısını almaq üçün həyata keçirmişdi. Rəsmi Moskvanın Ermənistan üzərində nəzarəti möhkəmləndirdiyini deyən politoloq növbədə Gürcüstan və Azərbaycanının olduğunu hesab edir. Onun sözlərinə görə Putin bu planını həyata keçirmək üçün hər iki ölkədəki rusiyameyilli müxalifəti maliyyələşdirir: «Rusiya Ermənistanda olan hərbi bazalarından istifadə edərək Dağlıq Qarabağ münaqişəsini yenidən gündəmə gətirə bilər. Gürcüstan isə Rusiya ilə Ermənistanda yerləşən rus hərbi bazaları arasında yerləşir. Bu, çox təhlükəlidir. Azərbaycan NATO-ya üzv olmağa tələsmir, lakin Vaşinqton sözügedən məsələ ilə bağlı danışıqlara başlamalıdır. ABŞ prezidenti Barak Obama Gürcüstanı NATO-ya üzv etmək üçün tələsməlidir”.

Bəs Azərbaycanın Ukraynadan sonra Rusiyanın hədəfi olma ehtimalı nə dərəcədədir? Azərbaycan Rusiyanın «qəzəbindən» yayınmaq üçün hansı addımları ata bilər?

Sülhəddin Əkbər: «Rusiyanın maraqlarına cavab verməyən istənilən dövlət Kremlin hədəfinə tuş gəlməyə açıqdır»

Azad Demokratlar Partiyası (AzDP) Təşkilat Komitəsinin sədri Sülhəddin Əkbər hesab edir ki, mövcud geosiyasi vəziyyətdə Rusiyanın maraqlarına cavab verməyən istənilən dövlət Kremlin hədəfinə tuş gəlməyə açıqdır. Bu ölkələrdən birinin də Azərbaycan olduğunu deyən S.Əkbər vurğuladı ki, nəzərə almaq lazımdır ki, ölkəmiz Rusiyanın Gömrük İttifaqına daxil olmaqla bağlı tələblərinə müsbət cavab verməyib. Digər bir tərəfdən də Rusiya ilə Avropa Birliyi arasında enerji qarşıdurması olduğu bir vaxtda Azərbaycanın geosiyasi önəmi böyükdür: «Rusiya ilə ABŞ arasındakı qarşıdurmanın dərinləşdiyini, Əfqanıstandan qoşunların məhz Azərbaycan üzərindən təchiz olunduğunu nəzərə alsaq, o zaman ölkəmiz istər-istəməz ön plana çıxır. Bu baxımdan beynəlxalq təhlillərdə ölkəmizə xüsusi yer verilməsini normal qarşılayıram. Çünki bu cür düşünməyin ciddi əsasları var».

Xəyal