Bizdən gedən kəmər

Azərbaycan neftini dünya bazarlarına daşıyan BTC kəmərini müstəqillik tariximizdən sonrakı ən mühüm hadisə hesab edənlərlə razılaşmamaq mümkün deyil. Layihənin siyasi-iqtisadi və strateji baxımdan əhəmiyyətini nəzərə alsaq, bu belədir. Məlumdur ki, bu kəmər tarixə “Əsrin müqaviləsi” kimi düşən çoxmilyardlıq layihə çərçivəsində inşa olunub. Illər öncə BTC-yə bir şans möcüzəsi kimi baxan insanlarımızın indiki halda ona ironiya ilə yanaşması da, artıq həmin layihəni ölkə üçün “əsrin bəlası” statusunda görməsindən irəli gəlir. Kimsəni qınamalı deyil, adama deyərlər “o gurultu, hay-küy, təmtəraq altında verilən vədlər hara getdi?..”   

Axı gözəl gələcək vəd edilmişdi bu mübarək enerji layihəsinin xeyir-duası veriləndə. Ölkə başdan-başa çiçəklənəcəkdi, işsiz insan qalmayacaqdı, əməkhaqları dünya standartlarına yaxınlaşacaqdı, yoxsulluq tarixə gömüləcəkdi. Bu inkişaf sayəsində isə təhsilin və səhiyyənin səviyyəsi qalxacaq, yaşayış minimumu artacaq, sənət və yaradıcılığa yeni nəfəs gələcək, cəmiyyətin azadlıq və demokratiyaya gedən yollarına işıq düşəcəkdi… Azərbaycan insanının bu layihə ilə bağlı belə gözəl xəyalları vardı. Nə yazıq, üstündən 20 il keçəndən sonra baxıb görürük ki, gözlənən milyardlar gəlib-gedib, sadə insanların qurduğu xəyallar isə elə xəyal olaraq qalır.

Zənginlik və rifah arzuları öz yerində. Amma BTC-yə olan simpatiyanın başqa önəmli bir səbəbi də vardı – ölkəni Rusiya asılılığından qoparmaq və çağdaş dünyaya bağlamaq. Deyəsən, o çağdaş dünyanın vecsizliyi üzündən yaxınlarda Rusiya gəlib lap kəmərin başında oturacaq. Bəli, artıq o, kəmərin Cənubi Osetiya ərazisindən keçən hissəsinə nəzarəti ələ keçirib. Indi vəziyyət xeyli mürəkkəbləşə bilər. Qərb Rusiyanı neft və qaz bazarı ilə sınağa çəkdiyi kimi, o da istədiyi zaman qarşı tərəfi BTC ilə şantaj edə bilər.

Heç nə öz-özünə baş vermir. Bütün siyasi, iqtisadi, mənəvi amillər bir-birinə bağlıdır. Günlərin birində yeni müstəqil olmuş kiçik bir müsəlman ölkəsində dünyanın nəhənglərinin cəm olduğu qlobal enerji layihəsi işə başlayır. Illər keçir, Tanrının həmin ölkəyə lütf etdiyi sərvətlər bölünür və hər kəs öz payını alır, amma o layihənin acısını çəkən, cəfasına dözən və zəhərini udan yerli xalqa heç nə çatmır. Iyirmi ildə gələn böyük milyardlar bir ovucun ovcuna düşür. Bazar qiymətləri yenə od tutub yanır, kəndli yenə torpağını əkib-becərə bilmir, ölkə insanı dərd-sər, sələm-borc içində itib-batır. Hələ mən savaş meydanlarında şikəst olmuş insanların acınacaqlı həyatını, bu ölkənin azadlığı uğrunda mübarizə aparmış şəxslərin başına gətirilən müsibətləri demirəm. Hələ mən fərqli düşüncəsi üzündən illərlə həbsxanalarda çürüdülən, işsizliklə, maddi sıxıntılarla işgəncəyə məhkum edilən, başını alıb ölkədən getmək zorunda qalanların hekayətini demirəm. Budurmu dünyanın ədaləti? “Aldıqların müqabilində susacaqsan” prinsipi ilə yaşamaq və “dünya belə gəlib, belə də gedəcək” deyimi ilə yola davam etmək hara qədər? 

Bəli, heç nə öz-özünə baş vermir. Dünyanın harasında olursa-olsun, milyonların faciəsi üzərində qurulan komfort, qazanılan milyardlar, yaşadığınız lüks dönüb-dolanıb nə zamansa haram tifaqınızı başınıza yıxar. Insanlığın ədaləti öldüsə, bir gün hökmən Tanrının ədaləti ilə üzləşməli olacaqsınız. Buna şübhənizmi var?