NIDA-çı gənclərdən ABŞ-la bağlı ifadə almağa çalışıblar
Aprelin 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə NIDA Vətəndaş Hərəkatının 8 üzvünün məhkəmə prosesi davam etdirildi. Prosesdə Ilkin Rüstəmzadə ifadə verərək, prokurorluqda ondan ABŞ-a qarşı ifadə almaq cəhdlərindən danışıb. Ona deyiblər ki, Üzeyir, Rəşad və digərləri ABŞ-ın Mərkəzi Kəşfiyyat Idarəsinə işləyirlər, eyni zamanda ABŞ-ın Milli Demokratiya Institutunun rəhbərinin ölkə gənclərinin mənəviyyatını korlaması bildirilib.
Bir qayda olaraq, Azərbaycan hakimiyyəti siyasi həbslərdə Qərb faktorundan yararlanır və müxalifətçi fəalları ABŞ əleyhinə ifadə verməyə məcbur edir. Ancaq hakimiyyət nümayəndələri ABŞ-a səfər edəndə Şimaldan və cənubdan təhlükə olduğunu, bu amillərin Azərbaycanın demokratikləşməsinə maneə törətdiklərini vurğulayırlar. Amma hələ müşahidə olunmayıb ki, hansısa siyasi həbsdə müxalifət fəallarından Rusiya əleyhinə ifadə alınsın.
“Turan” Informasiya Agentliyinin rəhbəri Mehman Əliyev bildirdi ki, hakimiyyət bu cür ziddiyyətli addımlar atmağa məcbur olur və başqa yol tapmırlar: “Bir tərəfdən real Rusiya təhlükəsi var. Digər tərəfdən də Qərbin israrla demokratiya tələbi var ki, bu da rejim üçün təhlükədir. Amma Qərb Rusiya təhlükəsindən qorunmaq baxmından, Azərbaycan üçün ”təhlükəsizlik kəməri” rolu oynayır. Istənilən halda, hakimiyyətin addımları ziddiyyətlidir. Bir tərəfdən Qərbin bunların daxili işlərinə qarışmasını istəmirlər, digər tərəfdən ABŞ əleyhinə ifadə almağa çalışırlar. Hökumət başa düşür ki, bu kimi addımlar Qərblə münasibətlərin kəskinləşməsinə səbəb ola bilər. Ancaq başqa çıxış yolu tapa bilmirlər”.
Təhlükəsizlik üzrə ekspert Ilham Ismayıl hesab edir ki, hakimiyyətin bu cür addımı Qərbin zaman-zaman sərgilədiyi prinsipial mövqeyə və tələblərə görədir: “Hakimiyyət üçün həssas olan məqamlarda, xüsusən seçki məsələsində Qərbin mövqeyi daha real və prinsipial olur. ABŞ Dövlət Departamenti də bir qayda olaraq obyektiv və tənqidi mövqe sərgilməyə üstünlük verir. ABŞ-a və Avropa ölkələrinə qarşı bu münasibət, dəyərlərə olan münasibətdir. Nə qədər öz maraqlarını güdsələr də, ABŞ hər zaman insan haqları və demokratiya sahəsində israrlıdırlar. Rusiya isə həm coğrafi, həm siyasi, həm də düşüncə baxımından Azərbaycan hakimiyyətinə yaxındır. Ona görə də belə məqamlarda Rusiyanı deyil, Qərbi hədəf seçirlər”.
Akif