Qərb-Rusiya qarşıdurması hansı tərəfi çökdürəcək?

Natiq Cəfərli: «Getdikcə Rusiyanın Avropa Birliyindən asılılığı artacaq»

Qərbin sanksiyaları ilə üzləşən Rusiya artıq bu səbəbdən iqtisadi problemlər yaşamaqdadır. Hətta Rusiyadan qaz asılılığı olan Avropa ölkələri alternativ variantlar axtarışında olduğunu bəyan ediblər. Böyük ehtmialla yaxın dövrlərdə Avropa Birliyi ölkələri Rusiyadan enerji asılılığını minimuma endirmək üçün səylərini bir qədər də artıracaqlar. 

Artıq xarici mətbuat, o cümlədən yerli ekspertlər yaxın bir ildə Rusiyanın Avropadan asılı olacağını deyir.

İqtisadçı-ekspert Natiq Cəfərli Rusiya ilə Avropa Birliyinin asılılığının qarşılıqlı olduğunu deyir. Rusiyanın qaz ixracının böyük hissəsi, təxminən 80%-dən çoxu, ildə 140 mlrd kub metr qaz Avropa Birliyinə ixrac edilir. Bu da Rusiya büdcəsinə ildə 50 mlrd dollar gəlir gətirirdi. Rusiya büdcəsinin böyük bir hissəsi, təqribən 25 faizdən çoxu qaz gəlirlərindən asılıdır. Bu da asılılığının qarşılıqlı olmasının sübutdur. 

Ekspertin sözlərinə görə, Avropa Birliyi getdikcə Rusiyadan enerji asılılığını azaldacaq. 2015-ci ildən ABŞ-dan Avropaya sıxılmış qaz ixrac ediləcək. Bu asılılıq azaldıqca Rusiyanın gəlirləri də azalacaq. Bu da şimal qonşumuz üçün ən böyük problemlərdən biri olacaq: «Digər problem isə odur ki, Rusiya iqtisadiyyatı son dövrlər Avropa ölkələrindən borc asılılığına düşmüşdü. İri kommersiya şirkətləri Avropa banklarından aşağı faizlə borc alırdı. Bunun nəticəsində öz istehsallarını, bizneslərini inkişaf etdirirdilər və Rusiya büdcəsinə ödədikləri vergilərin həcmi artırdı. Sanksiyalar nəticəsində bu borclanma limiti minimuma endirilib. Bundan sonra da tamamilə kəsilməsi gündəmdədir. Bundan əlavə, iri Avropa fondlarının Rusiya iqtisadiyyatında milyardlarla yatırımları var idi. Artıq bu ilin üç ayı ərzində 70 mlrd dollara yaxın pul Rusiyadan çıxarılıb. İlin sonuna bu rəqəm 100 mlrd dolları keçəcək. Bu qarşılıqlı asılılığın daha bir nəticəsidir».

Ekspertə görə, bütün bunlar göstərir ki, yaxın bir il ərzində bu sanksiyalar artan xətlə davam etsə, doğrudan da gələn ilin əvvəlində artıq Rusiyanın Avropa Birliyindən, o cümlədən Qərb dünyasından asılılığı artacaq. Həm də enerji ixracağında olan problemlər bu asılılığı daha ciddi formaya gətirib çıxaracaq. Rusiya isə alternativ bazarlar axtarmaq məcburiyyətində qalacaq: «Daha ciddi bazar Çin bazarıdır. Amma infrastrukturu tamamilə Çinə yönəltmək, Avropaya satılan enerji daşıyıcılarının həcmi qədər Çinə enerji daşıyıcıları satmaq üçün ən azı bir neçə il və 10 milyardlarla dollar vəsait lazımdır ki, o infrastruktur qurulsun. Düşünmürəm ki, Rusiya yaxın vaxtlarda bu məsələləri həll edə bilsin. Ona görə də çox güman ki, bu sanksiyalar gücləndikcə asılılıq qarşılıqlı olduğundan Rusiyanın iqtisadi problemləri hər ay artan xətlə davam edəcək».

Fizzə