Hakimiyyət özünü çətin vəziyyətə saldı

“İqtidar BMT-də Ukraynanı dəstəkləməklə Rusiyanı, MDB-nin toplantısına qatılmaqla Qərbi qəzəbləndirir” 

Ukraynada həyata keçirdiyi işğal siyasətinə görə dünya birliyindən təcrid olunan Rusiya müttəfiqlərini ətrafına toplayaraq bir daha böyük güc olduğunu nümayiş etdirməkdədir. Aprelin 4-də Moskvada MDB xarici İşlər Nazirləri Şurasının iclası da daha çox buna hesablanmış bir addımdır. Tədbirdə Azərbaycan xarici işlər nazirinin iştirakı isə rəsmi Bakının Ukrayna məsələsində beynəlxalq qurumlarda tutduğu mövqeyə zidd sayıla bilər. Bu onu göstərir ki, Avropa Şurasının sessiyası ərəfəsində Azərbaycan Rusiyanın təzyiqi ilə fərqli mövqe nümayiş etdirə bilər. Əraziləri işğal altında olan Azərbaycanın işğalçı dövlətlə bir tədbirə qatılması və Ukraynanın haqlı mövqeyinə dəstək nümayiş etdirməməsi normal addım kimi qiymətləndirilə bilməz. 

“Azadlıq”ın ekspertlərinə görə, bu onu göstərir ki, Azərbaycan hökuməti beynəlxalq birliklə münasibətlərini dəqiqləşdirə bilmir. Əslində Ukraynada baş verənlər artıq geosiyasətdə balanslı addımların fayda vermədiyini, əksinə, dövlətlər üçün təhlükəli vəziyyət yaratdığını ortaya qoydu. G8-dən çıxarılan Rusiyanın Azərbaycanla düşmən mövqedə olan Ermənistanla hərbi-strateji münasibətlərini davam etdirdiyi halda rəsmi Bakının həm BMT-də Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi, həm də Rusiyanın konyunkturasına daxil olan və beynəlxalq güc mərkəzi kimi görünən MDB çərçivəsində toplantılarda iştirakı strateji cəhətdən təhlükəli, hazırkı vəziyyət baxımındansa anlaşılmazdır. Rusiyanı izolyasiyada saxlamaq istəyən Qərb cəbhəsi ilə əks mövqedə durmaq Azərbaycan üçün yaxşı heç nə vəd etməz. Bu, iqtisadi baxımdan ziyanlı, təhlükəsizlik baxımından isə risklidir. Azərbaycanın mühüm enerji layihələri Qərblə bağlıdır və Ermənistanı dəstəkləyən Rusiya ilə münasibətdə yeganə alternativ təhlükəsizlik çətiri NATO-dur. 

Ekspertlərin fikrincə, rəsmi Bakının eyni vaxtda həm Rusiyanı, həm də Qərbi qəzəbləndirməklə nə qazanacağı məlum deyil. Bu ziddiyyətli mövqe həm diplomatik əlaqələri, həm də iqtisadi müqavilələri daha da etibarsız müstəviyə çəkir. Beləliklə, Azərbaycan hökuməti növbəti dəfə daxili siyasətin girovuna çevrilməkdədir. Çünki demokratiya və insan haqları sahəsində vəziyyət pis olduğundan və hökumətin bu istiqamətdə islahatlar aparmaq fikri olmadığından Qərblə yaxınlaşmaq çətinləşir. Rusiya isə bu mənada hakimiyyətdə müəyyən qrupun dar maraqları baxımından cazibəsini qoruyub saxlayır. 

Fizzə