İnsan işi

Azərbaycan telekanallarından hansındasa “Qız yükü” adlı serial yayımlanırmış, serialın son bölümündəki erotik kadrlar xeyli adamı qəzəbləndirib, deyirlər ayıbdır, camaatın ana-bacısı var, həmçinin xalqımızın milli-mənəvi dəyərləri var, belə səhnələri çəkmək, göstərmək olmaz. Hətta MTRŞ adlı teleradio qurumumuz açıqlama verib ki, məsələni araşdırıb əncam çəkəcəklər. Çox gülməlidir. Eyni telekanallarda müxalif insanların yataq otaqlarına soxularaq, onların şəxsi həyatına kamera uzadılaraq çəkilən kadrlar günün-günorta çağı yayımlanarkən heç kimin yadına bu “ana-bacı söhbəti” düşmür, “milli-mənəvimi dəyər” deyilən naməlum nəsnə kimsənin vecinə olmur, amma hansısa filmdəki çılpaq kadr birilərinə dərhal mentaliteti xatırladır, onların qeyrət damarını dombaldır.  

Müxalif insanların intim videoları nümayiş etdirilərkən dəvəquşu kimi başını qumda gizlədən MTRŞ-ya isə deyiləcək heç bir söz yoxdur. Telekanallarda çılpaq yalanlara göz yumub çılpaq film səhnələri ilə uğraşan bu qurum özündən utanmalıdır.

***

Təzəlikcə Milli Dram Teatrında baş verən hadisəni xatırlayaq. Mehriban Ələkbərzadənin səhnələşdirdiyi bir tamaşadakı yataq səhnəsi Alim Qasımovu əsəbləşdirmişdi, tamaşanı yarıda tərk etmişdi. Guya bu, böyük bir biabırçılıq imiş.

Eyni Alim Qasımov hakimiyyətin öz siyasi rəqiblərinin yataq kadrlarını yayımlayarkən niyə etiraz səsini çıxarmamışdı? Bunu biabırçılıq adlandırmağı niyə özünə rəva görməmişdi? Üstəlik, indi çıxıb məhz belə bir hakimiyyətin müdafiəçisi rolunda çıxış edir. Səmimiyyət və məntiq bu işin harasındadır? 

Ətrafımızdakı çılpaq həqiqətləri, Azərbaycanın günümüzdəki çılpaq reallıqlarını görməyib, görməzdən gəlib çılpaq serial kadrları, çılpaq tamaşa səhnələri ilə uğraşmaq insanda həm ikrah doğurur, həm də gülüş. 

***

Ikrah və gülüş doğuran başqa bir açıqlamanı isə dünən ANS-in başbilənlərindən biri Mais Məmmədovun ağzından eşitdik. Deməli, bu telekanaldakı hansısa süjetdə səsləndirilən ifadələr Kəlbəcər sakinlərini qeyzləndirib, onlar ANS-dən üzrxahlıq tələb ediblər, bu yoldaş da qayıdıb deyib ki, həmin süjetdə heç bir təhqir-filan yoxdur, bunu iddia edənlər isə saxta vətənpərvərlərdir. 

Bəh, bəh, bəh! Hətta cəh, cəh, cəh!

Dünənəcən qarşısına keçən, daha doğrusu, bu çağdışı rejimin qarşısında olan hər kəsi vətənpərvərlik, daha doğrusu, vətənşüvənlik üzərindən yarğılayan bir zehniyyət indi hansısa işğal edilmiş rayonun sakinlərinə saxta vətənpərvərlik ittihamında bulunur. Cəmi üç il əvvəl “erməni dəyirmanına su tökdüyünə” görə yaş yuyub quru sərdiyi, hətta onun haqqında “Azərbaycana qarşı” adlı film çəkdiyi siyasi məhbusu indi mövqe dəyişdirib hakimiyyət maraqlarının ifadəçisi kimi çıxış etdiyindən həftə səkkiz mən doquz ekrana çıxaran, onun müxalif insanlara qarşı şərləmələrinə məmnuniyyətlə efir vaxtı ayıran bir zehniyyətin özündə başqalarının vətənpərvərliyini ölçmək haqqı tanımasından gülməli və acınacaqlı nə ola bilər?

***

Bəli, əgər siz hər zaman inandığınız dəyərlərin yanında deyilsinizsə, bu dəyərləri situasiyaya, gücə, merkantil maraqlara görə qiymətləndirərsinizsə, o zaman nə kimsəni səmimiyyətinizə inandıra bilərsiniz, nə də o inandığınız dəyərlərin bir anlamı qalar. Kənardan gülünc və iyrənc görünmək istəmirsinizsə, öncə həqiqətə söykənin. Həqiqətə söykənin ki, o sizi zaman-zaman çətin suallar qarşısında qalmaqdan azad etsin. Inandığınız dəyərlər isə dəyərsizləşməsin. Kimsə sizin düşüncələrinizi, baxışlarınızı bölüşməsə, hətta yerli-dibli qəbul etməsə, tamamən rədd etsə belə, ən azı səmimiyyətinizə sayğı duysun.

Yoxsa ömrü boyu vəziyyətə, hadisələrə, şəxslərə, şəxsi mənfəətlərə uyğunlaşaraq yaşamaq yaxşı iş deyil. Insan işi deyil.