Əli İnsanov əvvəlki yerinə qaytarıldı

Keçmiş nazirə verilən vədə əməl olunmadı

Keçmiş səhiyyə naziri Əli Insanov dünən Kürdəxanıdakı 1 saylı Bakı Istintaq Təcridxanasından 13 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Bu barədə “Azadlıq”a Əli Insanovun vəkili Toğrul Babayev məlumat verib.
Xatırladaq ki, Əli Insanov əvvəl də 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılırdı. Ötən il Avropa Məhkəməsi keçmiş nazirlə bağlı qərar çıxararaq, onun hüquqlarının pozulduğunu təsdiqlədi və buna görə hökumət cərimələndi. Sözügedən qərar əsasında yerli məhkəmələr Əli Insanovun işinə yenidən baxıb. Buna görə də ötən ilin sonunda keçmiş nazir 13 saylı cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına köçürülmüşdü.
Bakı Apelyasiya Məhkəməsində Əli Insanovun işinə yenidən baxıldı və onun 11 il azadlıqdan məhrum edilməsi haqda Ağır Cinayətlərə Dair Işlər üzrə Məhkəmənin çıxardığı hökm qüvvədə saxlanıldı. Apelyasiya məhkəməsinin qərarından sonra hökm qüvvəyə minmiş sayılır və şəxs istintaq təcridxanasından köçürülür. Lakin Əli Insanovla bağlı hökmün qüvvəyə minməsindən təxminən ay yarım vaxt keçsə də, o, Bakı Istintaq Təcridxanasında saxlanılırdı. Keçmiş nazir bununla əlaqədar son günlər iki dəfə təcridxana rəhbərliyinə rəsmi şəkildə müraciət etmişdi.
Qeyd edək ki, Əli Insanov bir müddət əvvəlki başqa bir müraciətində isə qanuna uyğun olaraq, evinə yaxın cəzaçəkmə müəssisəsinə köçürülməsini istəmişdi. Ona şifahi şəkildə Binə qəsəbəsində yerləşən 2 saylı cəzaçəmə müəssisəsinə köçürüləcəyi bildirilmişdi. Lakin göründüyü kimi, deyilən elə söz olaraq qaldı və şəhərdən daha uzaq məsafədə yerləşən cəzaçəkmə müəssisəsinə göndərildi.

Aytən