
Son bir neçə gündə iki nüfuzlu dövlətin yüksək çinli generalının Bakıya səfər etməsi maraq doğurur. Söhbət Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Necdət Özəl və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeriy Gerasimovdan gedir. Nə qədər qəribə olsa da, ikinciyə Azərbaycanda diqqət daha böyük oldu. Baxmayaraq ki, Rusiyadan fərqli olaraq Türkiyə Azərbaycanın strateji müttəfiqidir.
Aprelin 7-də müdafiə naziri Z.Həsənovun əmri ilə iki ölkə arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə V.Gerasimov Azərbaycan Respublikasının "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunub.
Maraqlıdır ki, Azərbaycan bu medalı Ermənistanla 50 illik hərbi əməkdaşlıq müqaviləsi imzalamış, bu dövlətin ərazisində hərbi baza saxlayan dövlətin generalına verir. Bundan başqa ATƏT-in Minsk Qrupunun həmsədri olmasına baxmayaraq məhz Rusiya Ermənistanı birtərəfli şəkildə silahlandıraraq, Qarabağ münaqişəsinin sülh yolu ilə çözülməsinin qarşısını alır. Münaqişənin hazırkı formatda saxlanılması, tərəflərin aralarında razılığa gələ bilməməsinin də əsas günahkarı kimi rusiya göstərilir. Əslində Azərbaycanın işğal altında olan torpaqlarının Ermənistan deyil, Rusiya tərəfindən nəzarətdə saxlanıldığını desək yanılmarıq.
Belə olan halda Azərbaycanın rus generalını təltif etməsi nəyə xidmət edir?
Azad İsazadə: «Azərbaycan bu cür vasitələrlə Rusiyadan gələ biləcək zərbələrdən özünü sığortalamağa çalışır»
Hərbi ekspert Azad İsazadə hesab edir ki, atılan addım hərbi-diplomatiyanın təzahürlərindən biri sayıla bilər. Eyni zamanda V.Gerasimova verilən ordenin bir o qədər mühüm əhəmiyyət kəsb etmədiyini deyən A.İsazadə vurğuladı ki, bu daha çox ritual xarakter daşıyır: «Amma həmin ordeni bir müddət əvvəl Azərbaycanda səfərdə olan türk generala da vermək olardı. Amma onsuz da Azərbaycanla Türkiyə arasında münasibətlər yaxşı inkişaf edir. Rus generalına verilən mükafat bir növ Kremli şirnikləndirməyə xidmət edirdi. Azərbaycan MDB-yə daxildir və hazırkı geosiyasi durumda bütün MDB ölkələri Ukraynadan sonra təhlükəli durum ilə üzbəüzdürlər. Bu baxımdan görünür, Azərbaycan bu cür vasitələrlə Rusiyadan gələ biləcək zərbələrdən özünü sığortalamağa çalışır».
Xəyal


