Əsgər Möhsümoğlu, “Amerikanın səsi”
Sovet Ittifaqı dağılmamışdan öncə Bakıdan şimala gedən magistral yolun girəcəyində XI Qızıl Ordu dairəsi var idi.ÿ 1920-ci ildə Azərbaycanı zəbt etmiş rus-bolşevik ordusunun şərəfinə ucaldılan abidə əllərində bayraq tutmuş üç əsgəri cizgiləndirirdi.ÿDairədən bir qədər kənarda “Azərbaycanın əbədi xoşbəxtliyi Rusiya ilə bağlıdır!” cümləsi yazılmış lövhə var idi.ÿDeyim rusların Azərbaycana canişin qismində gətirdikləri Nəriman Nərimanova məxsus idi. Lövhə oradan çoxdan yığışdırılıb.ÿIndi həmin dairə “20 Yanvar dairəsi” adlanır.
Azərbaycanda bir çoxları indiyədək də millətin müstəqillik mübarizəsini Dağlıq Qarabağ uğrunda savaşla qarışdırır.ÿ Azərbaycanda milli özünüdərk hərəkatının inter-etnik münaqişədən qaynaqlanması müstəqillik uğrunda mübarizəni, müəyyən mənada, arxa plana keçirib.ÿŞəhidlər Xiyabanında 1990-cı ilin yanvarında rus qoşunları tərəfindən öldürülmüş adamlar Qarabağ müharibəsində həlak olmuş adamlarla yanaşı dəfn olunublar. Milli yaddaşda Qarabağ müharibəsi müstəqillik mücadiləsi ilə eyni kateqoriyada yer alıb, halbuki, bunlar fərqli məna kəsb edən hadisələrdir.ÿ Itirilən torpağı geri qaytarmaq olar, amma itirilən dövlətçiliyi bərpa etmək qat-qat çətindir.
Tarixdə iki dəfə azərbaycanlılar öz müstəqilliklərini qanlı inter-etnik müharibə şəraitində qazanıblar. Konkret birinci halda, müstəqilliyin itirilməsi də məhz bu mübarizə şəraitində baş verdi.ÿBütün ordusunu erməni qüvvələri ilə cəbhə xəttinə cəmləşdirən Azərbaycan şimaldan gələn rus hərbi birləşmələri qarşısında aciz qaldı.ÿCəmi bir zirehli qatarla irəliləyən işğalçı qüvvələrə müqavimət göstərilmədi. XI Qırmızı Ordu bir güllə atmadan Bakını zəbt etdi və Azərbaycanın müstəqilliyinə son qoydu.
Rusiyanın 2008-ci ildə Gürcüstan torpaqlarını zəbt etməsi və bugünlərdə Ukraynada həyata keçirdiyi hərbi müdaxilə tarixin unudulmuş dərslərini yenidən önə çəkir.ÿƏn azı, göstərir ki, dünən də, bu gün də, sabah da Gürcüstan, Ukrayna və Azərbaycan kimi dövlətlərin varlıqlarına əsas təhlükə kiçik qonşuların ərazi iddiaları yox, bu millətləri yüz illərlə əsarət altında saxlamış və imperialist ambisiyalarından əl çəkməmiş Rusiyadan qaynaqlanır.
Əlbəttə, burada “parçala və hökm sür” siyasətinin fəsadları geniş rol oynayır.ÿTamamilə mümkündür ki, Cənubi Qafqazı bürümüş inter-etnik münaqişələr elə Rusiyanın bu regionu nəzarətdə saxlamaq mexanizminin tərkib hissələridir.ÿAmma günün sonunda şimaldan qaynaqlanan ekzistensial təhlükəyə paralel təhlükə yoxdur.
Dövlətlər öz rəqiblərini seçmək imtiyazından məhrumdular. Düşmən bəzən güclü, bəzən zəif olur.ÿAmma müstəqilliyini qorumaq əzmində olan millət hərbi qüdrətini mövcud olan real təhlükələrə uyğunlaşdırır.ÿ1940-cı ildə Hitler Almaniyasından hər an hücum gözləyən Britaniya lideri Vinston Çörçill məşhur tarixi bəyanatı ilə yadda qalıb:ÿ”Biz dənizlərdə, okeanlarda vuruşacağıq, biz artan özünəetimad hissi və artan güclə havada vuruşacağıq, biz nəyin bahasına olursa olsun, adamızı qoruyacağıq.ÿBiz sahillərdə vuruşacağıq, biz düşmənin gəliş nöqtələrində vuruşacağıq, biz çöllərdə, küçələrdə vuruşacağıq, biz təpələrdə vuruşacağıq. Biz təslim olmayacağıq!”
Ola bilsin, Hitleri nəhayət, fikrindən daşındıran və səmtini Sovet Ittifaqına yönəldən də Çörçillin bu qətiyyəti oldu.ÿ Zəiflik aqressiyanı şirnikləndirir.ÿÇəkindirici amilin potensial təcavüzün qarşısını almaqda rolu əvəzsizdir. Fakt budur ki, mövcudluğunu, azadlığını qorumağa qalxmış milləti əsarət altına almaq istənilən qüdrət üçün ən azı, çətin və ağrılı olur.ÿTəhlükəni göz altına almamaq və onun qarşıya qoyduğu ağır məsuliyyətdən boyun qaçırmaq isə Rusiya kimi dövlətlərlə “əbədi dostluğa” yol açır.


