Abşeronda – Bakıda çoxlu göl var (idi!). Bu gün bu göllər kimlərəsə gərəksiz görünür, buna görə onları bütünlüklə qurutmağa yükləniblər. Qanlıgöl çoxdan qurudulub, indi sırada başqalarıdır. Indi başqalarını qurutmağa girişiblər. Xalqın-dövlətin pullarıyla qurudur, sonra da yerini satıb özləri üçün pul qazanırlar.
Abşeron – Bakı gölləri bu yerin, bu bölgənin özümlü yaşam faktorlarıdır. Qumlu-küləkli, havası quru Abşeron – Bakı bölgəsi üçün bu göllər Tanrıdan – Doğadan göndərilən paydır. Illərdir bu göllərin, başlıcası da Masazır gölünün qorunmasına yönəlik yazılar yazır, yazdırırıq; elə bil qurbağa gölünə daş atılr – bizi eşitmir, bizi saymırlar. Sonra da həyasızcasına, əxlaqsızcasına “bizdə demokratiya var, qəzetlər nə istəsələr yaza bilir”, deyirlər. Xalqdan oğurladıqları pullarla jurnalistləri, qəzetləri satın alır, sonra da demokratiyadan danışırlar. Milli maraqlara qulluq yolu tutan qəzeti boğub-bağlamaq üçün türlü yasaqlara əl atırlar, gerçəyi eşitmək, dalınca düşmək istəmirlər – demokratiyadan danışırlar. Dönə-dönə yazmışıq, bir daha yazaq: demokratiya fakt deyil, prosesdir. Azərbaycanda demokratiya prosesi dondurulub, özü də bütünlüklə.
Masazır gölü
Abşeronda – Bakıda çoxlu göl var. Çoxlu göl var, bir də… bir göl var – Masazır gölü. Bakıdan 21 km aralıda, quzey-batıda. Bir sıra bilgilərə görə, 1813-cü ildən başlayaraq Masazır gölündən duz çıxarılır. Azərbaycan Sovet Ensiklopediyasında yazılana inansaq, gölün palçığı bir sıra xəstəlikləri (sinir sistemi, oynaq, ginekoloji) sağalda bilir. Göl özünün bol duzu ilə uzun illər ona ən yaxın kənddə – Masazırda yaşayanların çörək ağacı olub. Burada hər soyun, hər uruğun öz duz payı olub – onlar paylarını çıxarıb satmaqla özlərinə az-çox dolanışıq düzəldiblər. Ta ortaya “Azərsun” çıxanadək. Bir ara gölün QORUĞA çevriləcəyi bildirilirdi, ancaq “Azərsun” ortaya çıxandan sonra qoruq anlayışı arxa plana keçdi. Kim bilir, bəlkə, qoruq söhbəti kənd adamlarını yayındırımaqla gölü ələ keçirmək üçün ortaya atılıbmış. Fakt budur: bizə bəlli olanı 2010-cu ildən gölü bütünlüklə “Azərsun” ələ keçirib. “Azərsun” qabaqca gölü çəpərlədi, gölə bitişik duz zavodu tikdi. Sonra daş-qum daşıyıb tökməklə gölün ortasından yol çəkildi.
Qabaqca gölün bir yanında yaşayış evləri tikilmişdi, indi başqa bir yanda da yaşayış evləri tikilməkdədir. Gölün hər iki başında benzinkolonka tikilib. Bir neçə il qabaq çəkilən dəmir çəpər sonradan buldozerə verildi. Deyilənə görə, bunu torpaq töküb gölü daraltmaqla yolu genişləndirmək üçün edirlər. Yolu isə gölü daraltmadan da genişləndirmək olar. Bəs niyə belə edirlər? Bəlli deyil. Bəlli olan bu ölkənin bütünlüklə yiyəsiz olmasıdır. Qanuna görə, ölkənin doğal varından – “ümumxalq sərvəti” – hamılıqla yararlanmaya yasaq qoyula bilməz. Qanunla! Qanun hanı? Biz illərlə Masazır gölünə kanalizasiya sularının axıdılması ilə bağlı çıxışlarda bulunduq: “bu duzla bir ölkənin çörəyi bişir”, dedik; “bu duz bir ölkənin süfrəsinə qoyulur”, dedik. Nə ölkə dolusu hacı – dindarlardan səs çıxdı, nə də “Ekologiya və təbii sərvətlər nazirliyi”ndən, nə parlamentdən, nə başqa dövlət qurumlarından.
Qıraqlardan gölə yodlu sular axır. Buna yörə yaz-yay aylarında, axşam üstü bu göl min bir çalarlı gözəlliyə dönür. Bu göl (elə bir çox başqa göllər də) çoxdan QORUĞA çevrilməli, gölün üstündə, yaxınlığında hər hansı tikinti yasaq edilməli, göl boyunca yaşıl zolaq salınmalı, dincəlmə, əylənmə yerləri düzəldilməli idi. R.Mehdiyev, Ə.Əhmədov, R.Usubov başda olamqla bu gölün yanından hər gün bir çox “dövlət adamları” evdən işə, işdən evə keçib gedirlər. Hər gün! Ancaq onlar, eləcə də gölün yaxınlığında evləri olan bir çox deputatlar (S.Rüstəmxanlı, A.Mirzəzadə, Q.Paşayeva) bu gözəl gölün necə öldürüldüyünü görmür, görmək istəmirlər.