Məcburi köçkün və qaçqınları təhqir etmək Hüseynovun televiziyaya da yolunu bağlayıb
Milli Məclisin üzvü Etibar Hüseynovun qaçqın və məcburi köçkünlər əleyhinə işlətdiyi təhqiramiz ifadələrə görə üzrxahlıq etməsi ictimai qəzəbi hələ də sakitləşdirə bilməyib. Bəlli olduğu kimi, Etibar Hüseynov bu üzrxahlığı, öz səhvini anlayaraq səmimi qaydada yox, inzibati təzyiqin nəticəsi olaraq etdi. Onun təhqiramiz açıqlamalarından sonra media və sosial şəbəkələrdə “Etibar Hüseynov, üzr istə!” tələbilə kampaniya başladı. O isə bu çağırışlara nəinki normal cavab vermədi, üstəlik, inadkarlıq edərək, hisslərə toxunan başqa bir açıqlama da yaydı. Həmin açıqlamada o bildirirdi: “Əgər mən səhv etsəydim, xalqımdan bir ayaq üstündə dayanıb, üzr istəyərdim. Əgər mən indi üzr istəsəm, o zaman dediyimin səhv olduğunu qəbul etmiş olaram. Ona görə də heç kim məndən inciməsin. Mən qarabağlıların heç birindən üzr istəməyəcəm”.
Lakin Etibar Hüseynovun tərs müqaviməti çox çəkmədi. Spiker Oqtay Əsədovun apardığı söhbətdən sonra o, “bacardığı qədər” (ifadə Əsədova aiddir) üzr istədi. Kulislərdə dolaşan söhbətlərə görə, Oqtay Əsədovla Etibar Hüseynovun söhbəti kifayət qədər gərgin atmosferdə keçib və ikinci öz üslubuna xas formada spikerdən tənələr qəbul etməli olub.
Hüseynovun üzrxahlığında çoxlarının diqqətindən yayınan incə bir məqam var. Deyir ki, ona qarşı kampaniyanın kim tərəfindən aparılması barədə artıq faktlar əldə edib və bu faktları toplayıb, ölçü götürülməsi üçün müvafiq orqanlara təqdim edəcək.
Əvvəla, Etibar Hüseynovun nəsə sirr axtarmağına ehtiyac yoxdur, onun hansı fakt topladığı qaranlıqdı. Hər şey ortadadır – onun səsləndirdiyi hədyanlar da, buna verilən reaksiyalar da. Lakin istisna etmək olmaz ki, hansısa başqa səbəbdən Etibar Hüseynovun hakimiyyət daxilində də bəzi qruplarla ulduzu barışmır və hər belə səhvindən istifadə edib onu cəzalandırırlar. Bu fikri ona görə iddia ilə yazırıq ki, Etibar Hüseynov ənənəsinə sadiq qalıb bu məsələdə də müxalifəti şərləyə bilərdi. Deyərdi ki, onun dövlətçiliyə, Ilham Əliyevə sədaqətini həzm etməyən müxalifət buna görə onu gözdən salmaq istəyir. Amma o, bunu demir və işarə edir ki, onu ictimai basqı altına salanlar öz səngərində olanlardır.
Vacib bir xatırlatmaya da ehtiyac var. Ötən ilin sonlarında mətbuatda Etibar Hüseynovun Rauf Qubadov adlı vətəndaşın mülkiyyətini ələ keçirdiyi barədə xəbər yayılmışdı. O zaman da Hüseynov açıqlama verib məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edərək, “onun (Rauf Qurbanovun-red.) kim tərəfindən öyrədilib ortaya atılmasını dəqiq bilirəm. Ad çəkmirəm. Zatən hamınız tanıyırsız. Və tezliklə özü ortaya çıxacaq” demişdi. Lakin hadisənin üstündən xeyli vaxt keçməsinə baxmayaraq, nə hüquq-mühafizə orqanları, nə də Hüseynov özü ona qarşı kampaniya aparanın adını açıqlamağa cürət etmədi.
Ehtimal var ki, Etibar Hüseynovun ilin əvvəlində ATV-dəki verilişini də hakimiyyətdəki bir dairə yasaqlayırmış. O zaman verilişin bərpası Hüseynovun “facebook”da qaldırdığı mərəkədən sonra bərpa olundu. Bəs görəsən, Hüseynovun yola getmədiyi dairə kimlərdir? Bu haqda dəqiq nəsə demək çətindir. Ancaq ehtimalla demək olar ki, bu dairənin əsas təmsilçilərindən biri elə spiker Oqtay Əsədovdur. Əsədovun Etibar Hüseynova qarşı mövqeyi bu vaxta qədər tək-tük deputatlara göstərdiyi qədər sərt olub. Son sessiyada o, Etibar Hüseynova “sən nə qədər az danışsan, o qədər yaxşıdır” demişdi. Bundan əvvəlsə, spiker Hüseynovu “tormozu olmamaqda” günahlandırmışdı. Daha əvvəl – 2011-ci ildə Etibar Hüseynov ilk dəfə məcburi köçkünləri torpaqlarını atıb, qaça-qaça Bakıya gəlməkdə ittiham edəndə də spiker onu siyasi təcrübəsizlikdə və etikadan kənar nitqlər səsləndirməkdə günahlandırmışdı.

Və sonda… Əldə etdiyimiz məlumata görə, Etibar Hüseynovun ATV-də yayımlanan üzdəniraq verilişinə də yasaq qoyulub. Keçən həftə onun hazırladığı veriliş efirə verilməyib. “Azad Azərbaycan” telekanalının “Xəbərlər” departamentinin rəhbəri Vaqif Aydınoğlu “Azadlıq”a açıqlamasında xəbəri qismən təsdiqləyib. Bildirib ki, həqiqətən Hüseynovun verilişi ötən həftə proqramına daxil edilməyib. Amma bunun səbəbi telekanal yox, müəllifin özü ilə bağlıdır: “Həmişə onun özü qərar verir, proqramı hazırlayıb iki-üç gün əvvəldən bizə bildirir, biz də yer veririk. Hələ ki, müraciət etməyib. Yəni, bizim tərəfimizdən verilişin bağlanmasıyla bağlı qərar verilməyib”.
Natiq


