Quldarlıq dövləti Karfagen özünün güclü ordusu, saldırqan siyasətləri ilə Romaya qorxu törətdiyindən Böyük Katon senatdakı bütün çıxışlarını belə bitirərmiş: “Karfagen dağıdılmalıdır!” Bu gün Azərbaycanda “Azadlıq” qəzeti, “Qanun” nəşriyatı ( yayın evi) ilə bağlı belə bir durum yaşanmaqdadır. “Azadlıq” qəzetinin də, “Qanun” nəşriyatının da dağıdılmasına göstəriş verilib – Karfagen faktında olduğu sayaq.
Dediyimiz kimi, Karfagen saldırqan (aqressor) quldarlıq dövləti, Roma isə qanunlara bağlı özgürlük dövləti idi. Roma saldırqan quldarlıq dövləti olaraq tanınan Karfagendən qanunçuluğunun, özgürlüyünün itirilməsi baxımından qorxur, buna görə Böyük Katon başçılığında onu dağıtmağa yüklənirdi. Bu gün “Azadlıq” qəzeti ilə “Qanun” nəşriyatı Karfagen durumundadır “ dağıdılmalıdır. Ancaq… bu Karfagen o Karfagen deyil; burada rollar dəyişmiş durumdadır: demokratiyaya, demokratik düşüncəyə transformasiya olunmuş Karfagen quldarlığa, saldırqanlığa qarşı çıxdığından… dağıdılmasına qərar verilib!
Əliyevlər hakimiyətə qayıdışlarının ilkin dönəmində televiziyaları çıxmaqla, başlıca olaraq bazisi, başqa cür desək, ekonomik bazanı, ekonomik rıçaqları ələ keçirmək siyasəti yürütdülər. Çox da güclü olmadıqları, demokratik dünya ilə indiki kimi bazarlaşıb dil tapmadıqları o çağlarda onlara istər içdə, istər dışda yalançı, imitasiya xarakterli demokratiya gərək idi. Illərlə yürüdülən uyğun siyasət sonucu olaraq onlar güclü bazisə yiyələnib-söykənməklə qabaqca altdan-altdan sonralar açıqcasına üstquruma da əl qoydular. Son illərdə Hökumətdən Ayrı Qurumlarla (HAQ-lar – QHT), indilikdə “Azadlıq” qəzeti, “Qanun” nəşriyatı ilə bağlı baş verənlər bazis kimi üstquruma da bütünlüklə yiyələnmə çalışmalarıdır. Bu isə bir sıra qəzetlərdə, saytlarda göstərildiyi kimi, Kəmaləddin Heydərov – Rövnəq Abdullayev arasındakı oliqarxiya – informasiya savaşından ortaya çıxan lokal görsəniş deyil. Adı çəkilən hər iki oliqarx-məmur, eləcə də onlar kimi bir çox başqaları özgəsi deyil, recim başçısının öz oliqarxiyasıdır. Bir sıra informasiya qurumları K.Heydərovun böyük biznes imperiyası – 300 şirkəti (bunlar bilinənlərdir) olduğunu bildirir. Bu, gerçəkdən böyük bir imperiyadır – biznes imperiyası, ancaq bu imperiyanın başlıca başçısı, gerçək yiyəsi, başqa cür desək, imperatoru Azərbaycan prezidenti adını daşıyan Ilham Əliyevdir!
Şahbaz Xuduoğlunun dediklərindən bəlli olduğuna görə, onun nəşriyatının çökürdülməsi, əlindən alınması planının arxasında şirkətlərini 301-ə yüksəltməyə çalışan birisi dayanır. Başqa cür desək, imperatorun sağ əli. Burada əski tarixdəkinin tərsinə olaraq, quldarlıq, saldırqanlıq ideologiyasına yüklənmiş dövlət gücü az-çox qanunçuluq, özgürlük-demokratiya daşıyıcısına çevrilən qurumlara qarşı çıxaraq onları dağıdıb yox etməyə çalışır. Yaranış ilkələri, praktik yönləri baxımından “Azadlıq” qəzeti ilə “Qanun” nəşriyatı ayrı-ayrı qurumlardır. Ancaq siyasi-ideoloji sonuc baxımından onların hər ikisi bir işi görür: düşüncələri aydınlatmaq, gəlişdirmək, gərəkən yerə yönəltmək işini – biri qəzet, o biri nəşriyat olaraq. “Azadlıq” qəzeti gündəlik saylarından bəllidir, “Qanun” nəşriyatı ölkədə geniş yayılan, diktatorların, diktaturaların antihumanist xarakterini sərgiləyən kitablarla. Düzdür, Azərbaycanda nə diktator var, nə də diktatura, ancaq bu sözlər bir sıra bəlli kimsələrdə necə acıq, qızğınlıq doğurursa, “Azadlıq” qəzeti, “Qanun” nəşriyatı kimi qurumların üzərinə qanunla pərdələnmiş BULDOZERLƏR göndəririlər…
Dövlət qanunlarının ayaqlar altına atıldığı bir ölkədə BULDOZER qanunlarından keçərli nə ola bilər?! Dövlət qanunlarının BULDOZER qanunlarını üstələməyini istəyirsiz? Istəyirsizsə, bircə yolunuz var: ələ-ələ tutmaq, birləşmək!