
Azərbaycan nümayəndə heyəti AŞPA-da hansı mövqeni sərgiləməlidir?
AŞPA-nın yaz sessiyasının aprelin 7-dən 11-dək Strasburqda baş tutacağı məlum oldu. Sessiyada əsas müzakirə mövzusu Ukrayna və Krım ətrafında baş verənlər olacaq. Rusiya ilə bağlı dəqiq hansı qərarın verilcəyi məlum deyil. Ancaq, böyük ehtimalla sessiyada Rusiyaya qarşı sanksiya tətbiq olunacaq. Azərbaycan indiyə qədər bütün səsvermələrdə, müzakirələrdə Rusiyanın leyhinə qərar qəbul edib və Rusiya da Azərbaycanı dəstəkləyib. Ancaq, Ukrayna ilə bağlı məsələdə BMT-də səsvermə zamanı Azərbaycan Rusiyanın əleyhinə səs verdi və Ukraynanın ərazi bütövlüyünü dəstəklədi.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Media forum”ÿsaytına bildirib ki, əgər Ukraynanın ərazi bütövlüyü məsələsi AŞPA-da müzakirəyə çıxarılsa, Azərbaycan BMT-dəki mövqeyini təkrarlayacaq. “Rusiyanın səsvermə hüququnun dayandırılması müzakirəyə çıxarılsa, Azərbaycan nümayəndə heyəti necə mövqe tutacaq? sualına isə Səməd Seyidov belə cavab verib: ”Biz bilirik ki, Ukraynanın ərazi bütövlüyü pozulub, ərazisinin bir hissəsi işğal olunub. Ərazi bütövlüyü müqəddəs məsələdir. Ona görə də bu məsələ ilə bağlı mövqeyimiz aydın və açıqdır. Bir qədər səbriniz olsun, baxaq görək nələr olacaq. Məsələlər konkret formada ortaya çıxanda mövqe bildirəcəyik”.
Səməd Seyidovun fikirlərindən belə qənaətə gəlmək olur ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyü məsələsində konkret mövqe sərgiləsə də, sanksiyalarla bağlı məsələyə münasibət bildirməkdə tərəddüd edir. Ümumiyyətlə, Azərbaycan AŞPA-da hansı mövqeni sərgiləməlidir?

Gültəkin Hacıbəyli: «AŞPA-da da Azərbaycan Rusiyanın Krımı işğal siyasətinin əleyhinə, Ukraynanın ərazi bütövlüyünün lehinə səs verəcək»
Milli Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının rəhbəri Gültəkin Hacıbəyli hesab edir ki, AŞPA-da da Azərbaycan Rusiyanın Krımı işğal siyasətinin əleyhinə, Ukraynanın ərazi bütövlüyünün lehinə səs verəcək.ÿGültəkin Hacıbəylinin sözlərinə görə, bunu Azərbaycanın dövlət maraqları tələb edir: “Ukrayna da Azərbaycan kimi ərazisi Rusiya tərəfindən işğal etdiyi ölkəyə çevrildi. Azərbaycan ərazisi də faktiki olaraq de-yure Ermənistan tərəfindən işğal olunsa da, hamımız bilirik ki, bu işğalın arxasında duran Rusiya dövlətidir. Azərbaycan buna görə sözsüz ki, Ukraynanın yanında olmalıdır. Ikincisi, Ukrayna Azərbaycanın strateji tərəfdaşıdır. Üçüncüsü, Azərbaycan Ukraynanın lehinə BMT-də səs verməklə öz starteji seçimini etdi və Ukraynanın ÿərazi bütövlüyünə səs verən 100 dövlət arasında oldu. Düşünürəm ki, bu siyasət davam edəcək. AŞPA-da da ümidvaram ki Azərbaycanın nümayəndə heyəti Ukraynanın ərazi bütövlüyünə səs verəcək. Rusiyanın Krımı işğalını pisləyən qətnaməyə qoşulacaq”.

Qulamhüseyn Əlibəyli:: «Azərbaycan nümayəndə heyəti BMT-dəki mövqeyini davam etdirməlidir»
“Aydınlar” Partiyasının sədri, Milli Şura üzvü Qulamhüseyn Əlibəyli bildirdi ki, Azərbaycan AŞPA-da Rusiya ilə bağlı qərarları dəstəkləməlidir: “Rusiya kobud sürətdə beynəlxalq hüquq normaların pozub və faktiki olaraq bir ərazinin ilhaq edilməsi siyasəti yürüdüb. Ona görə də Azərbaycan BMT-də düzgün mövqe sərgilədi. AŞPA ilə bağlı məsələdə də tərəddüdləri başa düşürəm. Ancaq, AŞPA-nın böyük sanksiyaları yoxdur. Ən pis halda, Rusiya nümayəndə heyəti səsvermə hüququndan məhrum ediləcək. Azərbaycan nümayəndə heyəti də bu tələblərə qoşulmalıdır və BMT-dəki mövqeyini davam etdirməlidir”.
Akif


