Aymira Qaffarova
Rusiya Krımı işğal edib Ukraynanın ərazi bütövlüyünü, suverenliyini açıq şəkildə pozduqdan sonra Cənubi Qafqazda da rus təhlükəsi geniş müzakirə olunur. Rusiya pronozlaşdırılmayan dövlətdir, onun qarşısında nə beynəlxalq hüquq, nə beynəlxalq münasibətlər sistemi, nə də oyun qaydaları var. Hər halda 2008-ci ildə Gürcüstana hücum çəkəndə olmasa da, 2014-cü ildə Krıma qoşun çıxaranda hamı gözlərini geniş açıb Rusiyanı tam çılpaqlığı ilə görə bildi.
Azərbaycan Rusiyanın çarpaz təzyiqləri altındadır. Bilavasitə Kremlin yaratdığı və idarə etdiyi Qarabağ münaqişəsi ən böyük təhdid mənbəyidir. Təsadüfi deyil ki, rəsmi Bakı Rusiyanı qıcıqlandıran addımlar atanda Ermənistan ordusu dərhal atəşkəsi pozur, cəbhə xəttində itkilərlə müşahidə olunan gərginlik yaşanır.
Rusiyanın Azərbaycana başqa təzyiq imkanları da var. Bunun böyük qismi müstəqillik illərində Azərbaycanda hakimiyyəti ələ keçirmiş Əliyev sülaləsinin yaratdığı durumdan irəli gəlir. Son 20 il ərzində sosial-iqtisadi durumu getdikcə pisləşən, dövlət qismində daim rüşvətxor, zorakı, böhtançı, korrupsioner məmurları görən əhalinin bir qismi sovet nostalgiyası ilə yaşayır. Bu gün “müstəqil olub nə etmişik” sualını bir-birinə verən vətəndaşlar var. Onların nə özləri, nə regionları hakimiyyətin idarə olunmasına buraxılmayıb. Əliyev sülaləsinin tayfa idarəçilik sisteminin şərtləri altında yaşamağa məcbur olublar.
Bu gün Azərbaycanda əhalinin böyük bir qismi dövlətin dəstəyi olmadan, xaricə gedən ailə üzvlərinin göndərdikləri vəsaitlə yaşayır. Hər il Rusiyadan Azərbaycana 5 milyard dollar civarında pul göndərilir, bu vəsaitlər hesabına Azərbaycan regionlarında həyat ölmür, üsyanlar, iğtişaşlar baş vermir.
Çünki yüzminlərlə ailə dövlətin verdiyi qəpik-quruşla keçinə bilməz. Ölkədə aqrar sektor tamamilə gəlirsiz sahəyə çevrildiyindən onların bu sahədən qidalanması da mümkün deyil. Çünki hakimiyyəti təşkil edən məmur oliqarxiyası iqtisadiyyatı tam monopoliyaya alıb. Ölkəyə ərzaq məhsullarını bir qrup adam gətirir, topdan ticarət onların nəzarətindədir. Ölkədən mal çıxarmaq tələb olunan böyük rüşvətlərə görə mümkün deyil. Daxili bazar qorunmur, kəndlinin məhsulu əlində qalır, bazarı monopolistlərin su qiymətinə gətirdiyi keyfiyyətsiz mallar tutur.
Ağır sosial şərtlər altında yaşayan Azərbaycan əhalisi həm də hakimiyyətin total basqısı altında yaşamağa məhkumdur. Bu günlərdə dostlardan məlumat aldım ki, sahə müvəkkillərinə ərazilərində sosial şəbəkələrdə səhifəsi olan vətəndaşların siyahısını toplamağı tapşırıblar. Kim “facebook”a girirsə, onu nəzarətə götürürlər. Bundan əvvəl məlum idi ki, ölkədəki bütün siyasi fəallar, onların yaxınları, ailə üzvləri, təsir dairəsində olan şəxslər siyahıya alınıb. Ölkədə etirazlar olarsa, dərhal polis həmin şəxslərin ünvanına gedib onları həbs edəcək.
Azərbaycan informasiya blokadasındadır, əhali ancaq hakimiyyətin sərt nəzarətində olan telekanallara baxa bilər. Internet regionlarda geniş yayılmayıb. Təbii ki, uzun illər ərzində dövlətin informasiya təbliğatı reallıqla uzlaşmadığından öz etibarlılığını itirib. Əhali yerli telekanalların informasiyasına inanmır. Əslində bu, dövlət təhlükəsizliyi üçün biabırçı haldır. Əgər vətəndaşlar dövlətin yaydığı informasiyaları nağıl hesab edirsə, səhər fövqəladə hadisə baş verəndə yenə insanları nəyəsə inandırmaq mümkün olmayacaq. Bu gün insanlar xarici ölkələrin Azərbaycanda peyklə yayımlanan telekanallarına baxır. Türkiyə, Rusiya və Iran kanalları populyardır. Hər ölkə öz maraqlarını güdür, öz maraqlarına uyğun informasiya siyasəti qurub, sadə azərbaycanlılar isə onun təsiri altına düşürlər. Beləliklə, aydın olur ki, hakimiyyət maraqları dövlət təhlükəsizliyini ciddi təhlükə altında qoyub.
Bu gün hərdən hakim partiya tərəfindən xarici təcavüz təhlükəsinə qarşı milli birlik çağırışları edilir. Bütün siyasi rəqibləri əxlaqsızcasına böhtanlayıb həbs etdirən, əhalinin bütün təbəqələrinin maraqlarını tapdalayan, ancaq ailənin korrupsiya maraqlarını qoruyan, dövlət qurumlarını bu çevrədə keşikçi kimi saxlayan hakimiyyətin belə çağırış etmək haqqı yoxdur. Əslində belə korrupsioner rejimlər dövlət üçün çox böyük təhlükə mənbəyinə çevriliblər.


